Müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün – 3 sentyabr 1991-ci il
1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin sessiyalarının keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da O, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 5 gün davam etdi. Sessiyada ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyasında “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlar idi.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. …Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Lider düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirildi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən Sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.
Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti nəinki muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi. Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Ona görə də görkəmli dövlət xadimi Heydər Əliyevin istər Ali Məclisin Sədri olduğu, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb.

