Əsas səhifə 

Prezidentin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri çox qısa zamanda reallığa çevrilir

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfərləri Zəfər tariximizi yenidən mühüm hadisələrlə zənginləşdirdi. Belə ki, Şuşanın baş planının təqdim edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, “Qarabağ” hotelinin istifadəyə verilməsi, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların tərkib hissələridir. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası isə mühüm mədəni, ictimai-siyasi hadisə olmaqla düşmənə və onun havadarlarına növbəti mesaj oldu.

Bərpasına 2021-ci il yanvarın 14-dən,  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən sonra Şuşaya ilk səfərindən  başlanan  işlərin miqyasının böyüklüyü qürur doğurmaqla yanaşı, Böyük Qayıdışın tezliklə reallaşacağının təsdiqidir. Dövlət başçısının Şuşaya ilk səfəri zamanı Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının da təməli qoyulmuşdu. Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli hava limanının iqtisadi və strateji əhəmiyyəti hazırda geniş təhlil olunmaqdadır. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə də tanış oldu. Ümumilikdə icrası başa çatmaqda olan, yaxud təməli qoyulan hər bir layihədə məqsəd işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini, bunun fonunda isə Böyük Qayıdışı  sürətləndirməkdir.

Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bu fikri böyük inamla vurğulamışdır ki, Azərbaycan ədaləti bərpa etdi. Vətən  müharibəsi tariximizdə əbədi yaşayacaq. Bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazandıq. 6 şəhərin, 5 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycanın müstəqillik, qəhrəmanlıq salnaməsinə yazılan zəfər səhifələridir. 44 günlük İkinci Qarabağ savaşında  qalib gələn Azərbaycan Ordusu yazdığı yeni tarixlə, eyni zamanda, ədalətin, beynəlxalq hüququn yoxluğu barədə düşüncələri dəyişdi. Sübut olundu ki, bu məfhumlar var və onların tətbiqi üçün fədakarlıq göstərmək, dünyanın ikili standartlara əsaslanan siyasətinin qarşısına həqiqətləri qoymaq, diplomatik mübarizədə üstünlüyü qazanmaq, ədalətə söykənən mövqedən bir addım da belə geri çəkilməmək lazımdır. Azərbaycan 30 ilə yaxın dövrdə dəyişməz mövqeyini Vətən müharibəsində bir daha nümayiş etdirdi, dünya xalqımızın nə qədər məğrur, yenilməz xalq oldmasının şahidi oldu.

İşğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərində qədim şəhərin  əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də hər vədini konkret əməli ilə təsdiqləyir. Mədəniyyət paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin yaradılmasının təsdiqi kimi,  Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq Şuşada fəaliyyətə başlaması, Ağdamdan sonra  Şuşanın baş planının təqdim olunması, yeni yaşayış kompleksinin təməl daşının qoyulması, Zəfər yolunun çəkilişi və sair kimi biri-birindən əhəmiyyətli addımlar Qarabağın tacının önəmini  açıqlayır. Bütün bunlar Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərin çox qısa bir zamanda reallaşacağını sübut edir.

Daha çox xəbərlər