Gündəm 

Qalib Azərbaycan regiondakı geosiyasi vəziyyətə tam nəzarət edir

Azərbaycan Ordusunun 44 günlük tarixi Qələbəsindən sonra regionda  ciddi proseslər baş verir. Həmin proseslərin önündə isə qüdrətli və qalib Azərbaycan dövləti və  Müzəffər Ali Baş Komandanımız yer alır. Bəli, bu gün regionda davamlı sülh, möhkəm sabitlik üçün yeni imkanlar yaranıb. Xüsusilə perspektivdəki Zəngəzur dəhlizinin açılması məsələsi və bundan sonra yeni nəqliyyat -kommunikasiya xətlərinin  yaradılacağı halda qarşılıqlı ticarət imkanlarından faydalanmaq bütün tərəflərə ilk növbədə iqtisadi dvidendlər vəd edir.

Hətta bu müsbət dinamikada Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. O halda ki,  2020-ci ilin 10 noyabr Bəyanatında  üzərinə düşən öhdəlikləri  yerinə yetirsin. Bu durumu elə erməni xalqı da müsbət qarşılayır. Ona görə də ölkədə bir neçə ay əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi «Vətəndaş müqaviləsi» partiyası səslərin çoxunu qazandı. Yəni erməni xalqı onu rəzil gününə qoyan şər qüvvələr arasından nisbətən «yaxşısını» seçdi.

Səbəblər də bəllidir: Paşinyanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra verdiyi açıqlamalar ölkə əhalisinin mütləq əksəriyyətinin razılığına səbəb olurdu. Belə ki, Paşinyan xalqa müraciətlərində yeni reallıqlarla barışmağa məcbur olduqlarını söyləyirdi. O anlatmağa çalışırdı ki, ölkənin düşdüyü bu ağır durumdan qurtuluşun yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Yəni, regiondakı kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır.

Erməni şovinistlərindən fərqli olaraq erməni xalqının mütləq çoxluğu  Azərbaycanın şərtlərinin qəbul edilməsinin tərəfdarıdır. Əslində, siyasi vəziyyətin mürəkkəbliyini  az-çox anlayan erməni ziyalıları da  dərk edirlər ki, əgər hakimiyyət  2020-ci ilin 10 noyabr Bəyanatındakı şərtlərin yerinə yetirilməsindən imtina edərsə, Ermənistan növbəti tarixi şansı itirməklə gələcəkdə reallaşa biləcək layihələr yenə də bu ölkədən yan keçəcək. Bu isə iflas həddində olan  ölkə üçün daha da böyük problemlər yaradacaq.

Bu gün artıq Dağlıq Qarabağ münaqişəsi deyilən bir anlayış yoxdur. Müharibədən sonra Ermənistanın məğlubiyyətini həzm edə bilməyən bəzi dövlətlərin, siyasi mərkəzlərin fikirləri, mövqeləri isə bizim üçün əhəmiyyətsizdir.  Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı dediyi kimi: «İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr,  bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir».

Tarixi Qələbəmizdən sonra Azərbaycanın geosiyasi nüfuzu da əhəmiyyətli şəkildə artıb. Bəli, bu, sadə həqiqətdir ki,dünya həmişə güclülərin yanındadır. Güclü dövlətin sözünün çəkisi də həmişə kəsərli olur. Əgər son 29 ildə Ermənistan BMT-nin məlum dörd qətnaməsinə  əməl etmirdisə və ATƏT-in Minsk qrupu münaqişəyə ikili standartlarla yanaşırdısa 44 günlük möhtəşəm Zəfərimizdən sonra artıq qüdrətli Azərbaycanın həmin təşkilatların sabun köpüyü olan qərar və qətnamələrinə ehtiyacı qalmadı. Çünki bölgədə tarixi qərarları və qətnamələri yazan və reallaşdıran qüdrətli Azərbaycan Ordusu oldu.  İndi Azərbaycan dövləti dünyanın hər yerindən görünən möhtəşəm güc və qüdrətdir.

Bu gün ölkəmizlə daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı da durmadan artır. Bu önəmli faktı Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, son illər ərzində bizim dostlarımızın sayı durmadan artır. Əvəzində Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətə  düşüb. Bir sözlə, İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu ciddi şəkildə möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir.

Eyni zamanda, Prezident İlham Əliyev çıxışınnda və müsahibələrində  yaranmış reallıqları dəyərləndirməklə regionun gələcək inkişafı üçün real imkanların mövcudluğunu göstərir və qeyd edir ki, bu durum ilk növbədə bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.

Daha çox xəbərlər