“Azmonbat” MMC qeyri-neft sektorunun inkişafı üçün nələr vəd edir?
İqtisadçı ekspert: 17-ci rezidentin fəaliyyət dövrünün başlaması xüsusi önəmə malikdir
Artıq Azərbaycanda sənayeləşmə özünün yüksək inkişaf mərhələsinə çatmaqdadır. Xüsusilə də son illər ölkəmizdə yaradılan sənaye park və məhəllələri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin sentyabrın 3-də açılış mərasimində iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də ölkənin iqtisadi inkişafına mühüm təsir göstərəcək. Bu müəssisə respublikamızda istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Müəssisə Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.
“Azmonbat” MMC-nin açılışında bildirilib ki, Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

İqtisadçı ekspert Fuad İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd edib ki, Sumqayıt Kimya Sənaye parkında 17-ci rezidentin fəaliyyət dövrünün başlaması böyük göstəricidir. Çünki hər bir rezident qeyri-neft sektoruna verilən yeni töhfədir: “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Nəzərə almaq lazımdır ki, təhlükəli tullantıların idarəolunması, emal edilməsi dünyada ən mürəkkəb proseslərdən biridir. Çünki bu, kifayət qədər vəsait və ərazilər tələb edir. Bu baxımdan belə bir müasir dövrün tələbinə uyğun müəssisənin yaradılması xüsusi önəmə malikdir. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. Yüz nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə də ixrac ediləcək”.
İqtisadçı ekspert vurğulayıb ki, “Azmonbat” ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir: “Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir. “Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib”.
Həmsöhbətimizin sözlərinə görə, bu kimi müəssisələr həm də Azərbaycanda istehsal olunan digər məhsulların tamamilə idxal amilindən azad olunmasına hesablanmışdır: “Bu gün Azərbaycanda mineral su, şüşə taranları istehsalı kimi amillər Azərbaycandan valyuta axınının qarşısını alır. Bu isə makroiqtisadi dayanıqlığımızın möhkəmlənməsinə şərait yaradır”.

