“Hissə-hissə bütün ağdamlıların Ağdama səfərini təşkil etmək lazımdır”
Doğma yurdlarına səfər edən Ağdam və Şuşa sakinlərinin sevinci; Ələsgər Süleymanov: “Hətta unutduğum bir çox qonşuların adları belə yadıma düşdü və çox qəribə hisslər keçirdim”
Ötən həftə Ağdam rayonunun bir qrup sakininin Ağdam rayonuna səfəri təşkil olunub. “Yolumuz Ağdama” adlanan səfər Ağdam şəhəri daxil olmaqla, rayonun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib.
Beləliklə, bir qrup Ağdam sakini 27 ildən sonra ilk dəfə olaraq doğma şəhərlərini yenidən görə biliblər…
27 illik işğal dövründə Qarabağın ən qədim və zəngin bölgələri, o cümlədən Ağdam düşmən tərəfindən tamamilə talan edilib, xarabalığa çevirib, bir sözlə, daşı daş üstə qoymayıblar. Ən təhlükəlisi isə düşmən ərazilərdə yüz minlərlə piyada və tank əleyhinə minalar basdırıb. Zəfər əldə etdikdən sonra illərlə vətən həsrətində olan insanlar icazəsiz şəkildə ərazilərə keçməyə cəhd edirdi, nəticədə onlarla faciəli hadisələr baş verdi. Azərbaycan hökuməti artıq ərazilərdə, o cümlədən Ağdamda xeyli təhlükəsizlik tədbirlərini görüb, quruculuq işləri aparır və zamanı gəldikcə sakinlərin bölgəyə səfərini təşkil edir.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru, əslən ağdamlı olan Ələsgər Süleymanov da sonuncu səfərdə iştirak edib. O, bunun Ağdama üçüncü səfəri olduğunu, budəfəki səfəri zamanı Ağdamda gördüyü quruculuq işlərindən, nəhayət ki, öz ata-baba yurdu olan kəndlərinə getməsindən, öz evlərinin yerini tapmasından necə böyük sevinc hissləri yaşamasından danışıb:
“Ağdam işğaldan azad olunduqdan sonra ora 3-cü səfərim idi. İlk dəfə olaraq bu ilin yanvar ayının 20-də, daha sonra mart ayında getmişdim. ”Yolumuz Ağdama” adlanan bu tədbirin məqsədi bir qrup Ağdam ictimaiyyəti nümayəndələrinin səfərini təşkil etmək idi və biz də bu münasibətlə orada idik.

Budəfəki səfər mənim üçün daha fərqli və özəl oldu. Çünki bundan öncəki səfərlərim zamanı doğma kəndimiz olan Xıdırlı kəndinə gedə bilməmişdim. Amma bu dəfə kəndimizi görmək mənə qismət oldu və dağıdılmış da olsa evimizi, həyətimizi tapa bildim. Müşahidə etdim ki, vaxtilə evimizin ətrafında yaşamış yaxın qohumlarımızın, qonşularımızın hamısının evlərinin qalıqları var. Yəni qalıqlardan evlərin kimə məxsus olduğunu müəyyən etmək olur. 28 il müddətində yaddaşımdan bir çox xatirələr, izlər silinmişdi. Amma orada olduğum müddətdə evlərin qalıqlarını gördükcə bütün xatirələrim, yaddaşım canlanmağa başladı. Hətta unutduğum bir çox qonşuların adları belə yadıma düşdü və çox qəribə hisslər keçirdim…
Hesab edirəm ki, hissə-hissə bütün ağdamlıların Ağdama səfərini təşkil etmək lazımdır. Çünki bir azdan dağıntılar yığışdırılacaq, köhnə Ağdamdan heç bir əsər-əlamət qalmayacaq. İndi heç olmasa qalıqlarla da olsa insanlar öz küçələrini, yaşadıqları evləri tapıb, xatirələrini, izlərini tapa bilir, yaddaşlarını təzələyirlər. Bu onlar üçün çox mühümdür.
“Şuşadan böyük həsrət, nisgil və kədərlə ayrılmışdım, indi isə şəhərə qalib kimi gəlmişdik” |
Budəfəki səfərimin məqsədlərindən biri həm qohum, həm də qonşumuz olan Milli Qəhrəman Hidayət Rüstəmovun xatirə lövhəsini evlərinin önündə ucaltmaq idi və bu istəyimi yerinə yetirdim. Qeyd edim ki, Hidayət Rüstəmov Şuşanın Meşəli kəndində qəhrəmancasına həlak olub.
Sonuncu səfərimdən bura Ağdamda çox qısa müddətdə xeyli işlərin görüldüyünün şahidi oldum.
İlk olaraq Bərdədən Ağdama gedən yol yenidən qurulub, geniş, çoxzolaqlı yolun təməli qoyulub. Bərdədən Ağdama qədər təxminən 40-45 km yolun bünövrəsi artıq hazırdır. Bu böyük bir işdir. Yol boyu xeyli keçidlər, körpülər inşa olunur.
Bundan başqa, Ağdamda bir elektrik yarımstansiyanın istifadəsinə hazırlıq işlər aparıldığını gördüm. Prezidentin xüsusi nümayəndəsi öz açıqlamasında bildirdi ki, Ağdama tezliklə elektrik enerjisi veriləcək. Şəhərin mərkəzi hissəsində dağıntıların təmizlənməsi, hamarlama, düzləmə proses gedir. Hansı ki, bu çox vaxt tələb edən məsələdir. Onu da qeyd edim ki, ərazinin həm minalardan, həm də dağıntılardan təmizlənmə prosesi eyni vaxtda gedir, təbii ki, bu da çox vaxt aparır.
Ağdamda olarkən Ağdamın Baş Planına nəzər yetirdik. Qeyd edim ki, çox böyük işlərin görülməsi nəzərdə tutulub. Bunun üçün də həm böyük vəsait, həm də xeyli sayda işçi qüvvəsi lazım olacaq.
Beləliklə, ümumilikdə səfər çoxşaxəli oldu. Bu cür səfərlərin təşkil olunması çox gözəldir. Səfəri təşkil edən hər kəsə şəxsən öz adımdan təşəkkürümü bildirirəm.
Arzu edirəm ki, bu səfər bütün Ağdama getmək istəyənlərə qismət olsun”.
Ağdama səfər etmiş sakin Bəsirə Abbasovanın “Yeni Müsavat”a dedikləri:
“Mən Ağdamın Əli Bayramov küçəsində doğulub, boya-başa çatmışam. Doğulduğum küçəni illərdən sonra görmək mənim üçün böyük xoşbəxtlikdir. Bu sevinci mənə bəxş edən Prezidentimiz İlham Əliyev cənablarına təşəkkür edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Həmin igidlər bizə bu gün Ağdamın havasını udub, suyunu içməyi qismət etdi”.
![]()
Ağdama səfər edən sakinlər arasında tanınmış ağdamlı xanəndə Firuz Səxavət də olub. Xanəndə Ağdam səfərindən olan təəssüratını bu cür bölüşüb:
“Ağdamda olmağımdan böyük qürur hissi keçirdim. İnanıram ki, tezliklə Ağdamda yeni binalar tikiləcək, həyat bərpa olunacaq. Doğma yurdlarımıza geri dönə bildiyimiz üçün şəhidlərimizə, ordumuza, Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Təşəkkür edirik ki, onların sayəsində biz qarabağlılar doğma yurdumuza geri dönə bilirik. Arzu edirəm ki, tezliklə digər işğaldan azad olunmuş bölgələrimizə, o cümlədən Cəbrayıla, Qubadlıya səfərlər təşkil olunsun, nəhayət ki, rahat nəfəs alaq və bir daha müsibətlər yaşamayaq”.

Elçin İskəndərzadə
Ağdamlı professor Elçin İskəndərzadə də yenidən doğma yurdunu gördüyü üçün özünü çox xoşbəxt hiss etdiyini bildirdi:
“Çox xoşbəxtəm. Bir neçə aydır ki, Ağdam işğaldan azad olunub və yenidən bizimdir. Ağdama ilk gəlişimdir. Doğma yurduma gələn kimi zamanında qızıl medalla bitirdiyim məktəbi axtardım, lakin tapa bilmədim. Təsəvvür edin, qoyub getdiyimiz Ağdamdan əsər-əlamət qalmayıb, hər yeri dağıdıblar. Ağdamı bu cür görmək çox ağırdır. Yəni doğma yurdumuza gəlişimiz sevindirici olduğu qədər də onu bu vəziyyətdə görmək bizim üçün ağırdır. Bununla belə, Allahın bizə bəxş etdiyi bu xoş günə min şükür!”
Qeyd edək ki, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb. Bu barədə öz “Twitter” hesabında məlumat paylaşan Emin Hüseynov bildirib ki, səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur. “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”, – deyə Prezident köməkçisi qeyd edib.
Təxminən 10 gün əvvəl isə Şuşa sakinlərinin doğma yurdlarına ikinci səfəri təşkil olunmuşdu. Qeyd edək ki, şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutmuş, 50 sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdı. İkinci səfər zamanı isə 52 nəfər şuşalı Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir bəy Hacıbəyov, Xurşidbanu Natəvan, Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, həmçinin öz evlərini ziyarət ediblər.

Bugünlərdə Şuşa səfərindən qayıdan şuşalı Kərim Kərimli səfərlə bağlı təəssüratlarını “Yeni Müsavat”a bölüşüb:
“1992-ci ilin may ayında Şuşa şəhəri işğal olunanda onu sonuncu tərk edənlərdən biri də mən olmuşam. Həmin vaxt hərbiçi kimi Şuşanın müdafiəsində iştirak edirdim. Hərbi formada öz doğma yurdunu tərk etmək çox ağır idi. Lakin 1998-ci ilin avqust ayının 30-da jurnalist qrupu ilə Şuşaya getmişdim. Həmin vaxt cəmi 45 dəqiqə Şuşada olmuşdum. Bugünlərdə isə Şuşada 2 sutka qaldım. Əlbəttə ki, bu səfərlə 23 il əvvəlki səfər arasında böyük fərq var. O zaman böyük həsrət, nisgil və kədərlə şəhərdən ayrılmışdım. İndi isə Şuşa şəhərinə qalib kimi gəlmişdik. Bu hissləri heç bir sözlə ifadə etmək mümkün deyil. Bu böyük bir qələbənin nəticəsidir. Şuşa həm coğrafi, həm də mənəvi mənada bir simvol, rəmzdir. Şuşanın işğaldan azad olunması həm də Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində mühüm amildir. Bu çox böyük səadət, xoşbəxtlikdir”.
Qeyd edək ki, yaxın günlərdə daha bir qrup şuşalının Şuşaya səfəri gözlənilir.
Xatırladaq ki, Azərbaycanın qədim, əzəli və mədəniyyət beşiyi olan Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin 8 noyabrında Azərbaycanın Müzəffər Ordusu Şuşa şəhərini qəhrəmanlıqla işğaldan azad edib. Zəfərdən dərhal sonra Şuşada sürətli quruculuq, təmir, abadlaşdırma işləri aparılmağa başlayıb. Qısa müddət ərzində Şuşada möhtəşəm “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri keçirilib, “Qarabağ” hoteli tikilib.
Xalidə GƏRAY,
“Yeni Müsavat”

