İnfeksionist: Epidemik vəziyyət kritik olarsa, peyvənd daha aşağı yaş qruplarına vurula bilər
Ənənəvi təhsilə keçid zamanı 16-18 yaş arası yeniyetmələrin peyvənd olunması məqsədəuyğundur
Təəssüflə qeyd etməliyik ki, COVID-19 infeksiyası ilə əlaqədar vəziyyət gərgindir, ayrı-ayrı ölkələrdə yeni antirekordlar qeydə alınır. Qonşu respublikalarda olduğu kimi, bizim ölkədə də virusun yeni ştammlarının yayılması, karantin məhdudiyyətlərinin yumşaldılması koronavirusa yoluxma və paralel olaraq da ölüm hallarının artmasına zəmin yaradıb.
Bu qədər təhlükəli COVID–19-a qarşı təsirli dərman vasitəsi hələ də icad olunmayıb. Belə bir şəraitdə koronavirusa qarşı mübarizənin ən təsirli metodu məhz kütləvi vaksinasiyadır. Vaksin olunmuş şəxslərdə həmin infeksiyaya qarşı həssaslıq müəyyən qədər itir. Əgər peyvənd olunanlar virusla təmasda olarlarsa, ya yoluxmurlar, ya da yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər. Statistikaya görə, peyvənd olunanlar arasında ağırlaşma hallarının və ölümlərin sayı çox azdır. Buna görə də vaksinasiya ən effektiv yoldur. Peyvənd olunanlar arasında ölüm halları az müşahidə olunur. Statistika göstərir ki, bu hal daha çox vaksin olmayan şəxslər arasında qeydə alınır.
Xatırladaq ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19-a qarşı vaksinasiya strategiyaysına uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunub. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Ölkəmizdə ilk tətbiq olunan peyvənd Çin istehsalı olan “Sinovac”dır. Bunun yan təsirləri nisbətən azdır. Bu peyvəndi hər kəs asanlıqla qəbul edə bilir. Bu vaksindən sonra geniş tətbiq olunan Amerika və Avropa ölkələrinin istehsalı olan “Pfizer” vaksinidir. Ölkəmizdə Rusiya istehsalı olan “Sputnik V” vaksini də istifadə edilir. Bu peyvəndlərin hansından istifadə etmək insanların öz seçimidir.
Mütəxəssislərin sözlərinə görə, peyvəndlənməyə ona görə ilk olaraq yaşı 65-dən yuxarı şəxslərdə başlanıldı ki, onlar xəstəliyinin ağırlaşma ehtimalına görə risk qrupuna daxildirlər. Amma davamlı kollektiv immunitet yaratmaq üçün daha aşağı yaş qruplarının da eyni vaxtda vaksinlənməsi zəruridir ki, kollektiv immunitet yaransın və yoluxma zənciri qırılsın. Bu səbəbdən də vaksin istehsalçısının icazə verdiyi yaş qrupuna daxil olan insanların peyvəndlənmə prosesində iştirak etməsi olduqca zəruridir. Epidemioloji zəncirin qırılması üçün əhalinin müəyyən hissəsinin tam vaksinləşməsi lazımdır. Virusun yeni “ştamm”larını da nəzərə alsaq, peyvəndlənmə əhalinin təxminən 70-80 faizini əhatə etməli, xəstəliyə qarşı kütləvi immunitet formalaşmalıdır.
Bu baxımdan, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq bir sıra qırarlar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Sözügedən şəxslər “https://randevu.its.gov.az/” saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hal xaricdə təhsil alanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərə aiddir. Həmçinin qeyd olunub ki, sözügedən mRNT Pfizer (“Comirnaty”) vaksini indiyə qədər tətbiq olunan vaksindir.
Təəssüf ki, vaksinasiya prosesinin əvvəlində əhali arasında müxtəlif mənfi reaksiyalar var idi. İnsanlar bəzən vaksinin yan təsiri olacağından ehtiyat edib peyvənd vurdurmaqdan çəkinirlər. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə milyonlarla insan həmin peyvəndi vurdurub və indiyədək onların arasında ciddi fəsadlaşma halı qeydə alınmayıb. Lakin son vaxtlar peyvənd vurulan məntəqələrə kütləvi axının olması bu münasibətrin yaxşılığa doğru dəyişdiyini, əhali arasında vaksinasiyanın əhəmiyyətini və vacibliyini qiymətləndirənlərin çoxaldığını göstərir. Kütləvi yerlərə COVID-19 pasportu olmayanların buraxılmaması da zərurətdən irəli gələn məsələdir. Çünki həmin məkanlar yoluxmanın yayıldığı əsas yerlər hesab olunur. Həmin məkanlarda bir nəfər xəstə onlarca sakini yoluxdura bilər. Burada yeganə məqsəd yoluxma sayının çoxalmaması və ölüm hallarının olmamasıdır. Bu tədbir vətəndaşları istənilən məkana məhdudiyyətsiz daxil olmağa və əvvəlki həyata qayıtmaq üçün vaksinasiyaya bir növ motivasiya edir.
Uşaqlarımızı qorumaq üçün vaksinasiya doğru seçim ola bilər

Həkim-infeksionist Süleyman Kamilov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, vaksinasiya prosesi illərdi var. Bu gün artıq bəzi infeksion xəstəliklər tarixə qovuşub. Bu da vaksinasiya prosesinin nəticəsində mümkün olub. Statistika da göstərir ki, koronavirus xəstəliyini ağır formada keçirənlərin çoxu vaksinasiya prosesində iştirak etməyənlərdir.
İnfeksionistin sözlərinə görə, hazırda COVID-19-a qarşı vaksinasiya ilə bağlı ölkəmizdə prosesler surətlə davam edir. Vaksinasiya olunmaq üçün yeni məntəqələr açılıb, peyvəndlənmə prosesi asanlasdırılıb ki, hər kəs rahatlıqla vaksinasiyada iştirak etsin.
Mütəxəssis qeyd etdi ki, statistik rəqəmlər və yoluxma sayının çox olması, bir çox insanın hələ də vaksinasiya prosesində iştirak etməməsi ilə əlaqəli ola bilər.
S.Kamilov vurğuladı ki, elmi tədqiqat institutlarının araşdırmalarına əsasən, “Pfizer” vaksini uşaqlara da vurula bilər: “Hələlik uşaqların peyvəndlənməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəsmi tövsiyəsi yoxdur. Dördüncü faza vaksin üzərində araşdırmalar yekunlaşdıqdan sonra uşaqların peyvənd olunub-olunmaması barədə məlumat hazırlanacaq. “Pfizer” vaksininin 12 yaşdan yuxarı, xüsusən risk qrupunda olan uşaqlara vurulması tövsiyə olunur. Amma buna baxmayaraq genişmiqyasli araşdırma aparılmayıb. Uzun illərdir ki, uşaqlara qızılcaya, məxmərəyə qarşı peyvəndlər vurulur. Koronavirus pandemiyasının tüğyan etdiyi belə bir kritik dönəmdə uşaqlarımızı qorumaq üçün vaksinasiya doğru seçim ola bilər. Qeyd edim ki, “Pfizer-BionTech” vaksininin ABŞ Qida va Farmokoji Agentliyi tərəfindən təsdiqlənməsi ilə bağlı məqalələr var.”
Payızda pandemiyanın alovlanmasının qarşısını almaq üçün…

Həkim infeksionist Mərdan Əliyev isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, indiyə qədər ölkədə COVID-19 əleyhinə vurulan vaksinlərin ümumi sayı 7 milyonu ötüb. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyondan çoxdur. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyona çatır. Payız-qış fəslinə qədər vaksin olunanların sayı 60 faizi ötərsə, bu, ən azından payızda pandemiyanın alovlanmasının qarşısını alacaq. Bununla yanaşı, hər kəs fərdi şəkildə əks-epidemik profilaktika qaydalarına əməl etməlidir ki, yoluxma sayı artmasın.
Mütəxəssis əlavə etdi ki, bu ay məktəblərdə ənənəvi təhsil bərpa olunacaq. Ənənəvi təhsilə keçid zamanı 16-18 yaş arası yeniyetmələrin peyvənd olunması məqsədəuyğundur. Çünki virusun yeni “ştamm”ı ilə əlaqədar yeniyetmələr də xəstəliyə yoluxurlar. Çox ağır keçirməsələr də onlarda xəstəlik simptomları kifayət qədər olur. Araşdırmalar göstərir ki, “Pfizer” peyvəndi vurulması daha təhlükəsizdir. Bu vaksinin yan təsirləri yeniyetmələrdə yaşlı insanlarla müqayisədə daha az olacaq. Çünki yeniyetmələrdə yanaşı xəstəliklər olmur deyə, peyvəndlərin yan təsirləri onlarda daha az olacağı düşünülür. Bundan başqa, 16-18 yaşlı yeniyetmələrin peyvəndlənməsi yoluxma sayının azalmasına təsir edəcək. Çünki onlar əhalinin aktiv qrupuna daxildir.
Həmsöhbətimizin sözlərinə görə, peyvəndlənmə yaşının daha aşağı enməsi təcrübəsindən artıq digər ölkələrdə istifadə olunub. Əgər yoluxma sayında azalma olmasa, epidemik vəziyyət kritik olarsa yəqin ki, peyvənd daha da aşağı yaş qruplarına vurula bilər.
Müsahibimiz vurğuladı ki, hər iki dozanı qəbulundan 6 ay keçən şəxslər üçüncü doza vaksin oluna bilərlər. Amma peyvənd məntəqələrini yükləməmək üçün üçüncü dozanın mərhələli şəkildə ilk olaraq aktiv əhali qrupuna və 65 yaşdan yuxarı əhali qrupuna vurulması daha yaxşı olar: “İkinci dozanın qəbulundan 6 ay keçdikdən sonra antitellər tamamilə azalır. Ona görə də üçüncü yəni, gücləndirilmiş dozanın qəbulu zəruridir. Peyvənd üçüncü dozadan sonra maksimal qorunma qabiliyyətinə malik olur.

