Erməni vəhşiliyi sərhəd tanımır
İşğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici ölkələrin jurnalistləri belə deyirlər
Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Rikardo Sançes işğaldan azad edilmiş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb. R. Sançes “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında dərc olunan məqaləsində uzun illər Ermənistanın işğalı altında olmuş və Azərbaycan Ordusu tərəfindən azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam və Şuşa şəhərlərinə perulu jurnalistlərin ilk dəfə səfər etdiklərini bildirib.
R.Sançes Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşaya səfər edərək, 30 ilə yaxın işğalda qalan Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin, kütləvi dağıntıların və talanların şahidi olduğunu, xüsusilə Cəbrayıl və Ağdam şəhərlərinin erməni vandalizminə məruz qaldığını, oradakı yaşayış infrastrukturu, tarixi və mədəniyyət abidələrinin tamamilə məhv edildiyini diqqətə çatdırır. Müəllif Cəbrayıl şəhərində olarkən hər yerdə yalnız dağılmış evlər gördüklərini və qəbiristanlıqların talan edildiyini qeyd edərək, bu mənzərələrdən dəhşətə gəldiyini vurğulayır. O, bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərində şahid olduğu erməni vandalizmindən bəhs edərək işğal olunmuş ərazilərdə qədim məscidlərin, sarayların, tarixi memarlıq abidələrinin, mədəniyyət incilərinin və dini ibadət yerlərinin ermənilər tərəfindən dağıdılaraq yağmalanmaya məruz qaldığını bildirir.
Müəllif Gəncəyə səfərindən bəhs edərək 44 günlük müharibə zamanı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətlərin şahidi olduğunu yazır. O, Ermənistan tərəfindən döyüş əməliyyatları zonasından xeyli uzaqda yerləşən şəhəri ballistik raketlərlə atəşə tutulması nəticəsində 26 mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğunu və yüzlərlə insanın yaralandığını oxucuların diqqətinə çatdırır. Qeyd olunur ki, ermənilər bu kimi hərəkətləri ilə insanlar arasında qorxu yaratmaq, mənəvi ruhu pozmaq, Azərbaycan xalqının əzmini sındırmaq istəsələr də buna nail ola bilməyiblər və tam əks reaksiya ilə üzləşiblər.
Şuşa şəhərinin Azərbaycan üçün geosiyasi, tarixi, mədəni və hərbi-strateji vacibliyini açıqlayan jurnalist olduqca mürəkkəb xüsusi əməliyyat nəticəsində şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna simvolik əhəmiyyətə malik olduğunu qeyd edir. Jurnalist, 30 il əvvəl öz yurdlarından qovulan vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün yerlə yeksan edilmiş bu ərazilərdə ölkə Prezidentinin rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verir.Təəssüflə yazır ki, Ermənistan silahlı qüvvələrinin uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə mina yerləşdirməsi faktı bərpa işlərini mürəkkəbləşdirir. Ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanata baxmayaraq, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış sahələrin xəritələrini verməkdən imtina etdiyini qeyd edən jurnalist Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, bu ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə çəkə biləcəyini bildirir.

Müəllif yazısında səfər zamanı azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü, onların erməni təcavüzü nəticəsində doğma evlərini tərk etmək məcburiyyətində qaldıqlarını, çəkdikləri əzab və ağrılardan bəhs etdiklərini, lakin buna baxmayaraq tezliklə öz doğma yurdlarına qayıdacaqları anı səbirsizliklə gözlədiklərini qeyd edir.
Göründüyü kimi, xarici jurnalistlərin eləcə də, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndələrin mütəmadi işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərləri mühüm əhəmiyyət kəsb edir.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, erməni vandalizminin hansı formada təzahür etməsini əyani şəkildə bu səfərlərdə göstərmək mümkün olur: “Çünki Azərbaycanın tarixi torpaqlarına 30 ilə yaxın müddətdə davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində şəhər və kəndlərimiz tamamilə dağıdılıb, xalqımıza məxsus daşınmaz tarix və mədəniyyət abidələri yerlə bir edilib, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Düşmən məscidlərin içərisində donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətini ortaya qoyub. Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə qarşı vəhşi əməlləri Dağlıq Qarabağ və ətraf rayonların demək olar ki, hər qarışında nəzərə çarpır. Qarabağda bütün dağıntılar məqsədli şəkildə edilib. Belə ki, erməni vandalları tərəfindən Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi miraslar viran qoyulmaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədi güdülüb. Bu torpaqlarda bütün milli izlərimizin silinməsinə çalışılıb”.
Politoloq qeyd edib ki, erməni vandalizmindən fərqli olaraq Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra bu bölgənin yeni inkişaf dövrü başlayıb: “Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişafının təmin olunması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Bu aspektdən işğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə aparılan yenidənqurma işlərinin, həyata keçirilən geniş infrasturktur layihələrinin xarici jurnalistlər tərəfindən müxtəlif KİV-lərdə işıqlandırılması mühüm əhəmiyyət kəsb edir. Bütün dünyaya sübut olunur ki, Azərbaycan öz tarixi torpaqlarına hansı qayğı və diqqətlə yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərimizə xarici jurnalistlərin səfərləri mütəmadi təşkil olunmalıdır ki, Böyük Qayıdışa hədəflənən bütün istiqamətlər xarici KİV-lərdə də öz əksini tapsın”.

