Siyasət 

Düşmən piyadalar əleyhinə fuqas minalardan daha çox istifadə edib- Elnur Qasımov

Müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb.

Mövzunun aktuallığını nəzərə alaraq bütün bunlarla bağlı suallarımızı ANAMA-nın Monitorinq və keyfiyyətə nəzarət şöbəsinin müdiri Elnur Qasımova ünvanladıq.

– Artıq 10 aydır ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün gərəkli tədbirlər həyata keçirilir, lazımi işlər görülür. Hazırkı dövrədək neçə hektar ərazi minalardan təmizlənib?

-2020-ci ilin noyabr ayından avqustun sonunadək olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatları zamanı piyada əleyhinə 9406, tank əleyhinə 4092 mina və 10 529 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 4 575 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

–  Elnur müəllim, aparılan təhlillər hansı nəticəyə gəlməyə əsas verir: bu minalar son illərdə basdırılıb, yoxsa 30 il əvvəl?

-Aşkar edilməkdə olan minaların istehsal illəri, aşkar edildikləri relyef bu dağıdıcı hərbi sursatların növləri, yerləşdikləri dərinlik müxtəliflikləri, yeni və solmuş rəng çalarları və sair kimi texniki halları işğaldan azad edilmiş ərazilərdə tapılan minaların son 30 il ərzində hər il basdırıldığını və minalı sahələrə texniki qulluq göstərildiyini deməyə əsas verir. Hər hansı səbəbdən partlamış minaların yaratdığı boşluqlar yeni minalarla əvəz edilib. Partlayıcı maneələr sayılan mina sahələrini daha da ölümcül etmək üçün düşmən tərəfindən məsafədən idarə edilən partlayıcı obyektlər basdırılıb.

– Hazırda dünyanın 60-a yaxın ölkəsində on milyonlarla partlamamış minaların qaldığı təxmin edilir. Belə yerlərin əksəriyyətində, silahlı qarşıdurmaların bitməsindən bir neçə il keçməsinə baxmayaraq, hələ də o ərazilərdə piyada əleyhinə minalar yenə də insan tələfatına səbəb olur. Bəs, ermənilər daha çox hansı minalardan istifadə ediblər?

– Yer minaları əsasən 2 qrupa ayrılır: Piyada Əleyhinə (PƏ) və Texnika Əleyhinə (TƏ) minalar. Tank əleyhinə minalar fuqas və kumulyativ minalar qrupuna bölünür. PƏ minalar isə fuqas, qəlpəli, sıçrayan qəlpəli və istiqamətlə qəlpələnən minalara ayrılır. Düşmən bunların bütün növlərindən istifadə edib. Sualınıza cavab olaraq bildirim ki, hazırda əldə olunan faktlara əsasən, düşmən piyadalar əleyhinə fuqas (yəni partlayış dalğalı) minalardan daha çox istifadə edib.

– Hərbi zonaya daxil olmayan ərazilərimizin minalanmasına çoxmu rast gəlinir?

– Bəli, çox rast gəlinir. Minalar keçmiş təmas xəttindən əlavə olaraq düşmənin özlərindən öndə və geridə yerləşən, hətta hərbi zərurət olmayan ərazilərdə də aşkar edilir. Daha dəqiq məlumatları hazırda davam etməkdə olan tədqiqatlar və əməliyyat nəticələrində öyrənəcəyik.

– Elnur müəllim, sözügedən prosesin sürətlənməsi üçün beynəlxalq qurumlarla əməkdaşlıq edilirmi? Bu sahədə xarici təcrübələrdən istifadə olunurmu?

Bəli, Minatəmizləmə Agentliyi beynəlxalq qurumlarla müəyyən olunmuş səviyyədə əməkdaşlıq edir.  Agentliyin heyəti bir çox ölkələrdə təlim kurslarında iştirak edib, həmin təcrübələri tətbiq edib və öz qaydalarını daim təkmiləşdirib. Yeni hallara və icra olunacaq əməliyyatlara öncədən uyğunlaşmaq üçün metodiki inkişaf işləri daim aparılır. ANAMA-nın əməkdaşları Vətən müharibəsindən öncə xarici ölkələrdə humanitar minatəmizləmə əməliyyatlarında təlimatçı, eləcə də əməliyyat rəhbərləri və icraçıları qismində yaxından iştirak ediblər. Qeyd edim ki, həmin təcrübələr də bu gün öz bəhrəsini verir. Dünyada humanitar minatəmizləmə sahəsində çalışan təşkilatları BMT-nin İMAS (Beynəlxalq Mina Fəaliyyət Standartları) standartları birləşdirir. Bu sahədə çalışan heyət mümkün qədər həmin standartlara cavab verməyə çalışır.

– Bildiyimiz kimi, ərazilərimizin minalardan təmizlənməsində xüsusi təlim görmüş itlərin köməyindən də istifadə olunur. Nəticə qənaətbəxşdirmi?

– Bəli, minaaxtaran itlər mexaniki minatəmizləmə maşınlarından fərqli olaraq minatəmizləmə vasitəsi sayılır. Xidməti itlərdən əsasən geniş təhlükəli hesab olunan ərazidə əsl minalı sahəni tapana qədər istifadə olunur. İtlərdən istifadə olunması bu prosesi xeyli surətləndirir. İtlərin üstünlüyü sadəcə partlayıcı qoxusunu hiss etmələri deyil, itlərin özəlliyi həm də onlarla qoxunun arasından partlayıcını seçə bilməsidir.  Biz itlərdən sonra artıq əraziyə tam əminliklə daxil oluruq. İtlər də canlıdır. Minaların aşkarlanması üçün onların sağlam olmaları vacibdir.  Ona görə də itlərin sağlamlığı hər gün yoxlanılır.

– Ərazilərimizin minalardan təmizlənməsində ən əsas üstünlük verilən ərazilərimiz hansılardır?

Hal-hazırda bütün əməliyyatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərinin inkişaf planlarına əsasən həyata keçirilir. Hazırda əsas üstünlük verilən ərazilər infrastrukturun bərpasına xidmət edən ərazilərdir. Bu ərazilər irimiqyaslı bərpa işlərinin təməlini təşkil edir.

Daha çox xəbərlər