Əsas məqsəd Qarabağa Böyük Qayıdışın başlanmasıdır- Partiya sədri
Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri yalnız ölkə deyil, regional, eləcə də beynəlxalq əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərə səfərlər həm onlara dair strateji planlar həm də mədəni-mənəvi məsələlər ilə müəyyən edilir, səfərlərin tarixi, coğrafiyası və əsas konsepsiyası formalaşır. Səfərlər zamanı Azərbaycan torpaqlarının Birinci Qarabağ müharibəsində işğalının səbəbləri, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fəaliyyət, 44 günlük müharibənin başlanması, gedişi, nəticəsi və əhəmiyyəti, xüsusilə Şuşa uğrunda gedən döyüşlər, ermənilərin törətdikləri vandalizm aktlarının dünyaya çatdırılması, dəyən ziyanın müəyyən edilməsi, ermənilərin işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılması, bərpa və yenidənqurma proqramı, sülh müqaviləsi, qayıdış və s. mövzular diqqət mərkəzində olub. Bütün bu müddəaların hər dəfə işğaldan azad edilmiş bu və ya digər rayonlarda səsləndirilməsi Ermənistan və onun havadarlarına dərin mesajlar verir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu səfərlərinin işğaldan azad edilmiş ərazilər üzrə proqramının həyata keçməsinədək davam edəcəyi və yeni mərhələlərə yol açacağı gözləniləndir: “Dövlət başçısının səfərləri zamanı müəyyən iqtisadi layihələrə start verilməsi və ya başa çatdırılmasının qeyd edilməsi üstün yer tutur. Onların içərisində avtomobil və dəmir yollarının çəkilməsi, su elektrik stansiyaları və hava limanlarının tikilməsi və digər mühüm iqtisadi proqramlar üstünlük təşkil edir. Təbii ki, bu tədbirlərin başlıca məqsədi Böyük Qayıdışın başlanması və uğurla həyata keçirilməsi ilə əlaqədardır”.
A.Əlizadə qeyd edib ki, Azərbaycan hər zaman tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olunub: “Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpır. Qəsbkar ordu respublikamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib. Ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntı və vandalizm aktları mahiyyət etibarilə iki cəhəti özündə ehtiva edir. Ermənilər bununla, azərbaycanlıların geriyə dönməsinə mane olmağa çalışırdısa, digər tərəfdən bu torpaqların onlara məxsus olmadığını əyani şəkildə nümayiş etdirirdilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə erməni vəhşiliyinin şahidi olduq. Düşmən şəhər və kəndlərimizi qəsb etməklə kifayətlənməyib, həm də yaşayış sahələrini demək olar ki, yer üzündən silib, maddi mədəniyyət nümunələrini dağıdıb, bir qismini isə erməniləşdirməyə cəhd göstərsə də, buna nail ola bilməyib. Bununla bərabər, yeraltı, yerüstü sərvətlərimizi talayıb aparıb. Dövlətimiz burada da işğalçı ölkə ilə öz arasında olan fərqi ortaya qoydu. Əzəli və əbədi torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan dövləti bu əraizlərdə infrastrukturu yeniləməklə, yeni abadlıq işləri aparmaqla yanaşı, həmin ərazilərin tarixiliyini də özünə qaytarmaqla bağlı çox ciddi addımlar atmaqda davam edir. İşğaldan azad edilmiş şəhərlərimizin baş planlarında tarix və müasirliyin vəhdətinin qorunması xüsusi diqqət çəkir. Biz bunu etməklə göstəririk ki, həmin tarixi abidələrimizi bərpa edir, eyni zamanda, bütün dünyaya bu torpaqların tarixən kimə məxsus olduğunu bir daha sübut edirik”.

