Ərzaq buğdasında Rusiyadan asılılığımız təhlükəlidirmi?
Nazirlik yetkilisi: “Bu gün dünyada cəmi bir neçə dövlət özünü buğda ilə təmin edir…”
Azərbaycanda çörəyin bahalaşması son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda çəkisi azalan, bəzi hallarda qiyməti artan çörəyin bundan sonra da bahalaşması gözlənilir. Çünki dünyada son bir ildə taxıl qıtlığı yaranıb, BMT Ərzaq Fondu yazır ki, keçən ay dünya bazarlarında taxılın qiyməti 9 faizə qədər bahalaşıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə mətbuata açıqlamasında bunu mümkün sayıb: “Bütün dünyada bahalaşma olduğu üçün mümkündür ki, Azərbaycanda da un bahalaşsın”.
Hazırda əsas müzakirə mövzusu odur ki, aqrar ölkə olan Azərbaycan niyə ən strateji məhsul olan ərzaq buğdasına olan tələbatını daxilistehsal hesabına ödəmir, hətta idxaldan asılıdır. Əsas problem isə bu asılılığın ən çox Rusiyanın payına düşməsidir. “Amerikanın Səsi” yazır ki, rəsmi statistikaya görə, Azərbaycan buğdaya olan illik ortalama 3.4 milyon ton ehtiyacının 42 faizini idxal hesabına ödəyir. İdxalın 80 faizdən çox hissəsi Rusiyanın payına düşür. İqtisadçı Qubad İbadoğlu isə deyir ki, idxalda 80 faiz bir ölkədən asılılıq təhlükəlidir. Buğda istehsalı isə ildən-ilə azalan istiqamətdə gedir. 2019-cu ildə bu, illik təqribən 2,1 milyon ton idisə, keçən il bu rəqəm 1.8 milyon tona düşüb.

Firdovsi Fikrətzadə
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Firdovsi Fikrətzadə bildirdi ki, bizim buğda istehsalı üçün resurslarımız, imkanlarımız o qədər də geniş deyil: “Həm də bizdə iqlim şərtləri də o qədər uyğun deyil ki, yüksək məhsuldarlıq əldə edə bilək. Lakin yenə də dövlət dəstəyinin çox hissəsi məhz buğda istehsalçılarının payına düşür. Onun nəticəsidir ki, bizim buğdaya olan tələbatımızın ödənilməsində yerli istehsalın payı 60 faizə çatıb. Hansı ki, əhalinin sayının 4-5 milyon olduğu keçmiş sovetlər dövründə belə buğdaya tələbatın 30-35 faizini respublika özü ödəyirdi. İndi əhali də iki dəfə artıb. Bizim kənd təsərrüfatının digər sahələrində də bu qədər artım var. Onun müqabilində buğda ilə özümüzü təmin etməyimiz də 60 faizə yüksəlib. Bununla yanaşı, biz hər il məhsuldarlıq göstəricisini də yüksəldirik. Bir tərəfdən işğaldan azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına inteqrasiyasından sonra istehsalımız bir qədər artıracaq. Torpaq ehtiyatımız qismən genişlənəcək, həm də məhsuldarlığın artması hesabına tədricən özünütəminat göstəricilərimizi yüksəltməyə doğru gedəcəyik”.
F.Fikrətzadə bildirdi ki, biz ümumi tələbin 80 faizi həcmində yox, sadəcə idxalının 80 faizə qədərini Rusiyadan asılıyıq: “Bizim ümumi idxaldan asılılığımız 40 faizdir, 60 faiz isə yerli istehsal hesabına təmin olunur. Həmin 40 faiz idxalın səksən faizi Rusiyanın payına düşür. Hər hansı bir ölkənin bir kənd təsərrüfatı məhsulunu daha çox istehsal edib, ixrac etməsi, digər bir ölkənin isə resursları azdırsa başqa ölkədən idxal etməsi çox normal bir prosesdir. Bütün dünya üçün belədir. Bu gün dünyada cəmi bir neçə dövlət buğda ilə özünü təmin edir. Bu Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ, Kanada, Avstraliya, Avropadan Fransa, Almaniya, Yaponiya, Bolqarıstan kimi ölkələrdir. Onların torpaq resursları çoxdur və həmin resurslar hesabına dünyanın buğda üzrə ixtisaslaşmış ölkələrinə çeviriblər. Qalan ölkələrdə məsələn, Hollandiyanın özünü buğda ilə təmin etməsi 18 faizdir, İspaniya 40 faiz, İtaliya 54 faiz, Gürcüstan 28 faizdir. Biz təxminən Rusiyadan 200 milyon dollarlıq buğda alırıq və təxminən eyni məbləğdə tərəvəz satırıq. Bu qarşılıqlı ticarətdir”.
Ekspertlər isə hesab edirlər ki, idxalın böyük hissəsinin Rusiyanın payına düşməsinin əsas səbəbi Rusiyanın Azərbaycanla məsafə baxımından daha yaxın olması, eyni zamanda qiymətlərin əlverişli olmasıdır. Həmçinin digər qonşu ölkələrin buğda ixracı sahəsində elə də böyük potensialı yoxdur. Qazaxıstanın elə də böyük buğda ixracı yoxdur. Ukrayna daha baha qiymətə əsasən Avropaya buğda ixrac edir. Bu səbəbdən Rusiya ilə buğda ticarəti bizimçün sərfəlidir. Digər tərəfdən bahalaşmanın əsas səbəbi yerli istehsalın az olması yox, dünya bazarında gedən ümumi bahalaşmadır. Kifayət qədər buğda istehsalımız olsa belə, dünyada buğdanın qiymətinin qalması dolayısı ilə təsirini göstərə bilər.
Digər tərəfdən, bu proseslər fonunda ölkədə taxıl istehsalını sürətləndirmək üçün un istehsalçılarının xərcini azaltmaq məqsədilə dövlət subsidiya ayırdı. İki gün öncə Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik etdi. Məqsəd dünya bazarında buğdanın qiymətinin artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirləri minimumlaşdırmaqdır.

Vüqar Bayramov
Bu barədə şərh yazan deputat, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir ki, sənədə əsasən, istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib: “Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib. Qərara əsasən subsiyadaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçılara ödəniləcək. Məsələn, əgər şərti olaraq orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək. Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq. Ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri isə idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanacaq. Bu qərarda məqsəd un istehsalaçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

