Sosial 

SOSİAL ŞƏBƏKƏLƏR: Toruna düşdüyümüz virtual mühit

Mütəxəssis: Sosial şəbəkələrdən istifadənin nəticəsi, ona ayrılacaq zaman əvvəlcədən müəyyənləşdirildiyi təqdirdə daha müsbət olur

Etiraf edək ki, bir çoxumuz günün müəyyən hissəsini telefonunun mavi ekranındakı möcüzəli, rəngarəng, virtual dünyanı özündə birləşdirən sosial şəbəkələrdə kilidlənir. Bu səbəbdəndir ki, hətta ən səmimi qonaqlıqlarda belə insanlar bir neçə dəqiqədən sonra əlindəki telefonla bir küncdə özünün dünyasına adaptasiya olur. Nəticədə isə səssiz, soyuq və maraqsız mühit yaranır.

Təxminən 10-15 il əvvəl sosial şəbəkələrin həyatımızda bu dərəcə mühüm yer tutacağı deyilsəydi inanmazdıq. Amma bu gün ağlımıza gəlməyən başımıza gəlib. Sosial şəbəkələr, internet, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilir. Hər bir işdə olduğu kimi, sosial şəbəkərin də mənfi və müsbət tərəfləri var. Doğru istifadə etdikdə, faydası çoxdur, əks halda isə…

Bir çox dünya alimləri sosial ünsiyyət portalını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər. Onların fikrincə, belə sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və robot kimi sanki özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır.

Maraqlıdır, görəsən insanların hamısı sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarırlarmı?

Sözügedən məsələ ilə bağlı mütəxəssislərin yanaşmasını və tövsiyələrini təqdim edirik:

Sosial şəbəkələrdən düzgün istifadə ona sərf olunan zamandan başlayır

Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri, sosioloq Ayşəm Balayeva mövzu ilə əlaqədar “İki sahil”ə açıqlamasında bildirdi ki, insanların sosial şəbəkələrdən düzgün istifadəsi subyektiv məsələdir. İnsanlar sosial şəbəkələrdən əsasən dostlarla ünsiyyət, xəbər oxumaq, asudə vaxtını keçirmək məqsədilə istifadə edir: “Sosial şəbəkələrdən istifadənin məqsədi, ona ayrılacaq zaman əvvəlcədən müəyyənləşdirildiyi təqdirdə nəticəsi daha müsbət olur. Bir çox hallarda insanlar sosial şəbəkələrdə şəkil və videolarını paylaşmağa, zamanlarını necə dəyərləndirdiyini dostları ilə bölüşmək üçün istifadə edirlər. Bununla yanaşı, insanlar peşə və kariyera ilə bağlı sosial şəbəkələrə, səhifələrə də maraq göstərsələr balans yaranar. Burada əsas məqsəd yalnız asudə vaxtı keçirmək deyil, həm də özünüinkişaf  olmalıdır.”

Sosial şəbəkələrin fərdlərə hər hansı təsiri birləşərək ümumilikdə cəmiyyətə qarşı yönəlir                      

Sosioloqun sözlərinə görə, hər bir fərd cəmiyyətin üzvüdür və onların istər müsbət, istərsə də mənfi davranışları ətrafındakılara da təsir edəcək. Sosial şəbəkələrin bir cəhəti var ki, insanlar başqalarının etdiklərini təkrarlamağa çalışırlar. Bəzən bu hansısa mövzularda “challange” başlığı ilə yayılır. Əgər bu paylaşılan mövzu mənfi istiqamətlidirsə təbii ki, bunun kütləvi yayılması neqativliklərə gətirib çıxaracaq. Əksinə, əgər burada təbiəti qorumaq, insanlara müəyyən fayda vermək, zorakılığa qarşı mübarizə və digər sosial mövzularda paylaşımlar, “trend”lər olarsa o cəmiyyətə daha çox fayda verər. Digər tərəfdən isə hər hansı bir məsələni ictimailəşdirməkdə, daha çox insanı məlumatlandırmaqda sosial şəbəkələrin müsbət tərəfi var.

Sosial şəbəkələr insanları virtual aləmdə sosiallaşdırsa da, canlı ünsiyyətdə assosiallaşdırır

A.Balayeva əlavə etdi ki, insanların asosiallaşması artıq internet asılılığı nəticəsində baş verə bilər. Lakin  qeyd etməliyik ki, sosial şəbəkələrdən istifadə ünsiyyəti kifayət qədər azaldıb. Bunu ətrafımızda müşahidə etdikdə də görə bilərik ki, xüsusən də gənclər arasında bu hal geniş yayılıb. İnsanlar müəyyən məkanda canlı ünsiyyət üçün toplaşsalar da, nəticədə əksini müşahidə edirik. Belə ki, onların əksəriyyəti sosial şəbəkələri ya izləməklə və ya hansısa paylaşım etməklə məşğul olurlar.  İnsanlar canlı toplaşsalar da, yaxınında olanla deyil, virtual aləm üzərindən başqası ilə həmsöhbət olurlar. Xüsusi diqqət yetirməli məqam insanların sosial şəbəkələrdə özlərini göstərmək istədikləri və ya olmaq istədikləri kimi təqdim etmələridir. Zaman keçdikcə bu davranışlar insanların müəyyən problemlər yaşamasına səbəb olur.

Sosial şəbəkələrin hər biri təyinatına görə müxtəlif dərəcələrdə əhəmiyyətlidir

Həmsöhbətimiz vurğuladı ki, təbii ki, müasir dövrdə internet insanların həyatında əhəmiyyətli yerdədir. Sosial şəbəkələrin də hər biri təyinatına görə müxtəlif dərəcələrdə əhəmiyyətlidir. Hansısa bir işin sürətli icra olunması, daha çox adama çatmaq, ümumilikdə operativlik baxımından sosial şəbəkələr əhəmiyyətlidir. Burada əsas məsələ sosial şəbəkələrdən istifadənin düzgün yollarını tapmaqdır. Əgər insanlar bunu nəzərə alaraq sosial şəbəkələrdən istifadə etsələr özləri və cəmiyyət üçün daha faydalı olarlar.

Sosial şəbəkələrin insan psixologiyasına təsiri çox güclüdür

Şağan Reabilitasiya Pansionatının Sosial psixoloji reabilitasiya və abilitasiya şöbəsinin müdiri İlahə Dadaşova isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, insanlar iki tip olur: Ekstravert və introvert. Ekstravert insanlar həmişə cəmiyyətdə ünsiyyət qurur, onlar üçün dost tapmaq heç də çətin deyil, danışmağı sevirlər, enerjili və  təşəbbüskardırlar. İntrovert qrupa daxil olan şəxslər isə daha qapalı insandır, təkliyi, sakitçiliyə üstünlük verirlər.Onlar ünsiyyət qurmaqda çətinlik çəkirlər. İntravert insanları sosial şəbəkələr bir az da özünə qapadır. Bu tip insanlar ünsiyyəti sosial şəbəkələrdə tapmağa çalışırlar ki, virtual aləmdə dostluq qursun, görünməsin, müəyyən tərəfi gizli qalsın. Bununla da onlar sosial şəbəkələr vasitəsilə bir çox arzularını reallaşdırırlar. İnsanlara özlərini göstərmək istədikləri kimi təqdim edirlər. Sosial şəbəkələrin mənfi tərəflərindən biri də budur ki, qarşı tərəf aldadılır. Nəticədə güvən problemi yaranır. Virtual aləm üzərindən qurulan dostluq, sevgi münasibətləri çox vaxt yanılmağımıza, aldanılmağımıza səbəb olur.”

Telefonlardan, internetdən asılılıq bizi  psixoloji olaraq zombiləşməyə aparan bir vasitədir

Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələr bizi cəmiyyətdən, ünsiyyətdən, sevib, sevilməkdən, münasibət qurmaqdan məhrum edir: “Loru dildə desək, sosial şəbəkələr, telefonlardan, internetdən asılılıq bizi  psixoloji olaraq zombiləşməyə aparan bir vasitədir. Buna görə də mənfi tərəfləri daha çoxdur. Təcrübələr göstərir ki, sosial şəbəkələr bizdə assosiallıq yaradır. Məsələn, bir qrup insanın görüşündə ilk olaraq, şəkillər çəkilir, sonra onlar sosial hesablarda paylaşılır,  fotolara gələn rəylərə baxılır,  kimlər bəyəndi təhlil olunur. Təbii ki, bu da müəyyən zaman alır. Nəticədə də iki insan canlı söhbət etmə zövqündən məhrum olur.”

 Virtual aləmdən düzgün istifadə mərhələsinə gəlməliyik

İ.Dadaşova  xatırlatdı ki,  , bir çox şantajlar məhz sosial şəbəkələr üzərində qurulan tanışlıqlar  nəticəsində edilir: “Sosial şəbəkələrda daha əlçatan və geniş auditoriya ilə ünsiyyət qurmaq mümkündür. Sosial şəbəkələr ünsiyyət dairəmizi genişləndirən onlayn platformadır.  Sadəcə sosial şəbəkələrdən doğru məqsədlər üçün düzgün istifadə etməyi bacarmalıyıq. Biz heç kimi məcbur edə bilmərik ki sosial şəbəkələri atın qırağa, ancaq real mühitlə ünsiyyətdə olun. Nə qədər interneti, telefonu pisləsək də, biz texnologiya dövründə yaşayırıq və hazırkı dövrlə ayaqlaşmalıyıq. Təbii ki, doğru tərəflərdən istifadə etməyi, bəhrələnməyi bacararsaq  sosial şəbəkələrin də müsbət tərəflərindən yararlana bilərik.

Kəmiyyət, yoxsa keyfiyyət?

Müsahibimiz sosial şəbəkə istifadəçilərinə mühüm çağırışlar etdi: “Sosial şəbəkələrdə  keyfiyyəti tənzimləyək. Çünki hazırda çoxu kəmiyyətə qaçır amma keyfiyyət ortada çox az qalır . Bəzi insanlar sosial hesablarında dostluğa çoxlu insan qəbul edir. Sual olunur ki, tanıyırsınızmı, onu bir dəfə  olsun həyatda görmüsünüzmü? Çalışaq ki, sosial şəbəkələrimizdə həyatda gördüyümüz insanı və yaxud da görmək istədiyimiz insanları həm dostluğa qəbul edək, həm də onlara  dostluq göndərək. Çoxluq bizə bir şey verməyəcək, əslində bunun müəyyən qədər təhlükəli məqamları da var. Bizə lazım olan, cəmiyyət üçün faydalı mesajları verək. İstifadəçilərin bəzilərində status yazmaq  xatirinə, gündəmlə ayaqlaşmaq naminə bayağı, primitiv formada statuslar yazmaq, bununla bağlı paylaşımlar etmək kimi, həm özünü, həm də həmin mövzunu gündəmdə saxlamaq istəmək kimi meyillər, təşəbbüslər var.  Özümüz sosial şəbəkəmizin keyfiyyətini qaldırsaq, bizimlə də o keyfiyyətdən yararlanmaq istəyənlər əlaqə qurmağa çalışacaq.”

Münasibətləri çalışaq ki, sosial şəbəkələrdən yox, cəmiyyət üzərindən quraq

İlahə Dadaşova sonda xüsusi olaraq vurğuladı  ki, sevgi münasibətlərini real tanışlıqlar üzərindən qurmaq lazımdır. Sosial şəbəkələrdəki tanışlıq zamanı mavi ekran arxasında gizlənən profil sahibinin necə olması,  xarakteri, mimikası, düşüncəsi, dünyagörüşü haqqında düzgün təsəvvür yaranmır. Münasibətləri çalışaq ki, sosial şəbəkələrdən yox, cəmiyyət üzərindən quraq.  Sosial şəbəkələrdən həyatımızın bir parçası kimi yox, əyləncə, maariflənmə, bilgilənmə  xarakterli istifadə edək.

Daha çox xəbərlər