Region Xəbərləri 

Qubanın Alekseyevka kəndində yeni məktəb binası tikilir

ARANTV.AZ xəbər verir ki, son illərdə ölkə üzrə 3 min 200-dən çox məktəb binası tikilərək istifadəyə verilib. Bununla da on minlərlə şagirdin təhsil şəraiti müasir standartlara uyğunlaşdırılıb. Hazırda Quba rayonunun Alekseyevka kəndində daha bir məktəb binasının tikintisi davam edir. Məktəb respublika prezidenti İlham Əliyevin ötən ilin oktyabr ayında Qubaya səfərindən sonra imzaladığı sərəncama əsasən inşa edilir.

Azərbaycan və rus bölmələri üzrə 830 şagirdin təhsil aldığı Alekseyevka kənd orta məktəbi ötən əsrin 60-cı illərində tikilib. Müasir tələblərə və şagirdlərin sayına uyğun olmadığına görə dövlət başçısının sərəncamına əsasən yeni məktəb binasının tikintisinə başlanılıb.

Məktəbdə şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün müasir standartlara uyğun şərait yaradılacaq. Yeni binada 40 sinif otağı, 6 laboratoriya, idman və akt zalları, yeməkxana, 2 kompyuter otağı layihələndirilib. Məktəbdə müasir istixana sistemi də qurulacaq. Bunun üçün həyətdə qazanxana da tikiləcək. Məktəb yeni avadanlıqla təchiz olunmaqla istifadəyə veriləcək. Beləliklə, Qubada son illərdə tikilən məktəb binalarının sayı 70-ə çatacaq. Bundan əlavə, ölkə başçısının qəzalı vəziyyətdə və şagird sayı az olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı verdiyi tapşırığa əsasən son illərdə Quba rayonunda 8 modul tipli məktəbin quraşdırlmasına başlanılıb. Onlardan 6-sı artıq istifadəyə verilib. Belə məktəblərdən biri də Çağacıq kəndindədir.

56 şagird yerlik məktəb müasir avadanlıq və mərkəzləşdirilmiş istilik sistemi ilə  təmin edilib.

Modul tipli məktəblərin digər üstünlükləri də var: azməsrəfli olması ilə yanaşı qısa müddət ərzində istənilən relyefdə quraşdırıla, asan daşına, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırıla bilər. Həm də modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir. Hazırda Qubada daha iki modul tipli məktəb binası quraşdırılır.

Daha çox xəbərlər