Cəmiyyət 

“İşsizin DOSTu” proqramı çərçivəsində 24 mindən çox şəxs ictimai işlərə götürülüb

ARANTV.AZ xəbər verir ki, bu ilin əvvəlindən icrasına başlanılan “İşsizin DOSTu” proqramı çərçivəsində 24 mindən çox işsiz vətəndaş ödənişli ictimai işlərə cəlb olunub. Ayrılan dövlət vəsaiti hesabına bu rəqəmin 30 minə çatdırılması nəzərdə tutulub. “İşsizin DOSTu” proqramının ən vacib məqamlarından biri isə işə götürülənlərin əmək müqaviləsi əsasında işlə təmin olunmasıdır.

60 yaşlı Tariyel Abbasov “İşsizin DOSTu” proqramı çərçivəsində özünə iş tapanlardan biridir. Artıq iki aya yaxındır ki, parklarda ağaclara qulluq edən və yaşıllıqları qoruyan Tariyel kişi deyir ki, məşğulluq mərkəzinə müraciət etdikdən sonra bağban kimi işlə təmin olunub

Prezident İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanan   “İşsizin DOSTu” proqramının icrasına bu ilin əvvəlindən başlanılıb. Hazırda Tariyel Abbasov kimi 24 mindən çox insan sözügedən proqram vasitəsilə müxtəlif ictimai işlərə cəlb olunub. Ayrılan dövlət vəsaiti hesabına isə bu rəqəmin 30 minə çatdırılması nəzərdə tutulub.  Əsas məqsəd işsiz şəxslərin məşğulluğunu təmin etməkdir. Yerli icra orqanları və bu kimi təşkilatlar gündəlik həyata keçirdikləri işlərdən əlavə olaraq ictimai faydalı işlər təşkil  edirlər ki, bu işlər də xüsusi ixtisas, peşə qabiliyyəti tələb etmir. Bu kimi işlərdə işləmək istəyən vətəndaşlar yerli məşğulluq idarələrinə müraciət edir və orada işsiz kimi qeydiyyatdan keçirlər.

Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə bağlanılan əmək müqaviləsi nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.  Bu da  həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas verir. Yaxud  mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan yaradır. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək. Hər biri üçün nəzərdə tutulmuş ümumi əməkhaqqı fondu 203 manatdır və bu da minimum əməkhaqqından yüksəkdir. Yarım gün, natamam həftə iş qrafiki təqdim olunur.

Daha çox xəbərlər