Müxalifət Laçın dəhlizini nəzarətə götürməyi təklif edir
Bir sıra ekspertlərin fikrincə, Azərbaycan Laçın dəhlizinə nəzarəti tam götürməlidir. Amma hazırda o dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir.
Müxalifət partiyalarının sədrləri isə bəyan edir ki, Azərbaycan dövləti “Laçın dəhlizindən qanunsuz keçidlər olur” arqumenti ilə Ermənistanla sərhəd nöqtəsində dəhlizə keçid məntəqəsini nəzarətə götürməlidir. Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, söhbət Laçın dəhlizinin bütün yol boyu nəzarətə götürülməsindən getmir: “Əsas Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə gedib çıxan nöqtəsində sərhəd nəzarət buraxılış məntəqəsində Azərbaycanın müvafiq orqanlarının xidmət aparması və giriş-çıxışa onların nəzarət etməsidir.
Biz ilk növbədə bunu etməliyik. Buna nail olmaq o deməkdir ki, dəhlizdə gediş-gəlişə nəzarəti həyata keçiririk. Beynəlxalq hüquq normalarında da əksini tapır ki, hər bir dövlət öz sərhədini özü qoruyur. Yəni biz öz sərhədimizdən kimi buraxdığımızı özümüz yoxlamalyıq.

Tural Abbaslı: “Ruslar düşünməməlidirlər ki, üçtərəfli bəyannamədən çıxmaq variantı yoxdur”
Yəni biz məsələni o şəkildə qoymuruq ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən indi çıxsın. 10 noyabr üçtərəfli bəyanatında həmin sülhməramlıların Laçın dəhlizində təhlükəsizliyi qoruması barədə bənd var və biz onu qəbul edirik. Amma Azərbaycanın sərhədinə buraxılışda Azərbaycanın sərhəd xidməti, təhlükəsizlik xidməti, gömrük xidməti iştirak etməlidir. Buraxılışda ruslar Azərbaycanın maraqlarına və qanunlarına zidd hərəkət edirlər, Ermənistan dövlətinin maraqlarına xidmət etdikləri ortadadır. Biz bütün bunları əsas gətirərək üçtərəfli bəyanatdan çıxaraq öz ərazilərimizi özümüz nəzarətə götürmək variantını da gündəmə gətirməliyik. Yəni ruslar düşünməməlidirlər ki, üçtərəfli bəyannamədən çıxmaq variantı yoxdur. Biz istədiyimiz vaxt bu bəyannamədən çıxa və Laçın dəhlizini də, Xankəndini də nəzarətə götürə bilərik. Bunun üçün Azərbaycanın həm hüquqi, həm hərbi, həm iqtisadi imkanları var”.
AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Laçın dəhlizi 10 noyabr bəyannaməsindən irəli gələn şərtlər daxilində müvəqqəti olaraq “sülhməramlı” adlandırılan rus hərbçilərinin nəzarətinə verilib. Bəyannamədə Laçın dəhlizi vasitəsilə Ermənistanla Qarabağın dağlıq hissəsində məskunlaşmış ermənilər arasında əlaqənin təmin edilməsi nəzərdə tutulur. Elə həmin bəyannamənin 6-cı bəndinin müddəalarına əsasən “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Göründüyü kimi, bu həm də o anlama gəlir ki, dəhlizin təhlükəsizliyinə zəmanət verən tərəf olaraq Azərbaycan həmin dəhlizdən keçən həm vətəndaşlara, həm də nəqliyyat vasitələrinə və yüklərə nəzarəti də həyata keçirməlidir: “Əks halda, yəni nəzarət edilmirsə və həmin dəhliz vasitəsilə Azərbaycanın razılığı olmadan suveren ərazilərimizə üçüncü dövlətlərin vətəndaşları və nəqliyyat vasitələri nəzarətdən kənar daxil olurlarsa, o zaman hansı təhlükəsizlik zəmanətindən söhbət gedə bilər?

Arzuxan Əlizadə: “Qarşı tərəflərə etdiyimiz güzəşt limiti artıq çoxdan bitib”
Rus hərbçiləri bəyannamənin imzalanmasından keçən 10 ay ərzində faktiki olaraq üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyərək dəhliz vasitəsilə əraziyə nəinki digər ölkələrin vətəndaşlarının və nəqliyyat vasitələrinin, həmçinin silahlı erməni hərbçilərinin də daxil olmasına şərait yaradıblar. Bu isə bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb olmaqdan başqa bir şey deyil. Bütün bu deyilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan tərəfi yaranmış vəziyyətdə ən azından Laçın dəhlizinə birgə nəzarət etmək barədə şərt irəli sürməlidir. Bu ərazilər Laçın dəhlizi də daxil olmaqla, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren əraziləridir və biz öz ərazilərimizə tam olaraq özümüz nəzarət etməliyik. Bu həm də bizim beynəlxalq hüquqla tanınmış doğal haqqımızdır. Hesab edirəm ki, qarşı tərəflərə etdiyimiz güzəşt limiti artıq çoxdan bitib və bu məsələdə ardıcıl və israrlı olmaq lazımdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

