Gündəm 

Azərbaycanı qlobal enerji bazarının oyunçusu edən “Əsrin müqaviləsi”

Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarına çatdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür. “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında möhürlənib.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının – 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb.

1996-cı ilin yanvarında “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə həmçinin neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, “Əsrin müqaviləsi” çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərin inşasına dair qərar qəbul olunur. Beləliklə, müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulur. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılır. Hazırda BTC nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır – onunla yalnız Azərbaycan deyil, Qazaxıstan və Türkmənistan nefti də nəql olunur.

 

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, onun 60 milyon tona çatdırılması mümkündür.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. “Yeni əsrin müqaviləsi” adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.

Bununla da AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə yatağın işlənilməsi müddəti 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək.

AÇG-nin işlənməsi layihəsinin operatoru olan BP-Azərbaycan şirkətindən “Yeni Müsavat”a verilən məlumata görə, indiyədək yatağa 40 milyard dollar investisiya qoyulub.  Növbəti 30 il müddətində AÇG-yə daha 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu rəqəm möhtəşəm bir uğur hekayəsidir - Counz

Qəri Counz: “Növbəti otuz ildə də AÇG-nin  ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik”

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 153 milyard dollara yaxın gəlir əldə edib.

Bp-Azərbaycan bəyan edir ki, 2021-ci il sentyabrın 18-də AÇG-dən 4 milyardıncı barel neft hasil edilib: “Ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib. Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir: “Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 7 noyabr 1997-ci il tarixində Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir  və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynamaqdadır. Bu gün Azərbaycan ”Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümünü qeyd edir. Bu, ölkənin yeni tarixində “Neftçilər Günü” kimi qeyd olunan əlamətdar bir gündür. 4 milyardıncı barel neftin hasil olunması isə AÇG-nin bu günə möhtəşəm hədiyyəsidir. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevirib. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləmək öhdəliyimizə sadiqiq və növbəti otuz ildə də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik.”

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək: “Müqavilə nəticəsində enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər tərəfdən, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geosiyaso mövqelərimizin güclənməsi ilə yanaşı bu müqavilə eyni zamanda Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi poztiv təsirlər göstərdi. Əsrin Müqaviləsi ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı”.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar  Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Vüqar Bayramov: “Müqavilə nəticəsində enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi”

Millət vəkili bildirir ki, bu gün Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir: “Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan ”Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Buna baxmayaraq, “Əsrin müqaviləsi”ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 162 dəfə artıb. İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyyatının sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub. Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Postsovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyyatının digər sektorlarına da kütləvi investisiya axını başlandı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çokmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-nin artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə, sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar qeyri-neft ÜDM-nin də inkişafını stimullaşdırdı”.

V.Bayramovun fikrincə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib: “Əlbəttə ki, bu strategiyanın əsası 20 sentyabr 1994-cü ildə ”Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da gözardı etməməklə uğurlu siyasət həyata keçirib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının inkişafına imkan verir, Azərbaycanın erkən hazırlıqları, sadəcə, prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Daha çox xəbərlər