Avropa məmurlarının Bakıya artan səfərləri – masada nələr var?
Ekspert deyir ki, Avropa Birliyi gözlənilən Azərbaycan-Ermənistan sülh müqaviləsindən kənarda qalmaq istəmir
ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana səfər edəcək. Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, sentyabrın 18-19-da Gürcüstanda səfərdə olan xüsusi nümayəndə regiona dönmək niyyətindədir: “Kari Henriksen Ermənistan və Azərbaycana səfər edəcək, müvafiq daxili məsələləri və daha geniş regional çağırışları müzakirə edəcək”.
Qeyd edək ki, ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da regionda səfərdə olub.
Avropa Birliyinin müharibədən sonra danışıqlarda iştirakına ən çox Ermənistan maraqlıdır ki, bunu bir neçə dəfə açıq şəkildə dilə gətirib. Bu da təsadüfi deyil. Avropa qurumlarının rəsmilərinin Ermənistanla sülh sazişi danışıqları başlaya biləcəyi haqda informasiyaların artdığı bir vaxtda regiona səfərlərinin intensivləşməsi diqqət çəkir.
Onların Ermənistan-Azərbaycan danışıqlarında iştirakda maraqları, çıxarları nədir? Bu səfərlər “qondarma status müzakirələrinin aktuallaşdırılması istəyindənmi doğur?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli belə səfərləri o qədər də əhəmiyyətli saymır: “Bu gün Azərbaycanın paytaxtı təkcə regional yox, həm də subregional iqtisadi-siyasi proseslərin episentridir. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə bu reallığı yaradıb və diplomatik müstəvidə Azərbaycan Prezidentinin göstərdiyi səylər bu xüsusda mövqelərimizi daha da gücləndirib. Bu baxımdan, həm Avropa İttifaqı, həm də ATƏT təmsilçilərinin ölkəmizə səfəri təbii qəbul olunmalıdır. 2021-ci il başa çatmaqdadır, proseslərin gedişi isə bizi postkoronavirus dövrü ilə çox da böyük bir məsafənin ayırmadığı qənaətini yaradır. Növbəti ildə iqtisadi fəallıq artacaq və böhrandan çıxış, inkişaf mərhələsi başlayacaq. Bununla yanaşı, dünyada yeni geosiyasi reallıqların və ittifaqların yaradılmasını da müşahidə edirik ki, bu da qlobal proseslərdə fundamental dəyişikliklərə zəmin yaradan amillər kimi dəyərləndirilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərindən təxminən 2 ay vaxt keçir.

Elçin Mirzəbəyli
Bu, kifayət qədər yüksək statuslu bir səfərdir və bu səfərin fonunda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın regiona ənənəvi səfərləri bir o qədər də mühüm əhəmiyyət daşımır. ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenin ölkəmizə səfərinə gəldikdə isə bu səfərin də çox da ciddi bir əhəmiyyətə malik olduğunu düşünmürəm. ATƏT-in Parlament Assambleyası regional və subregional proseslərdə aktiv rol oynaya biləcək bir təsisat deyil”.

Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin isə fikirləri bir qədər fərqlidir: “Postmüharibə dövründə Avropa Cənubi Qafqazda itirilmiş mövqelərini qaytarmaq istəyir. Ona görə bu regionun ən vacib ölkəsinin paytaxtına, yəni Bakıya səfərlərini çoxaldıblar. Düzdür, avropalı emissarlar Tiflis və İrəvana da səfərlər edirlər. Amma burada açar paytaxt şəhər təbii ki, Bakıdır. Avropa Birliyi gözlənilən Azərbaycan-Ermənistan sülh müqaviləsindən kənarda qalmaq istəmir. Ona görə də Cənubi Qafqaza səfərləri artırıblar. Təbii ki, qondarma statusun gündəmə gəlməsi, aktuallaşması Avropa İttifaqı, ABŞ və Rusiya üçlüyünün maraqlarına cavab verir. Ona görə ATƏT-in Minsk Qrupunun fəaliyyətini bu qurumun həmsədrləri bərpa etmək istəyirlər. Bunun üçün də rəsmi Bakıya təzyiqləri artırırlar. Yenə də təkrarlayıram, Qarabağ müharibəsi yeganə beynəlxalq məsələdir ki, orada ABŞ, Avropa Birliyi və Rusiyanın maraqları üst-üstə düşür və bu maraqlar özlüyündə anti-Azərbaycan və anti-Türkiyə mahiyyəti daşıyır. Bakı və Ankara bu təzyiqə qarşı nəinki duruş gətirməlidir, həmçinin siyasi-diplomatik meydanda hər cəbhədən hücuma keçməlidirlər. Savaş meydanında Azərbaycanın əldə etdiyi qələbəni, diplomatik masada əlimizdən almaq istəyirlər. Buna əsla imkan tanımaq olmaz”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

