Dövlət başçısının verdiyi tapşırıqlara əsasən, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün təxirəsalınmaz addımlar atılır
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Şamaxıya səfəri və vəziyyətlə yerindəcə tanış olmasından sonra verdiyi tapşırıqlara əsasən, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün konkret təxirəsalınmaz addımlar atılıb. Son məlumata əsasən, Şamaxı rayonunda 878 evə müraciət əsasında baxış keçirilib. Kəskin qəzalı hesab edilmiş evlərin sayı 73, bərpa-gücləndirməyə ehtiyac olan evlərin sayı isə 252-dir. 334 evin isə təmirə ehtiyacı var. Fasiləsiz davam etdirilən işlərdə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də yaxından iştirak edirlər. Ərazidə afterşokların davam etməsinə gəlincə, Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi əmin edir ki, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir.
Dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan təbii fəlakətdən sığortalanmayıb. Bu gün tam əminliklə demək olar ki, heç bir ölkədə təbii fəlakətdən əziyyət çəkən vətəndaşa dövlət Azərbaycanda olduğu qədər diqqət ayırmır. Prezident İlham Əliyevin zəlzələdən dərhal sonra Şamaxıya getməsi, ziyan dəyən evlərdə olması, sakinlərlə görüşü bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının arxasında qüdrətli dövləti dayanır.
Dövlət başçısının Şamaxıya səfəri və vəziyyətlə yerindəcə tanış olmasından sonra verdiyi tapşırıqlara əsasən, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün konkret təxirəsalınmaz addımlar atıldı. Müxtəlif aidiyyatı qurumların nümayəndələrinin daxil olduğu qruplar yaradıldı. Son məlumata əsasən, Şamaxı rayonunda 878 evə müraciət əsasında baxış keçirilib. O evlərdən 783-ü şəhərdə, digərləri isə kəndlərdədir. Kəskin qəzalı hesab edilmiş evlərin sayı şəhər üzrə 51, kəndlər üzrə 22 olmaqla ümumilikdə, 73 ədəddir. Bərpa-gücləndirməyə ehtiyac olan evlərin sayı isə 252-dir ki, onlardan da, 217-si şəhərdə, 35-i kəndlərdədir. 334 evin isə təmirə ehtiyacı var.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri də dağıntılar qeydə alınan yerlərdə sakinlərə köməklik göstərirlər.
Zəlzələdən dərhal sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Fondun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri zəlzələdən zərər çəkmiş ərazilərdə oldular, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə aldılar.
Bu mənzildə isə zəlzələ zamanı evi yararsız hala düşən sakin Sevda Həsənova ailəsi ilə yaşayır. Onun sözlərinə görə, zəlzələ baş verən andan bəri dövlətin qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da diqqətini hiss edir.
Bir sözlə, Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə böyük səylər göstərdi. Eyni zamanda, təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər apardı.
Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam etsə də, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu barədə məlumat verib. Onun sözlərinə görə, qeydə alınan afterşoklar arasında hiss edilənlərin olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir. Hiss edilən təkanların güclü və dağıdıcı olmaq ehtimalı yoxdur.

