Siyasət 

Dövlət başçısının imzaladığı fərman və sərəncamlar ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə və tərəqqisinə hesablanıb

ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırılması ilə bağlı imzaladığı sərəncam tarixi bir sənədədir və bu hər bir ölkə vətəndaşının mənafeyinə xidmət edir. Milli Məclisin iclasında millət vəkilləri dövlət başçısının bu addımı alqışlayıblar. İclasdaBələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.

İclasın gündəliyinə 32 məsələ salınmışdı. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100 illiyi ilə əlaqədar hazırlanan xatirə sikkələrinə görə qardaş ölkənin qanunverici orqanının sədri Binəli Yıldırıma təşəkkür etdi. Gündəliyin və cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri son zamanlar ölkəmizdə iqtisadi və sosial sahədə həyata keçirilən ardıcıl islahatları təqdir edərək bildirdilər ki, bununla bağlı dövlət başçısının imzaladığı fərman və sərəncamlar, həyata keçirilən məqsədyönlü siyasət və proqramlar ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə və tərəqqisinə hesablanıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə diqqətə çatdırdı ki,  Azərbaycanın dövlətçilik tarixinin bütün məqamlarında xalqımızın əsas məsələsi müstəqil dövlət qurmaq və bu dövlətin yaratdığı şərait çərçivəsində azad, rifah içərisində yaşayan bir vətəndaş cəmiyyəti formalaşdırmaq olub. Lakin əleyhidarlarımızın məqsədi bu gündəmi dəyişməkdən ibarətdir.

Millət vəkili Elman Nəsirov isə diqqəti Ermənistanda cərəyan edən proseslərə yönəldərək dedi ki, bu gün Paşinyan hakimiyyəti heç bir resursu, iqtisadi potensialı, investisiyası olmadan “iqtisadi inqilab” proqramı ilə insanları aldatmağa çalışır.

Gündəlikdəki birinci məsələ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi idi. Hesabatı təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov dedi ki, 2018-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini iki istiqamətdə qurub. Mərkəz Avropa Xartiyasına uyğun olaraq, inzibati nəzarəti həyata keçirməklə yanaşı, bələdiyyələrin maarifləndirilməsi üzrə metodoloji iş aparıb. Bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Onların işində qanun pozuntularına yol verilməməsi üçün tədbirlər həyata keçirilib. Təqdim olunan bələdiyyə aktlarının sayı artıb.

Qeyd olundu ki, bu il ilk dəfə olaraq dövlət büdcəsindən bələdiyyələrə ilkin olaraq 2 milyon manat subvensiya ayrılıb. Millət vəkilləri bələdiyyələrin gələcək fəaliyyəti və onlara nəzarət işi ilə bağlı bəzi təkliflər səsləndirdilər.

İllik məruzə səsvermə ilə qəbul olundu. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Vəkillər Kollegiyasına üzvlük haqqının da vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə ödnilməməsi təklif olunur. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində isə dövlətin vəzifələri artırılır. “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək. Yeni əlavəyə əsasən gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətinin, şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarət təmin ediləcək. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilən dəyişikliyə əsasən maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılır. Belə ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilir. “Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliyə əsasən isə valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşdirilir. İclasda Xəzərlə bağlı imzalanmış bir sıra Konvensiya və Sazişlər, həmçinin Azərbaycan və Türkmənistan prezidentlərinin birgə Bəyanatı, eləcə də iki ölkənin hökumət arasında imzalanmış sənədlər təsdiqləndi.

Daha çox xəbərlər