Görsək ki, erməni faşizmi baş qaldırır, onların başını bir daha əzəcəyik
Prezident İlham Əliyevin xalqa müraciətində işğalçı Ermənistana bu xəbərdarlığı hər bir azərbaycanlıda böyük fəxr, qürur hissi yaradır
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin dekabrın 2-də imzaladığı Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 27-də Vətən müharibəsindən sonra ilk dəfə keçirilən Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Dövlətimizin başçısı müraciətində İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyib. Ali Baş Komandan deyib ki, biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq: “Eyni zamanda, bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin dekabrında mənim Sərəncamımla həll olunan məsələdir. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Onu da bildirməliyəm ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcəkdir.”
Bu gün xalqımız dövlətimizin qəti mövqeyini, o cümlədən Ali Baş Komandanın Azərbaycanın milli maraqları yönündə atdığı bütün addımları birmənalı olaraq dəstəkləyir. Prezident İlham Əliyevin bütün çıxışları kimi, xalqa müraciəti də həri bir azərbaycanlıda böyük inam, sevinc və qətiyyət hissləri yaradır.
Prezident İlham Əliyev xalqa müraciətində bir daha işğalçı Ermənistana xəbərdarlıq edərək bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
Azərbaycan Ordusunun şəxsi heyəti ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqlığını heç vaxt itirmir, istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hazırdır və lazım olan vaxtda düşmənə dağıdıcı, sarsıdıcı zərbələr vurmağa qadirdir. Bu gün xalqımız Vətən müharibəsində qazanılan şanlı Qələbə, zabit və əsgərlərimizin rəşadəti, fədakarlıqları və əlbəttə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, hücum diplomatiyası haqqında böyük sevinclə, fəxrlə danışır.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri böyük əhəmiyyət daşıyır, milli iradə ifadə edərək dövlətimizin qəti mövqeyini ortaya qoyur. Bununla da həm məğlub ölkəyə, həm də onun havadarlarına qarşı açıq şəkildə mesajlar verilir ki, Ermənistanın yeganə çıxış yolu üçtərəfli Bəyanatın icrasını təmin etməkdən keçir. Təbii ki, biz bundan sonra qarşılıqlı sülh şəraitində yaşamaq istəyirik. Amma əsas şərtimiz Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Buna görə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində problem yaratmağa çalışmaq istəyən həm Ermənistan, həm də onun havadarları dərk etməlidirlər ki, Azərbaycan işğalçını sülhə məcbur etməyin yollarını bilir. Ermənistan unutmasın ki, “Dəmir yumruq” yerindədir.
Prezident İlham Əliyevin xalqa müraciətinin sonunda vurğuladığı “Azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir” fikri hər bir azərbaycanlını bir daha əmin edir ki, bu gün Azərbaycan dövləti düzgün sosial, siyasi, iqtisadi siyasət kontekstində gələcəyə doğru inamla irəliləyir. Ona görə də Ali Baş Komandanın ətrafında hər zaman daha sıx birləşməliyik.

