Etimad tədbirlərinin gücləndirilməsi ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətinin əsası olmalıdır
Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsi bir daha bu məqamlara aydınlıq gətirdi
27 sentyabr 2020-ci il tarixdən başlanan və Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin işıq saldığı məqamlardan biri də Azərbaycan dövlətinin ən yüksək tribunalardan bəyan etdiyi, amma dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarını 30 ilə yaxın dövrdə görməzdən və eşitməzdən gəldikləri ikili standartlar siyasətidir.
Təkcə bir fakta nəzər salaq. Sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının statistikasına diqqət yetirsək görərik ki, kasıb ölkə bu silahları almaq üçün vəsaiti hardansa əldə etməlidir. Bu sual istər Vətən müharibəsi, istərsə də hazırkı dövrdə dövlət başçısının müsahibələrində xüsusi yer alır ki, iqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən və dəyəri 2 milyard dollar olan texnikanı haradan alıb və ya bu silahı onlara kim verib?
Dövlət başçısının müsahibələrində, xalqa müraciətlərində, həmçinin dünyanın ikili standartlara söykənən siyasəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılır. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər.
Bu faktı da xatırlayaq. Ötən ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır. Nəzərə alaq ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin səsverməsi ilə qurum Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Amma təəssüflər olsun ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri 27 ildə bu qətnamələrin icrası üçün işğalçı Ermənistana heç bir təzyiq göstərməmişdir. Qurum missiyasını regiona nəticəsiz səfərlərdə görərək daim birtərəflilik prinsipinə önəm verdiyini nümayiş etdirib. İşğalçını bu günədək adı ilə çağırmayan ATƏT-in Minsk qrupunun həmsədrlərindən münaqişənin həllində ədalətli mövqe gözləmək sadəlövhlük kimi qəbul olunardı. 27 ildə Azərbaycan qurumun fəaliyyətsizliyini ən yüksək tribunalardan bəyan etdi, hətta tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gətirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan bir dövlətə əgər «gözün üstə qaşın var» deyilmirsə, bu, artıq ikili standartlar siyasətinin pik həddi idi. Ermənistan bu qayğıdan daha da ruhlanaraq, yeni-yeni ərazilər iddiasına düşdü. Sentyabrın 27-də başlanan hərbi təxribatlar da işğalçı dövlətin bu məqsədinə xidmət edirdi. Lakin ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində bu cəhd alt-üst oldu. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin yuxarıda qeyd etdiyimiz layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdilər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər. Bu faktı yada salmaqda məqsəd Rusiya, Fransa və ABŞ-ın vasitəçi, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq hüquq normalarına məhəl qoymadığını ədaləti və bu prinsipləri maraqlarına qurban verdiklərini bir daha sübut etməkdir. Dünya gücləri beynəlxalq hüquqa, BMT qətnamələrinə məhəl qoymadıqları, təqdirdə digər dövlətlərdən onun icrasını necə tələb edə bilərdi? Həmsədr ölkələr tərəfindən qeyd olunan bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid etdilər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkdilər.
Reallıq budur ki, Ermənistan 30 ilə yaxın dövrdə beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmalı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. 28 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalandı.
Son 18 ildə Azərbaycanın xarici siyasət uğurlarının xronologiyasına nəzər salanda onların əsasında ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin xüsusi rol oynadığı aydın görünür. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və bu əlaqələri yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qurum BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyev quruma üzv ölkələrin adından koronavirusa qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi.
Azərbaycan işğala məruz qalan, ərazi bütövlüyü pozulan ölkə olaraq 30 ilə yaxın dövrdə münaqişənin sülh danışıqları əsasında nizamlanmasına sadiqlik numayiş etdirdi. Baxmayaraq ki, hər an dünyanın ikili standartlarla yanaşmasının, Ermənistanın müxtəlif adlar altında ATƏT-in Minsk qrupu həmsədrlərindən maddi və mənəvi dəstək aldığının şahidi olurdu. Amma belə yanaşmalar ölkəmizin müstəqil siyasətinə mane olmur, əksinə Azərbaycan daha da güclənir, qərəzli təbliğatlara, ədalətsiz yanaşmalara qarşı real faktları qoyurdu. Prezident İlham Əliyev bu günlərdə Türkiyənin Anadolu Agentliyinə müsahibəsində də bu məqamlara, dünyanın ikili standartlar siyasətinə münasibət vurğuladı ki, bir daha bildirdi ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Minsk qrupuna həmsədrlik edən üç dövlət dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər. «Həmsədrlərin ölkələri uzun müddət status-kvonu davam etdirmək strategiyasını yürütdü. Ancaq Zəfərdən sonra Minsk qrupunun, həmsədrlərin yenidən prosesə daxil olması, vasitəçilik diplomatiyası yürütməsi gündəmdədir, belə tələblər var. Bununla əlaqədar nə düşünürsünüz? Bu, gələcəkdə bir həll yolu ola bilərmi, bunun bir faydası olacaqmı» sualına gəldikdə isə vurğulamışdır ki, status-kvonun dəyişdirilməsi nə deməkdir? İşğala son qoyulması. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Yəni, bunların arasında çox böyük fərq var.
Cənab İlham Əliyev hazırkı dövrlə bağlı Minsk qrupunun fəaliyyətinin görünmədiyini də diqqətə çatdırır. Müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Cənab İlham Əliyev bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatındakı çıxışında bütün ölkələrə müraciət edərək Dağlıq Qarabağ ifadəsinin işlədilməməsini xahiş etdi: «Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ – Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır.»
Qeyd etdiyimiz kimi, hazırda postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasını təklif etsə də, işğalçı Ermənistan hələ də konkret fikrini ortaya qoymur, açıq-aşkar ATƏT-in Minsk qrupundan təklif gözlədiyini nümayiş etdirir. 30 ilə yaxın dövrdə münaqişənin həlli istiqamətində ədalətli mövqe ortaya qoymayan qurumdan postmünaqişə dövrü üçün, ən əsası sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquqa əsaslanan təklif gözləmək təəccüb doğurur. 30 illik işğal dövrü ilə bugünümüz arasında əsas fərqlərdən biri də budur ki, Azərbaycan artıq diktə edən tərəfdir. Bunu həm Ermənistan, həm də dünya gücləri qəbul etməlidir. İşğalçı Ermənistan sülh müqaviləsinin şərtlərini qəbul edib bu sənədi imzaladığı təqdirdə, həm bölgədə daimi sülh, təhlükəsizlik təmin olunacaq, eyni zamanda, iqtisadi böhran içərisində çabalayan Ermənistan düşdüyü ağır vəziyyətdən xilas olar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev «Sülh təklifini masa üzərində daimi saxlaya bilmərik» bəyanatı ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha zamanın əsas tələb olduğunu çatdırır.

