Sosial 

Erməni cəmiyyəti öz prioritetlərini dəyişməlidir

Əks halda, bu dünyagörüşü ilə heç bir millətin bu xalqla birgə yaşayışı mümkün deyil

Ermənistan hakimiyyəti yenə öz ampluasındadır. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üç tərəfli Bəyanatdan sonra bir çoxları hesab edirdilər ki, ermənilər 44 günlük müharibənin nəticəsində reallğı dərk edəcək. Təəsüf ki, ötən müddətdə baş verənlər erməni toplumunun revanşist siyasətdən əl çəkmədiyini sübut edir. XIX əsrin sonlarında, XX əsrin əvvələrində yaşamış Amerika siyasətşünaslarının belə bir şüarı var idi: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixi”. Tarixin dərsləri nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçün əsas mənbədir. Ermənistan isə nə keçmişdə olanlardan, nə də bu günün reallıqlarından nəticə çıxarmaq istəmir. Erməni cəmiyyətinin bütün təbəqələri hər zaman başlarına gələn bəlalarda dünyada xoşbəxt yaşayanların hamısını günahkar hesab edirlər. Onların xəstə təfəkkürünə görə, bütün bəşər övladı, hətta Antarktida pinqvinləri də erməni toplumunun bədbəxtliyində günahkardırlar. Çünki həmişə kimsə onları sıxışdırır, heç kim onlara yardım etmir, kimsə onları qorumur və sair. Amma bu toplumun içərisindən heç kim çıxıb özlərinin günahkar olması ehtimalını dilinə belə gətirmir. Ermənilər anlamırlar ki, belə bir dünyagörüşü ilə heç bir millətin və xalqın onlarla birgə yaşayışı mümkün deyil. Necə ki, bu gün Ermənistan adlanan qədim türk torpaqları yalnız ermənilərdən ibarət monoetnik bir cəmiyyətə ev sahibliyi edir.

Son dövrlərdə Azərbaycan-Ermənistan sərhədində, eləcə də Qarabağ ərazisinin rus sülhməramlılarının nəzarətində olan hissəsində baş verənlər Azərbaycanın dövlət strukturlarının daha da aktiv şəkildə məsələlərə müdaxiləsi ilə nəticələndi. Belə ki, avqustun 11-də təxminən eyni vaxtda Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhyaratma missiyasının fəaliyyətinin ölkəmizi qane etmədiyi barədə bəyanat yaydı, Xarici İşlər Nazirliyi isə İran İslam Respublikasının ölkəmizdəki səfirini dəvət edib İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktları diplomatın diqqətinə çatdırdı və bununla bağlı qarşı tərəfə nota təqdim etdi.

Müdafiə Nazirliyinin açıqlamasında 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatı diqqətə çatdırılır, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının  təmin olunmadığı qeyd olunur. Həmçinin son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması hallarının  müşahidə olunduğu vurğulanırdı. Əslində 44 günlük müharibədən sonra bu, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilmiş ilk ciddi açıqlama kimi də dəyərləndirilə bilər. Həmçinin açıqlamada Ermənistan tərəfinin məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atdığı vurğulansa da, haradan qaynaqlanması açıqlanmır. Təbii ki, erməni dəyirmanına su tökən rusiyanı təmsil edən solovyovlar, jirinovskilər sülhməramlı missiyanı həyata keçirən ölkənin TV-lərində at oynatdıqca bu kimi hallar tez-tez təkrar olunacaq.

Nazirliyin açıqlamasında “Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir” – xatırlatması isə “Dəmir yumruq” əməliyyatından əvvəl olanları bir daha həm ermənistan, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçündür.  Açıqlamanın “Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur” hissəsi isə fikri birmənalı surətdə tamamlayır.

Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır – sonluğu isə bir daha Rusiyanın siyasi və hərbi elitasına reallığı görməyə çağırır. Təbii ki, burada bir məqama da xüsusi diqqət yetirilməlidir ki, Ermənistan hərbi bölmələrinin Azərbaycanla sərhəddə növbəti təxribat xarakterli əməlləri Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyıb.

Bəs eyni gündə İran İslam Respublikasının ölkəmizdəki baş diplomatı niyə XİN-ə dəvət olundu. Çünki bu ərəfədə İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa intensive surətdə qanunsuz səfər etməsi ilə bağlı faktlar aşkar edilmiş, bununla bağlı qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıqlar ifadə olunub. Görüş zamanı, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub. Bu məqamda “qonşu-qonşu olsa, kor qız ərə gedər” – zərb məsəli yada düşür.

Uzun illərdir beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini görür. Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir. Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur. Amma təəssüf ki, yaxın qonşularımız olan Rusiya və İran bu məsələdə yenə də ikili münasibət sərgiləyir.

Əsas məsələ ondan ibarətdir ki, hazırda bir çox erməni siyasiləri vəziyyəti nə dərəcədə düzgün qiymətləndirirlər, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin hansı səviyyədə olduğunu anlayırlarmı? Qeyd edim ki, tarixdə Ermənistan ordusunun döyüş qabiliyyətinin yanlış qiymətləndirilməsinin fəlakətlə nəticələnməsini görmüşük. Ötən əsrin əvvəllərini, 1918-1920-ci illər hadisələrini xatırlayaq. Türkiyə Ermənistana müharibə elan etməmişdi, əksinə tamamilə ağlını və sağlam düşüncələrini itirən erməni liderləri uğur qazanmaq üçün heç bir şansları olmaya-olmaya rəsmi olaraq Türkiyəyə qarşı müharibə elan etdi. Azərbaycandan intiqam almaqla bağlı revanşist açılamalar verən Ermənistan rəhbərləri yüz il əvvəlki liderlərdən heç fərqlənmirlər: 100 il əvvəl bolşevik Rusiyası Ermənistanın köməyinə gəldi. XXI əsrdə də proseslər eyni qaydada davam etdi. Amma unutmaq olmaz ki, müasir dünya 100 il əvvəlki dünyadan fərqlidir…

Bu gün hər bir erməni başa düşməlidir ki, qaçılmaz olan hərbi məğlubiyyət kiminsə xəyanəti, yanlış müttəfiqlərin seçilməsi, səriştəsiz komandanlıq nəticəsində yox, ötən əsrin 80-ci illərin sonlarında cəmiyyətin yanlış prioritetlər seçməsi, tamamilə cəfəng bir ideyanın kütləyə hakim kəsilməsi ucbatından baş verdi. Bu gün erməni cəmiyyəti öz prioritetlərini dəyişməli, dünyaya və özünə ayıq gözlə baxmalıdır. Mümkünsüz bəyanatların heç bir dəyəri yoxdur. Bunlar “çətin taleli xalqın” tipik kompleksləri və mifləridir. Tarixə nəzər yetirsək görərik ki, oxşar proseslərdən bir sıra millətlər keçiblər. I Dünya müharibəsindən sonra Macarıstan öz ərazilərinin yarısını itirmişdi, milyonlarla macar özünün Rumıniyada, Yuqoslaviyada, Çexoslovakiyadakı keçmiş təəbələrinin hakimiyyəti altına düşmüşdülər. Hətta ölkənin keçmiş paytaxtı Pojonun adı dəyişdirilərək Bratislavaya çevrilmişdi. Təbii ki, bu, macar xalqının milli qüruruna vurulmuş son dərəcə ağır zərbə idi və ilk illərdə macarlar bununla barışa bilmirdilər. Bu da onları II dünya müharibəsi ərəfəsində Hitlerin düşərgəsinə gətirib çıxardı. Macarlar əvvəlcə almanların sayəsində torpaqlarının böyük hissəsini geri qaytarsalar da, bir neçə ildən sonra – dünya müharibəsində ikinci dəfə məğlub olaraq, nəhəng qurbanlar verərək yenidən öz torpaqlarının itirdilər – ancaq bu dəfə həmişəlik. Amma bu gün Macarıstanda heç kim qonşularına qarşı ciddi şəkildə ərazi iddiaları irəli sürmür və yerli macarlar hətta muxtariyyətdən məhrum edilsələr belə rumınıyada xoşbəxt yaşayırlar. Həmçinin Elzas uğrunda mübarizə Fransa və Almaniyada siyasi mühitini uzun müddət korlamışdı. Doğrudur, tarixdə bu kimi hadisələr çoxdur, ancaq ağıllı qərarlar nəticəsində bu konfliktlər aradan qaldırılıb.

Yuxarıda sadaladığımız faktlardan çıxış edərək, Qafqazda sülhün bərqərar olması üçün milli mənsubiyyətindən asılı olmayaraq hər bir xalq müharibəsiz və azad Qafqaz uğrunda “savaşmalı”, mübarizə aparmalı, bunun üçün Azərbaycan dövlətinin yaratdığı real zəmindən yararlanmalıdır.

Elçin Bilaloğlu

Daha çox xəbərlər