Gündəm 

2022-ci ilin yazında Qarabağa ilk qayıdışlar başlayacaq

Elman Məmmədov: “Müharibə qurtardığı ilk gündən ərazilərin təhlükəsizliyi məsələsi gündəmdədir”

Qarabağa qayıdışla bağlı görülən işlər getdikcə sürətlənməkdədir. Parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyasının iş planına Milli Məclisdə Qarabağa qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiyanın yaradılması da daxil edilib.

Komissiyanın fəaliyyəti çərçivəsində beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkili nəzərdə tutulur.

İctimaiyyəti isə əsas maraqlandıran həmin ərazilərə qayıdış prosesinə nə zaman start veriləcəyi ilə bağlıdır.

“Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasında ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir”.

Prezident İlham Əliyev bu barədə ötən həftənin sonlarında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.

Minaların təmizləndiyi yerlərdə qəsəbələrin, şəhərlərin və kəndlərin tikintisinə başlandığını qeyd edən dövlətimizin başçısı deyib: “Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq”.

Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasının dəqiq vaxtını söyləməyin çətin olduğunu vurğulayan Prezident qeyd edib ki, proses mərhələli şəkildə başlayacaq.

Türkiyə ordusunun gecikməsi məsələsinə ciddi yanaşmalıyıq" - Elman Məmmədov

Elman Məmmədov

Şuşa, Xocalı, Xocavəndi və Ağdamın bir hissəsini parlamentdə təmsil edən Elman Məmmədovun bu barədə “Yeni Müsavat”a verdiyi açıqlamalar xüsusi diqqət çəkir: “Qayıdışla bağlı cənab Prezidentimiz yaxın günlərdə İspaniya televiziyasının əməkdaşına müsahibə verəndə bu sual səsləndi. Cənab Prezident yenə də izah verdi. Müharibə qurtardığı ilk gündən ərazilərin təhlükəsizliyi məsələsi gündəmdədir. Yəni ərazilərin minalardan və partlamamış silah-sursatlardan təmizlənməsi məsələsi. Ermənilər 30 ilə yaxın müddətdə işğal etdikləri bütün ərazilərə sanki mina əkiblər. Məqam düşmüşkən belə bir fikir səsləndirirəm ki, ermənilər bu ərazilərin onların olduğunu deyirdilər, orada yaşayacaqlarını, əraziləri qaytarmayacaqlarını söyləyirdilər. Əgər belə idisə, belə fikirləşirdinizsə, o zaman həmin əraziləri niyə minalayırdınız? Oraları viran qoyurdunuz? Heç olmasa bir ağac əkərdiniz. Bir iş görərdiniz ki, camaat da sizə inanardı. Demək, özünüz bilə-bilə yalan danışırdınız. Yaxşı bilirdiniz ki, həmin ərazilərin əsl sahibləri gəlib oraları azad edəcəklər. Elə də oldu”.

Deputat bir daha azad edilən ərazilərin təhlükəsizliyinin vacibliyini xüsusilə vurğuladı: “Ərazilərimiz azad ediləndən sonra orada işlər çox sürətlə gedir. Burada Azərbaycan təkbaşına iş görür. Düzdür, qardaş Türkiyədən texnikalar gətirilib, müəyyən köməkliklər var. Ancaq burada əsas yük Azərbaycanın üzərinə düşür. Çox təəssüflər olsun ki, son 30 il ərzində olduğu kimi, bu gün də cavabdeh olan beynəlxalq qurumlar yenə də ermənilərin nazı ilə oynayırlar. Ermənistanı mina xəritələrini bizə verməyə məcbur etmirlər. Verdikləri xəritələrin də cənab Prezidentin dəfələrlə vurğuladığı kimi 25%-i həqiqətə uyğundur. O xəritələrin 75%-i saxtadır. Buna görə də ərazilərin minalardan təmizlənməsi məsələsi bir nömrəli problem kimi qarşıda durur. Lakin proses getməmiş də deyil. Ərazilər təmizlənir. Bu ərazilər üçün isə qayıdış işləri görülür. Təbii ki, ərazilərin təhlükəsizliyi təmin olunandan sonra tikinti, bərpa işləri gedir, yollar çəkilir, enerji, qaz, rabitə və digər məsələlər bir-biri ilə paralel aparılır. İnsanlar qayıdacaqsa, onların ev-eşikləri, iş yerləri olmalıdır. Dövlət proqramı çərçivəsində bu proseslər gedir. Bir məqamı da deməyi vacib bilirəm. Azərbaycan ərazilərimiz işğalda olduğu vaxtlar daim beynəlxalq qurumlara çatdırırdı ki, Ermənistanda olan Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılar Azərbaycanın işğal altındakı ərazilərində basdırılır. Bu məsələ də təhlükəsizliklə bağlı çox ciddidir. Bu istiqamətdə də axtarışlar gedir. Su hövzələri yoxlanılır. Bütün bunlar vaxt aparan proseslərdir”.

Müsahibimiz qayıdış prosesinin nə vaxt reallaşacağına da toxundu: “Zəngilanın bir kəndi, üçüncü Ağalı kəndi qayıdış üçün hazırlanır. Füzuli istiqamətində hava limanı tikilib istifadəyə verilib. Kütləvi qayıdış olmasa da, hava limanında işləyənlər üçün orada təbii ki, yaşayış üçün şərait yaradılıb. Hesab etmirəm ki, qayıdış birdən-birə kütləvi formada olacaq. Bu proses hissə-hissə baş tutacaq. Bütün rayon mərkəzlərinin baş planı hazırlanıb. Məsələn, Ağdamın baş planı təqdim olundu, bunu hamımız gördük. Hazırda Bərdə-Ağdam yolu işlənilir. Yaxın günlərdə orada idim və müşahidə apardım. Bərdə ilə Ağdam arasında 4 yol deyilən yer var. Oradan müasir səviyyəli yol çəkilir. Şuşa qayıdış üçün hazırlanır. Orada çox güclü bərpa işləri aparılır. Demək olar ki, Şuşada bütün infrastruktur hazırdır. Yol, elektrik enerjisi ilə təminat, rabitə var. Yaşayış üçün bütün evlər hazır olmaq üzrədir. Yəni bu gedişatla gözlənilir ki, 2022-ci ilin yaz aylarında ilk qayıdışlar başlayacaq”.

Daha çox xəbərlər