Sosial 

Ölkəmin qəlbi Şuşa, hər yerdən qəlbi Şuşa… – VİDEOFİLM

(Şuşada yazılan yazı)

Bura Şuşadır, yolu birbaşadır, bir az yoxuşdur, bir az enişdir. Amma şüşə kimidir Şuşanın açılmış yolları. Şuşa açılmış qollarıyla doğma övladlarını qoynuna səsləyir, durub yol üstündə yarını gözləyir. Ölkəmin qəlbi Şuşa, hər yerdən qəlbi Şuşa.

Bura Şuşadır, dağlarının, meydanının qara dumanı dağılıb, yerini ağ, təbii duman alıb. Başı meydən dumanlı dığalar kətyan kolu kimi dığırlanıb gedib, daha burada “ay duman, gəl, get bu dağlardan, dağlar təzə bar eyləsin” deyən yoxdur. İndi gözümüz aydındır, könlümüz qubar etmir. Yağını xar edən Şuşa, xarı-bülbülü dardan çıxan Şuşa.

Bura gələnlər özlərini cənnəti ziyarət etmiş qədər bəxtəvər sayır, gəlməyənlər, hələ gələ bilməyənlər umu-küsü edir, sabahkı günə ümid bağlayır. Heç kim naümid olmasın, gün gələcək, buraya hamı gələcək axın-axın. Lap çox yaxın gələcəkdə bu yolda post olmayacaq, yollar açıq olunca, yol boyunca bəlkə də tıxac olacaq.

Bura Şuşadır, üzü qışadır, indi payızdır, bir az soyuqdur, bir az ayazdır,  yağmur, xəzan fəslidir, təbiətin öz büsatını pozan fəslidir: yarpaqlar qızarır, çəmənlər sozalır, yavaş-yavaş torpaq, dağ-daş bozarır. Bir azdan buralara qırov düşəcək, daha sonra qar yağacaq. Ağ qar al qanla suvarılmış bu müqəddəs məkanı bəyaz pərdəyə bürüyəcək, əsrarəngiz edəcək, nağıllar aləminə döndərəcək. Yaylağı sərin Şuşa, ana tək şirin Şuşa.

Bura Şuşadır, dağın başıdır, amma dağbaşı deyil, qoruğu-qaytağı, yazılmamış qanunları, ədəb-ərkanı, dini-imanı, hər yer kimi, yaxşısı-yamanı olan məkandır. Bu bizi ağladan şəhərdir – bir 28 il əvvəl 8 mayda, bir də 1 il öncə 8 noyabrda. Birincidə əlimizdən çıxan şəhərin itkisinə görə duyduğumuz əlacsızlıq hissindən doğan göz yaşımız boğazımızda zəhərə, qəhərə dönmüşdü, ikincidə fərəhdən, riqqətdən süzülən göz yaşımız gülən gözlərimizdən üzümüzə axırdı, xəbərimiz yox idi. 28 il əvvəl utanıb ağlamayanlarla ağlayıb utananlar ötən il utanmadan ağladılar. Gözümüzün yaşı Şuşa, baş tacının qaşı Şuşa.

Bura şairləri cuşa gətirib şeir yazdıran Şuşadır, nəğməkarlara şərqi oxudan Şuşadır. Burda təkcə “Qarabağ şikəstəsi” oxuyan Xanın səsi havalanıb sıldırım qayalarda əks-səda verməyib, burada bir zamanlar ölümsaçan mərmilər, işıqsaçan güllələr də qayalarda əks-səda verib, sonda Qarabağın özünü şikəst etmişdi. Şikəstə oxumaq erası bitincə, cəngi havası, cəng dövrü başlanınca, inçəsi, əngi əzilmiş yağının gücü zarımağa çatdı. Yağıya dağ olan Şuşa, şor gözə ağ salan Şuşa.

Bura Şuşadır, dağı, düzü tamaşadır, bax, ora Cıdır düzüdür, həmin yerin özüdür. Düşmənlərimiz keflərinin kök vaxtında burada irişə-irişə, bizə yanıq verə-verə, Siruşa-Siruşa oxuyur, bir-birinə sarmaşa-sarmaşa yallı oynayırdılar, şellənirdilər, yallanırdılar, axırda sürüşə-sürüşə qaçdılar, indi yastı yalların o üzündə yalsız qalıblar, daha yallı oynamırlar. Kefi ala buludda olanda yaşıl çəmənə sərilib mavi səmaya baxa-baxa, qırmızı çaxır içən boz adamın gününü indi İrəvanda göy əskiyə bükür, ala şalvar edirlər, o da oturub qara-qara düşünür. Daşını xan qoyan Şuşa, xaini xar qoyan Şuşa.

Bura Şuşadır, fatehləri paşadır, süngü ilə, lingiylə, külüngüylə, şərəfi, qeyrəti ilə, inanılmaz cürətiylə, qanı, canı, ürəyi ilə, hünəriylə, min-min əriylə yağılardan təmizlənən, əzəl gündən əzizlənən şəhərdir. Xan Pənahın yurdu Şuşa, pənahı xalq, ordu Şuşa.

Bura Şuşadır, gözəl guşədir. Ruhun dincələn, zövqün incələn yeridir, burda qəlblər yuxalır, məhəbbət çoxalır. Bura ulduzlara yaxın, quduzlara uzaqdır. Minarəsi uca Şuşa, gənc ürəkli qoca Şuşa.

Bura Şuşadır, suyu “süz, çək başa”dır, deyərdilər, “tərifəlayiqdir İsa bulağı”. Bura təkcə bulaq deyil, ocaq sayın, ibə bilin. Şırıldayıb axıb gedən bu suya görə milyon dodaq təşnə idi, bəlkə də bu, erməniyçün heç nə idi, bizdən ötrü Zəm-zəm suyu, Abu-Kövsər yalan idi, bu, gerçəkdi. Suyu iksir Şuşa, bulaqları sirr Şuşa.

Bura Şuşadır, düşmən haşadır üzündən. Bura bayrağımız sancılan Şuşadır, bayrağımıza baxıb sancılanan düşmənin bağrını dələn tişədir. Onun əsarət ömrü Qarsınkına çatmadı, igid oğulların nəfəsi qarsdı yadellini. Qarlı Qarsın qardaşı Şuşa, Ellərə doğma hər daşı Şuşa.

Bura Şuşadır, bizi onun eşqi yaşadır, möhnəti, töhməti, söhbəti öldürürdü, indi cah-cəlalı, xoş əhvalıı, şən büsatı, vüsəti ruh verir.

Bura Şuşadır, bizim Şuşadır, yolu yaxın, ömrü uzun Şuşadır.

Ölkəmin qəlbi Şuşa,

hər yerdən qəlbi Şuşa.

P.S. Bu yazının videolentlərlə müşayiət olunan versiyasını buradan izləyə bilərsiniz.

Xalid KAZIMLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər