Siyasət 

Qarabağ hind kinosu deyil, nazir

Uşaqlıq illərimin unudulmaz xatirələrindən biri də 1973-cü ildə rejissor Rac Kapurun çəkdiyi “Bobbi” filmidir. Məhz həmin filmdə hind polisini ilk dəfə görmüşdüm.

Əynində “şortik”, əlində dəyənək – hadisə olub bitəndən sonra, oğru qaçanda, qatil aradan çıxanda, yaralı öləndə gəlib çıxan polislər.

Şələbığ, monoqaş, simalarına zəhm versələr də, komik personajlara bənzəyən hind polislər məsxərə və lağlağı yeri idi həmişə.

Hindistanın film sənayesinin durmadan çalışan konveyeri, vuran nəbzi olan Bollivvud deyəsən, rəsmi Dehlinin siyasətinə də sirayət edib.

Əks təqdirdə, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar “Daş və çiçək”, yaxud “Samrat” filmindəki yoxsul kənd müəllimi təki davranmazdı.

O adam ki, yaramaz personajlara aldanır, haqlıya haqsız deyir, haqsızla da qucaqlaşıb dərdləşir.

Hind nazirin olduğu təyyarə Ermənistanın paytaxtı İrəvandakı “Zvarnots” hava limanında yerə enən təki S.Cayşankar Twitter-dəki mikrobloqunda yazdı: “Hindistanın Ermənistana səfər etmiş ilk xarici işlər naziri olduğuma sevinirəm. Dövlətimlə tarixi əlaqəni görməyimə çox sevinirəm”.

Nazir yazısını 1794-cü ilin oktyabrından 1796-cı ilin mart ayına qədər Hindistanın Mədrəs şəhərində erməni dilində dərc olunmuş aylıq “Azdarar” (“Xəbərçi”) dərgisinin ilk nüsxəsinin fotosu ilə müşayiət edib.

Subramanyam Cayşankarın elə Zvartnos hava limanında az qala ekstaza düşməsinin, hansısa “tarixi əlaqələr”dən bəhs etməsinin səbəblərini aramayın, çünki elə vəsilələr mücərrəd və dispersdir.

“Hindistanla Ermənistan arasında tarixi əlaqələr” dedikdə hind nazir nəyi nəzərdə tutub?

Mədrəsdə erməni dilində jurnalın vur-tut iki il ərzində dərcini?

Axı bundan savayı, İrəvanla Dehli arasında hansısa “tarixi əlaqə”dən danışmaq absurddur.

Reallıq odur ki, ermənilərlə Hindistanın bir çox qədim və danılmaz tarixi əlaqəsi sadəcə, indiki ermənilərin Hindistanın şimal-qərbində yaşamış qaraçı tayfalarının törəmələri olmasıdır.

Avropada ingilislərin “gypsies”, fransızların “tsiganes”, almanların “zigeuner”, italyanların “zingari”, hollandların “zigeuners”, macarların “cigány”, bizlərin “qaraçılar”, gürcülərin “boşebi”, ermənilərin “qiçuner” və ya “lom” dedikləri qaraçılar ermənilərin ulu əcdadlarıdır.

Bu baxımdan dünya tarix elmi danılmaz tarixi, antropoloji, linqvistik, onomastik, genetik və s. tədqiqatların nəticələrinə əsaslanaraq qətiyyətlə vurğulayır ki, ermənilərin sonradan müxtəlif ölkələrə yayıldıqları ilk məkan məhz Hindistandır.

Protoqaraçılar, yəni ermənilərin əcdadları 6-cı əsrdə Hindistandan çıxaraq Avropa və Asiya ölkələrinə yayılmağa başlayıblar. Onlar indiki İran ərazisində 10-cu əsrədək qalandan sonra Qərbə, habelə Bizansa və Yaxın Şərqə tərəf istiqamətlənmişdilər.

Ermənistanla Hindistan arasında yeganə, tək tarixi əlaqə məhz budur.

S.Cayşankarın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla səmimi görüşməsinin səbəblərindən biri də bəlkə Mirzoyanın ana tərəfdən babalarının “lom”, yəni qaraçı olmasıdır.

Mədrəsdəki “Azdarar” jurnalını hind nazir “tarixi əlaqə” sayırsa, onda ya məlumatsızlığından, ya da cahilliyindən xəbəri yox ki, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı Hindistanın 19 şəhərində tam 12 (!) il satılmışdı.

Azərbaycanda İkinci Respublika qurulandan, dövlət müstəqilliyimizi bəyan edəndən sonra Hindistanın ölkəmizə münasibəti daim sərin, hətta ifrat sərin olub.

Səbəb – Azərbaycanla Pakistan arasında çox sıx, qardaşlıq əlaqələri, həmçinin Cəmmu və Kəşmir məsələsində Bakının birmənalı olaraq İslamabadı dəstəkləməsidir.

Hindistan isə bəlli, Pakistana düşməndir.

Məhz bu səbəbdən 2004 və 2008-ci illərdə rəsmi Bakı BMT-də Qarabağ münaqişəsi ilə bağlı bəyannamə layihəsini irəli sürəndə Hindistan hər dəfə veto qoymuş, sənədin qəbul edilməməsi üçün əlindən gələni etmişdi.

Bakı ilə İslamabad arasındakı əlaqələri öz geosiyasi maraqlarına ciddi təhdid hesab edən Dehli indi İrəvanla münasibətləri aktivləşdirməklə “Pakistanın Cənubi Qafqazdakı mövcudluğuna mane” olmağa can atır.

S.Cayşankarın belə qəfil səfərinin yeganə bazisi də məhz budur.

Səfər əsnasında Sisernikaberddə qondarma “erməni soyqırımının qurbanları”na ucaldılmış memorial kompleksə baş çəkən S.Cayşankar alov qarşısına əklil qoyub, Xatirə Kitabına ürək sözlərini yazıb.

Daha sonra Ermənistanın XİN başçısı A.Mirzoyanla göürşən və müzakirələr aparan S.Cayşankar birgə mətbuat konfransında deyib: “May ayında bəyan etmişdik ki, Azərbaycanın hərbçiləri Ermənistan ərazisini mütləq tərk etməlidirlər. İndi də o tələbi təkrarlayırıq.  Qarabağ münaqişəsi ilə bağlı Hindistanın mövqeyi ardıcıl və dəyişməzdir. Biz bu problemin ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik vasitələrlə nizamlanmasının tərəfdarıyıq”.

Hind filmlərində hadisə yerinə hamıdan sonra çatan yöndəmsiz və karikatur polislər kimi, S.Cayşankar da Ermənistana 44 günlük Vətən Müharibəsindən sonra yollanıb.

Bu savaş isə “Dağlıq Qarabağ” ifadəsini, “Qarabağın statusu problematikası”nı tarixin zibilliyinə gömməklə yanaşı, ATƏT-in Minsk Qrupunun əslində 28 illik fəaliyyəti dövründə tamamən bivec, yararsız və hansısa işlək təsir mexanizmlərindən məhrum struktur olduğunu əyani sübut etdi.

Azərbaycan-Pakistan əlaqələrinə gəldikdə isə, bu təmaslardan qıcıqlanaraq İrəvanda bəlağətli, eynən hind filmlərindəki kənd bələdiyyə başçısının “atəşin nitqi” formatında çıxışlar etmək Hindistan diplomatiyasının uğuru yox, nöqsanı sayıla bilər.

Rəsmi Dehli yaşananları praqmatcasına, real siyasət çərçivəsində dəyərləndirməli və merkantil maraqlarını təmin etmək üçün regiondakı situasiyanı daha da gərginləşdirməyə çalışmamalıdır.

Subramanyam Cayşankar hər halda diplomatdır – de-yure və de-fakto olaraq.

Dehli Cənubi Qafqazda qurmaq istədiyi geosiyasi konstruksiyaları tragikomediyaya döndərməsin.

Diplomatiya hind kinosu deyil, cənablar…

Daha çox xəbərlər