Gündəm 

18 oktyabrda dövlət müstəqilliyimizin 30-cu ili tamam olacaq

Bu ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 30-cu ili tamam olur. Yəni, 30 avqust 1991-ci il tarixdə Ali Sovetin növbədənkənar sessiyasında uzunsürən və gərgin müzakirələrdən sonra, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunur. Qəbul olunmuş Bəyannamədə dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq məqsədilə Konstitusiya Aktının hazırlanması nəzərdə tutulur və 08 oktyabrda Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə günlük müzakirələrdən sonra, 18 oktyabrda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası iki mərhələdən keçib. Birinci mərhələdə, yəni 18 oktyabr 1991-ci il tarixdə parlament Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul edir, ikinci mərhələdə, yəni 29 dekabrda Konstitusiya Aktı ümumxalq səsverməsi yolu ilə təsdiq olunur. Qeyd edək ki, Müstəqillik Bəyannaməsinin qəbulu xalqımızın iradəsi, eyni zamanda Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetin ətrafında təşkil etdiyi fasiləsiz mitinqlər, həmçinin parlament daxilində istiqlalçı millət vəkillərinin apardıqları gərgin mübarizələr nəticəsində baş tutur. Məlumdur ki, 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Qanunu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə və Ali Sovetinin qəbul etdiyi 30 avqust Bəyannaməsinə əsaslanır. Həmin tarixi Bəyannamənin qəbulundan ötən 30 il ərzində ölkəmiz bir çox ağrılı-acılı anlarını yaşayıb ki, onlardan ən ağırı 1992-1993-cü illərdə Qarabağın işğal oldu. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində belə bir işğala son qoyuldu və biz ərazilərimizin bütövlüyünü təmin etdik.

Yada salaq ki, dövlət müstəqilliyinə gedən yol bir çox gərgin ictimai-siyasi proseslərlərdən keçir, eyni zamanda Ayaz Mütəllibovun rəhbərlik etdiyi hakimiyyətin yaratdığı süni maneələrlə üz-üzə də qalır. Diqqət yetirmək lazımdır ki, həmin illərdə hökumətin üzvləri və Ali Sovetin kommunist korpusu, Azərbaycanın müstəqil dövlət olmaq statusunu təsəvvür etmirdilər, milli-demokratik qüvvələrin müstəqillik uğrunda apardıqları mübarizəyə kommunist hakimiyyətinin sonu kimi baxırdılar. Eyni zamanda, dövlət müstəqilliyinin əldə olunmasına ciddi-cəhdlə müqavimət göstərib, xalqın müstəqillik əzmini hər vəchlə qırmağa çalışırdılar. Hətta, onlar parlament tribunasından milli müstəqillik uğrunda mübarizə aparan mərhum prezidentimiz Heydər Əliyevin və müstəqillik tərəfdarı olan istiqlalçı deputatların Ali Sovetdəki çıxışlarını pozur, Ulu Öndərə qarşı qeyri-etik qaydalarla hücumlar təşkil edir, bir sözlə ölkəmizdə siyasi fəaliyyətə qadağa qoymağa çalışırdılar.

Onu da qeyd edək ki, hələ 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlarını atır. Yəni o, 20 Yanvar faciəsindən sonra birinci şəxs olur ki, sovet rəhbərliyini kəskin surətdə tənqid edir, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını bildirir, onları ittiham edir, sovet hakimiyyətinin və onun rəhbərliyində olanları qınayır. Hətta, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib, müstəqillik yolunda addımlarını atır. Yəqin tam əksəriyyətin xatirindədir ki, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilərkən, Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda referendum keçirilmədi. Belə bir addımlar müstəqillik yolunda atılan addımlar olur. Bütün bunlar onu sübut edir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarı olub, ona görə də onu müstəqilliyimizin banisi hesab edirlər.

Bir sözlə, nə qədər çətin olsa da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşa bildi. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika Azərbaycan Demokratik Cumhuriyyəti qurulmuşdur. Haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk müstəqil dövlət olmuşuq. 1991-ci ildə isə, Azərbaycan dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar sırasında birinci deyildi. Yəni, dövlət müstəqilliyini elan edən müttəfiq respublikalar sırasında Azərbaycan sayca 13-cü idi. Bu, bir tarixdir və hər birimiz bu tarixi bilməliyik, heç zaman da yaddan çıxarmamalıyıq. Bu il müstəqilliyimizin 30-cu ili tamam olur və artıq bütün dünyaya sübut etmişik ki, biz müstəqil dövlət qurmuşuq və müstəqil də yaşaya bilərik.

Odur ki, Azərbaycan Respublikasının müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır! Müstəqilliyimizin daha da möhkəmlənməsində yolunda Azərbaycan xalqına yeni-yeni uğurlar arzulayıram!.

 

Anar Əhmədov,

Samux rayon Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Daha çox xəbərlər