Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir
Azərbaycan və Ermənistan arasında qırx dörd gün davam edən İkinci Qarabağ savaşı 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması, məğlub ölkənin kapitulyasiyası ilə başa çatdı. 1990-cı illərin əvvəllərindən ötən ilə qədər davam edən işğal dövründə Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 150-dən çox mülki vətəndaş həlak olub və yaralanıb. Mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş Azərbaycan ərazilərindən təmizlənməsi hal-hazırda hökumət üçün qarşıda duran əsas məsələlərdəndir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həm də yenidənqurma işinin vacib hissəsidir. Çünki infrastruktur layihələrinin icrası, məktəblərin və digər iaşə məntəqələrinin işləməsi üçün ərazilərin təhlükəsiz hala gətirilməsi lazımdır. Lakin Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini verməməklə Azərbaycan vətəndaşlarının hüquqlarını kobud şəkildə pozur.
Oktyabrın 15-də ölkə Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında videoformatda çıxışı zamanı da sözügedən problemə diqqət çəkərək bildirib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məsələlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır: “Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.”
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, özlərini demokratik adlandıran dövlətlər də bilməlidirlər ki, 1915-ci ildə tarixdə baş verməyən hadisəni Osmanlı imperiyasının törətdiyini iddia etməkdənsə, XXI əsrdə cərəyan edən insanlığa sığmayan vəhşiliyi – Ermənistanın bu addımını pisləməli, bunun etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu etiraf etməlidirlər. Heç kəsə sirr deyil ki, Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan ölkəmizin dinc əhalisinə qarşı amansız cinayətlər törədib.
Ermənistan Xarici İşlər Nazirliyindən isə bildirilir ki, “Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq və 9 noyabr 2020-ci il tarixli erməni əsirləri və hələ də əsirlikdə olan mülki şəxslərin geri qaytarılması barədə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur”. Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. Qeyd edilən tarixdən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Daha sonra Ermənistan tərəfindən Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etmək, daha doğrusu, partizan müharibəsi etmək həvəsinə düşdülər. Azərbaycan tərəfinin dekabr ayında keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində isə Ermənistan hökumətinin bilərəkdən, məqsədyönlü şəkildə Azərbaycan ərazisinə göndərdiyi 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildi.
Söüzgedən iclasdakı çıxışında Ali Baş Komandan İlham Əliyev “erməni hərbi əsirlər” məsələsinə də toxunaraq xüsusi olaraq vurğulayıb ki, Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib: “Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.”
Hesablamalara görə, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. İşğal dövründə isə Ermənistanın həmin ərazilərin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərclədiyi iddia olunur. Mina təmizlənməsi olduqca bahalı olduğundan, ölkələrdən bu iş üçün daha çox vəsait tələb olunur.
Əgər Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verərsə, onu əldə edib qısa müddətdə əraziləri minalardan təmizləmək imkanımız var. Bunun üçün haqq-ədalət axtaran, özünü demokratiyanın beşiyi hesab edən dövlətlər Azərbaycanın yanında olmalıdırlar.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) aldığımız məlumata görə, hal-hazırda bütün əməliyyatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərinin inkişaf planlarına əsasən həyata keçirilir. Hazırda əsas üstünlük verilən ərazilər infrastrukturun bərpasına xidmət edən ərazilərdir. Bu ərazilər irimiqyaslı bərpa işlərinin təməlini təşkil edir.

