Cəmiyyət 

Sumqayıtda qadın abort zamanı öldü – Həkim işdən çıxarıldı

Sumqayıtda qadın abort zamanı dünyasını dəyişib.
Sumqayıtda qadın abort zamanı dünyasını dəyişib.
ARANTV.AZ-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 16-da şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada baş verib. Bildirilir ki, 5 aylıq hamilə olan 1978-ci il təvəllüdlü Nuriyevə Çinarə Yadulla qızı abort üçün xəstəxanaya müraciət edib. Sözügedən xəstəxanaya Sumqayıt şəhər 3 saylı qadın məsləhətxanasının həkimi Gülnarə Təkləvi gəlib və qadını abort edəcəyini boynuna götürüb. Nəticədə iki uşaq anası olan Ç. Nuriyeva əməliyyat masasında dünyasını dəyişib. Həkim G. Təkləvi bu hadisədən affekt vəziyyətinə düşüb, canına qəsd etməyə cəhd edərək qollarını doğrayıb.  Həkim xəstəxanaya yerləşdirilib.
Sumqayıt Səhiyyə şöbəsinin  müdir əvəzi Səkinə Sadıxova Xeberle.com-a açıqlamasında faktı təsdiq edib:  “Hadisə fevralın 16-da axşam saatlarında olub. Birbaşa hüquq mühafizə orqanlarının müşayiəti ilə mərhumun nəşi Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Ekspertizanın rəyindən sonra qadının ölüm səbəbləri məlum olacaq”.
S. Sadıxova həkimin özünə xəsarət yetirməsi xəbərinə isə belə reaksiya verib: “Bu barədə heç bir məlumatımız yoxdur. İlkin olaraq ola bilər ki, nə isə baş verib. Lakin bu barədə bizə heç bir məlumat verilməyib”.
Aldığımız məlumata görə, həmin şəhər xəstəxanasında abort etmək qadağan olunubmuş.
Xeberle.com

Daha çox xəbərlər