Prezident İlham Əliyev: Bu gün biz gələcəyi yaradırıq
İnkişaf modelinin tətbiqi ilə iqtisadi uğurlar qazanan, dünyada ən islahatçı ölkə kimi tanınan Azərbaycana maraq daha da artıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycanın son bir ildə işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq, abadlıq, yenidənqurma işləri möhtəşəmliyi ilə diqqəti cəlb edir. Erməni vandallarının viran qoyduqları ərazilərdə hazırda vəziyyət dəyişilib. Vətən müharibəsində qəhrəmanlıq göstərərək öz gücü, qüdrəti ilə Ermənistan üzərində Qələbə çalan Azərbaycan quruculuq işlərini də daxili imkanları hesabına davam etdirir.
Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşa istiqamətində uğurlu əməliyyatlar keçirərək düşmənə daha ağır zərbələr vuran Milli Ordumuzun işğaldan azad etdiyi ərazilərdə bərpa işləri sürətlənir, mühüm infrasruktur layihələri həyata keçirilir, ərazilərin su, elektrik enerjisi ilə təminatına, yolların çəkilişinə və bərpasına diqqət yetirilir.
«Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi.Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır» söyləyən Prezident İlham Əliyev bu rayona səfərləri zamanı inamla bildirirdi ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Zəfərimizdən sonrakı bir ildə işğaldan azad olunmuş ərzilərdə genişmiqyaslı bərpa işlərinin paralel aparılması rayonlarda canlanma, yeni ab-hava yaradıb. İlk infrastruktur layihələrinin həyata keçirildiyi Füzuli şəhərinin Baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlanıb. «Çünki Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Biz Füzulidən Şuşaya elektrik xətləri çəkmişik» söyləyən Prezident İlham Əliyev bərpa işləri arasında ən vacib infrastruktur olan yolların çəkilməsinə xüsusi diqqət göstərir. Qısa müddətdə Füzuli-Şuşa magistral yolunun çəkilişi, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlərin davam etdirilməsi, «ağıllı kənd”» konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsinin salınması, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərlərinin Baş planlarının hazırlanması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılacaq quruculuq işlərinin müəyyənləşdirilməsi əminlik yaradır ki, işğaldan azad olunmuş ərazilərimiz nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
«Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik» sözləri ilə tarixi ədalətin bərpa olunduğunu, ermənilər tərəfindən dağıdılan dini-mənəvi abidələrimizə yeni həyat veriləcəyini, Qarabağın bütün güşələrinin turizm mərkəzinə çevriləcəyini bildirən dövlət başçımız İlham Əliyev vurğulayır ki, Xocavənddə, Kəlbəcərdə, Laçında ermənilərin məhv etdikləri meşələr bərpa olunacaq.
Bu günlərdə Ağalı kəndində həyata keçirilən, müasir şəhərsalma standartlarına uyğun «ağıllı kənd»” layihəsi çərçivəsində görülən işlərlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə tanış olan Prezident İlham Əliyev bildirdi ki, 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılır. Əkin üçün nəzərdə tutulan 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Başqa sözlə deyilsə, prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın bu ilin iyun ayında imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsində nəzərdə tutulan möhtəşəm quruculuq işləri həyata keçirilir. «Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik» söyləyən Prezident İlham Əliyevin sözlərinin təsdiqi Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi oldu. Cəmi səkkiz ayda Azərbaycan və Türkiyə şirkətlərinin birgə iştirakı ilə inşa olunan bu hava limanı dünya təcrübəsində görünməyən yenilikdir. Türkiyə ilə Azərbaycanın birgə sərmayə layihəsi olan bu kimi yenilikləri qardaşlıq həmrəyi kimi dəyərləndirən Prezident İlham Əliyevin «İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi» sözlərinin məntiqi nəticəsi sürətlə davam edən bərpa işləri, regionda yeni reallıq yaradan hər iki dövlətin əməkdaşlığı, dünya siyasətinin aktual mövzularından olan və türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulmasıdır.
Zəngilanda keçirilən birgə mətbuat konfransındakı çıxışlarında işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını bildirən hər iki Prezidentin məntiqli açıqlamaları Ermənistana, erməni faşizmini dəstəkləyənlərə, revanşist qüvvələrə ciddi xəbərdarlıq idi.
«Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil» sözləri ilə görülən işlərlə Azərbaycan xalqı ilə birgə qürur duyduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı region üçün qürurverici və ümidverici ölkə adlandırması qardaş sevincinin ifadəsi idi: «Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir… İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.»
Bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan Ermənistanın işğalçılıq siyasətini Zəfəri ilə sona çatdıran, BMT Təhlükəsizlik Şurasının illərdən bəri həll olunmayan qətnamələrini Azərbaycanın öz gücü ilə həyata keçirdiyini qürur hissi ilə diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözləri dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcəkdən xəbər verir.

