Siyasət 

Qlobal Bakı Forumu Rusiya KİV-inin diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu Rusiya mətbuatı tərəfindən də geniş işıqlandırılır.

ARANTV.AZ  xəbər verir ki, qonşu ölkənin TASS informasiya agentliyində, “Qafqaz online”, “News.ru”, “Vestnik Kavkaza” saytlarında və digər media resurslarında yer alan materiallarda Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər önə çəkilib.

“News.ru” xəbər nəşri Azərbaycan Prezidentinin “Ermənistan-Azərbaycan münaqişəsi həll edilib” bəyanatını başlığa çıxararaq, Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklifə hələ də cavab verməməsi, eləcə də Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı konstruktiv təklifi barədə dövlətimizin başçısının səsləndirdiyi fikirləri oxucuların diqqətinə çatdırıb.

Rusiya KİV-inin Qlobal Bakı Forumundan hazırladığı informasiyalarda, həmçinin Azərbaycan Prezidentinin COVID-19 pandemiyası, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər barədə fikirlərindən sitatlar gətirilib.

Qonşu ölkənin KİV-i Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq perspektivləri barədə çıxışına da yer ayırıb.

Materiallarda Forumda qaldırılan digər aktual məsələlərdən də bəhs olunur, bu tədbirin aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyi diqqətə çatdırılır.

Daha çox xəbərlər