Kirli “erməni kartı” Bakı-London, Ankara-London əlaqələrinə qarşı
Britaniya parlamenti saxta soyqırımı tanıyacaqmı, ekspertlər deyir ki…
Noyabrın 10-da Britaniya parlamentinin aşağı palatası – İcmalar Palatasında qondarma erməni soyqırımı barədə qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. “Yeni Müsavat” xəbər verir ki, əgər 2-ci oxunuşdan da keçsə, gələn ilin martında yuxarı palatanın – Lordlar Palatasının müzakirəsinə çıxarılacaq. Orada da təsdiqlənsə, qanun qüvvəsi alacaq və hökumət üçün məcburi xarakter daşıyacaq.
Eyni xarakterli sənəd layihəsi ermənipərəstlər tərəfindən İsrail parlamentinin (Knesset) gündəliyinə də daxil edilib. Ancaq bu günədək bir neçə belə cəhd olsa da, Knesset tərəfindən rədd edilib. Bəs Britaniya parlamenti? Proqnozlar nə deyir? Böyük Britaniyadakı Erməni Milli Komitəsinin məlumatına görə, qanun layihəsini mühafizəkar deputat Tim Luton təqdim edib. Layihə bu mərhələdən keçərsə, Böyük Britaniya qondarma “erməni soyqırımı”nın rəsmi tanınmasına bir addım da yaxınlaşacaq.
Əlavə edək ki, İngiltərə uydurma məsələni tanımayan yeganə xristian Qərb dövlətidir. İngiltərə həmçinin Fransadan və bir sıra digər Qərb ölkələrindən fərqli olaraq 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında yer aldı. İkitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Görünür, bu da Qərbdəki ermənipərəst dairələri bərk narahat edir və bu kimi təxribatçı addımlarla Bakı-London münasibətlərini korlamağa çalışırlar. Alınacaqmı?
Sonuncu dəfə 8-ci Qlobal Bakı Forumuna ünvanladığı məktubda Britaniyanın baş naziri Boris Conson Azərbaycanla əlaqələrin həmişə belə qalacağını vurğulamışdı və London-Bakı diplomatik münasibətlərinin 2022-də 30 illiyinin qeyd ediləcəyini açıqlamışdı. Britaniya bu gün də Azərbaycanın yanında yer alan dövlətdir və belə olan halda qondarma soyqırıma görə bizimlə münasibətlərin korlanmasına gediləcəkmi?

Sülhəddin Əkbər
Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, Böyük Britaniya yalnız Azərbaycanla deyil, Türkiyə ilə də strateji münasibətlər qurur: “Conson hökuməti Ərdoğan Türkiyəsi ilə sıx münasibət qurmaq niyyətindədir. Bu münasibətlərin korlanmasını istəyən qüvvələr var. Ona görə məsələ dərin araşdırma tələb edir. Çünki Britaniyanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin strateji xarakter daşımasından, sıx əlaqələrindən narahat olanlar var. Hətta bu qanun layihəsi qəbul olunsa belə, düşünmürəm ki, bizə mənfi təsirləri olacaq”.
S.Əkbərin sözlərinə görə, Qərb dünyasının yüksələn Türkiyənin qarşısını almaq imkanı yoxdur: “Axırıncı kartları açırlar. Türkiyəni nüfuzdan salmaq üçün əllərindən gələni edirlər. Bütün elmi-texniki, diplomatik, siyasi-iqtisadi, maliyyə, kəşfiyyat imkanlarından təzyiq kimi istifadə edirlər. Amma Türkiyə və Azərbaycan doğru yoldadır. Eyni zamanda, Türk sammitində verilən qərarlardan sonra hücumlar artacaq, sistemli hal alacaq. Ona görə buna hazır olmalıyıq. Hər bir hərəkət, böyümə qarşı tərəfi təşvişə salır və adekvat addımlar atmağa hazırlaşır. Nəhayət, biz real politikanı öyrənməliyik və artıq strateji, ölçülü-biçili, planlı addımlar atmalıyıq”.

Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qəzetimizə qeyd etdi ki, bu məsələdə bir neçə amilin toqquşmasına şahid oluruq: “Britaniya mətbuatında bəzən Azərbaycanla münasibətlər müzakirə edilir, bu əlaqələr ermənilərin tənqidinə məruz qalır. Görünür ki, indi balans saxlamağa çalışırlar. Əslində bu cür sənədlər tövsiyə xarakteri daşıyır, heç bir hüquqi əhəmiyyəti olmur”.
N.Cəfərliyə görə, digər faktor Türkiyə və Britaniya arasında yaxşı əlaqələr olsa da, vaxtilə “S 400″ məsələsində Londonun Ankaraya iradları olub: ”Ona görə təzyiq olaraq bu qanun layihəsindən istifadə edilə bilər. Əlbəttə, xoş olmayan haldır, amma balans siyasətidir. Lakin hüquqi əsası yoxdur, dünyada bir neçə ölkədə oxşar sənədlər qəbul olunub, Türkiyə ilə gərginliklər yaşayıblar, sonra münasibətlər yumşalıb”.

Cümşüd Nuriyev
Politoloq Cümşüd Nuriyev hesab edir ki, qanun layihəsinin müzakirə edilməsinin arxasında maddi maraq dayanır və Ankara ilə Bakıya siyasi təzyiq alətidir. Onun fikrincə, bunu ermənilərin bəyan etməsi isə 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra onların yenidən ayağa qalxmaq niyyətindən xəbər verir: “Tarixən Böyük Britaniya ikibaşlı siyasət yürüdüb. Bir əlində kökə, o biri əlində isə kötək tutub. London rəsmi dövlət səviyyəsində Azərbaycanla yaxşı əlaqələr qurub. Baş nazir Boris Conson bu barədə şəxsən Azərbaycan Prezidentinə öz münasibətini bildirib. Bu mənada, İcmalar Palatasının qondarma ”erməni soyqırımı”nı tanımaqla bağlı aparacağı müzakirə həm anlaşılandır, həm də anlaşılmaz. Ona görə anlaşılandır ki, Britaniya daxili siyasətində yenə də öz ampulasındadır. Amma ona görə anlaşılan deyil ki, Azərbaycana ən çox investisiya yatıran ölkə məhz Böyük Britaniyadır. “Erməni soyqırımı”nı tanımaqla bağlı İcmalar Palatasının atmaq istədiyi addım hüquqi cəhətdən də anlaşılan deyil”.
C.Nuriyevin qənaətincə, Britaniya parlamentinin hansı qərar verməsindən asılı olmayaraq, onun nə Azərbaycana, nə də Türkiyəyə ziyanı dəyəcək. Ekspert qeyd edir ki, Londonun bu hərəkəti, sadəcə, Türkiyənin artan nüfuzuna və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi dəyərləndirilməlidir.

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın zənnincə, iddia Lordlar Palatasının da müzakirəsindən keçib təsdiqlənəcək: “Məqsəd daha çox Türkiyəyə təzyiq göstərməkdir. Görünür ki, İngiltərədə siyasi dairələr Ərdoğan hakimiyyətini sıxışdırmağı planlaşdırır. Amma Baydenin qondarma soyqırımı dilə gətirməsi heç nəyi dəyişmədiyi kimi, Britaniya parlamentində hansısa qanun layihəsinin qüvvəyə minməsi də təsir göstərməyəcək. Bu, tövsiyə xarakterli sənəd olacaq və ardınca sanksiyalar gətirəcəyini gözləmirəm. Eyni zamanda, Britaniya hökumətinin parlamentin mövqeyinə hansı münasibət sərgiləməsi maraq doğurur. Güman etmirəm ki, Boris Conson Türkiyə ilə əlaqələrin pisləşməsinin arzusundadır. Yəni qanun layihəsinə Azərbaycandan daha çox, Türkiyəyə yönəlik siyasət kimi baxmağın tərəfdarıyam”.
Lakin təhlilçi istisna etmir ki, sənəd yuxarı palatada qəbul olunmaya da bilər: “Buna ümidim azdır, amma gözləntim var. Britaniya baş nazirinin yanaşması da nəticəyə təsir edə bilər. Ancaq dünyada qondarma erməni soyqırımı artıq bir siyasi alətə çevrilib və bütün güclər bundan Türkiyənin inkişafına qarşı istifadə etməkdədir. Çünki qardaş ölkə çox böyüyür, regional gücə çevrilib, diktə edən tərəfdir, Yaxın Şərqdə, Cənubi Qafqazda mövcuddur, Türk Şurası beynəlxalq dairələrin xoşuna gəlmir. Təbii ki, bu siyasətə kontur cavab kimi saxta soyqırımı ortaya atmaqla cavab verməyə çalışırlar”.

