Minsk Qrupuna “ikinci və sonuncu nəfəs” verənlərin əsas hədəfi
Qarabağın işğaldan azad olunması istiqamətində zərrə qədər əməyi və fəaliyyəti olmayan Minsk Qrupu bir illik fasilədən sonra yenidən dövriyyəyə girməyə israrlı cəhdlər göstərir. Azərbaycan, Ermənistan və Fransa XİN rəhbərlərinin Parisdəki görüşünün həmsədrlərin iştirakı ilə keçirilməsi, ardınca Minsk Qrupunun verdiyi bəyanat da bu qurumu diriltməyə yönəlik fəaliyyətin daha bir nümunəsidir.
Bu arada Rusiya XİN rəsmisi Mariya Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgə səfərlərinin bərpa olunmasının vacibliyini bildirib. Rus diplomat qeyd edib ki, qurum ən azından regionda humanitar və sosial-iqtisadi xarakterli məsələlərin həllinə kömək edə bilər. O, həmçinin Minsk Qrupunu “geniş beynəlxalq dəstəyə malik qurum” (?!) adlandırıb.
Təəccüb doğuran yanaşmadır. Minsk Qrupu hansı xidmətləri ilə yadda qalıb ki, ona “beynəlxalq” status da verir Zaxarova? Həmsədrlərin Qarabağa turist səfərlərindən başqa hansı fəaliyyəti olub ki? Bu mənada Zaxarovanın yanaşmasında həqiqət payının olduğunu iddia etməyə heç bir əsas qalmır. 26 illik fəaliyyəti ilə özünü gözdən salmış Mins Qrupu gerçəkdənmi Azərbaycanla Ermənistan arasında böyük sülhün əldə olunmasına hansısa töhfə verə bilər? Həmsədrlərin gözlənilən səfərinin nə faydası olacaq? Yoxsa onlar qaş düzəltmək əvəzinə yenə gözlə oynayacaqlar?
Ümumiyyətlə, Rusiya da daxil, Minsk Qrupunu diriltmək istəyənlərin əsas hədəfi nədir: ermənilərə yarınmaq, Azərbaycanı təzyiq altında, Türkiyəni isə nəzarətdə saxlamaq, yoxsa? İrəvanın məkrli hədəfi bəlli, bəs təzəlikcə öz həmsədrlərini dəyişdirən Rusiya, Fransa? Yaxud ABŞ? Ancaq hər şeyə rəğmən, Azərbaycanın əlində də güclü “kozır” var: qalib və diktə edən dövlət statusu, beynəlxalq hüquq.

Akif Nağı: “Azərbaycan bu qurumun işini iflic etməli, onun qərar və məsləhətlərinə məhəl qoymamalıdır”
QAT sədri Akif Nağı bildirdi ki, böyük dövlətlər Minsk Qrupuna regiona təsir imkanlarını saxlamaq üçün vasitə kimi baxırlar: “Əlbəttə, xristian təəssübkeşliyi, Ermənistanı qoruyub-saxlamaq istəyi də rol oynayır. İstəmirlər ki, güc-bəla ilə regionda qondardıqları xristian Ermənistan məhv olub aradan çıxsın. Amma öz maraqları onlar üçün daha vacibdir. Rusiya və ABŞ Cənubi Qafqazda mövqelərini sürətlə itirir. Fransa yaranmış vəziyyətdən istifadə edib regiona girməyə çalışır. Onların fəallıqları bu amillərlə bağlıdır, niyyətlərindən də geri çəkilmək istəmirlər”.
A.Nağı digər məqama diqqət çəkdi: “Təsadüfi deyil ki, bir müddət əvvəl Rusiya, indi isə Fransa həmsədrlərini dəyişdirdilər. Bununla daha səmərəli fəaliyyət göstərmək istəyirlər. Rusiya daha iddialı və inadlı görünür. Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində möhkəmlənməyə çalışır. Abidə, büst, kilsə oyunları bu məqsədə xidmət edir”.
QAT sədri hesab edir ki, Azərbaycan bu şəraitdə həmsədr dövlətlərin məkrli planlarını pozmaq üçün Minsk Qrupunun fəaliyyətinin bərpa olunmasına imkan verməməli, ya da bu fəaliyyətin tam səmərəsiz olmasına nail olmalıdır: “Bunun üçün qurumun fəaliyyətini yalnız humanitar məsələlərlə məhdudlaşdırmalıdır. Azərbaycan bu qurumun işini iflic etməli, onların qərar və məsləhətlərinə məhəl qoymamalıdır. Əks halda, Minsk Qrupu fəallaşa, Azərbaycanın maraqlarına uyğun prosesləri ləngidə və ciddi fəsadlar törədə bilər”.
“Azərbaycanın zəfər çaldığı İkinci Qarabağ müharibəsindən bir il keçdi. Azərbaycan qarşısına qoyduğu hədəflərin əksəriyyətinə çatdı, ancaq görüləsi işlər də var. Bu sırada yerdə qalan ərazilərin işğaldan qurtarılması, Laçın dəhlizinin nəzarətə götürülməsi, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və Ermənistanla sülh sazişinin imzalanması gəlir”.

Elxan Şahinoğlu: “Müharibədən sonra işsiz qalan həmsədrlər müzakirə predmeti axtarırlar”
Bu fikirlər isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Politoloq qeyd etdi ki, bu arada, bir qisim böyük dövlət və beynəlxalq təşkilat Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində ya rol almaq istəyir, ya da əvvəlki fəaliyyətlərini davam etdirmək istəyirlər: “Misal üçün, gələn xəbərlərə görə, Birləşmiş Millətlər Təşkilatı Qarabağ məsələsində fəallaşmaq istəyir. Bu yaxınlarda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdilər. Səfərin məqsədi xarici işlər nazirləri ilə məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı üçün nəzərdə tutulan rolun konkret aspektlərini müzakirə etmək idi. Ancaq rəsmi Bakı hələ ki, tərəddüd edir. Çünki ATƏT kimi BMT də uzun illər işğalçı Ermənistanla işğala məruz Azərbaycan arasında bərabərlik işarəsi qoyub. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 4 qətnamə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsi idi. Dövlət başçısı İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırdı. Keçmişdə Dağlıq Qarabağ deyilən bölgənin adı dəyişib, hazırda həmin ərazi Qarabağ və Şərqi Zəngəzur adlanır. Demək, başda BMT başda olmaqla digər beynəlxalq təşkilatlar Azərbaycanın bölgü qərarına hörmətlə yanaşmalı, açıqlamalarında və yazışmalarında Qarabağ və Şərqi Zəngəzur ifadələrindən istifadə etməlidirlər. Digər tərəfdən Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən beynəlxalq təşkilatların bu məsələni rəsmi Bakı ilə müzakirə etməsi, yardımı isə Azərbaycan ərazisindən çatdırması tələbi də mövcuddur”.
E.Şahinoğlu bildirdi ki, rəsmi Bakı BMT-nin Bakı ofisi ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Qarabağ məsələsində BMT-nin Bakı ofisinin yeni reallıqları qəbul etməsi təşkilatın Nyu-York ofisi ilə müqayisədə daha yüksəkdir. Reallıq isə bundan ibarətdir ki, Qarabağ münaqişəsi bitib və post-müharibə dövründə önə çıxan humanitar məsələlər Azərbaycanın dövlət strukturları ilə müzakirə olunmalıdır. Rəsmi Bakı BMT-nin Qarabağla bağlı bütün məsələlərini məhz Azərbaycan tərəfi ilə razılaşdırılmasını istəyir. Əgər müharibədən əvvəl BMT-nin Nyu-York ofisində Qarabağ məsələsində Azərbaycanla Ermənistanın mövqelərinə eyni səviyyədə yanaşırdılarsa, bunun bu şəkildə əvvəlki kimi davamı mümkün deyil. BMT-nin Azərbaycandakı nümayəndəliyi isə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıqda problem yaşamaq istəmir. BMT-nin 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi. Buna görə BMT Azərbaycanda hər zaman tənqid olunub. Azərbaycan tərəfinin ”Siz niyə özünüzün qəbul etdiyiniz qətnamələri görməzlikdən gəlirsiniz” sualına BMT rəsmilərinin ortaq cavabı belə olub: “Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəkləyirik”. Bu cavab Moskva, Vaşinqton və Parisin ATƏT-də olduğu kimi BMT-də də əsas söz sahibləri olmalarından irəli gəlir. BMT Təhlükəsizlik Şurasının üzvləri olan Minsk Qrupu həmsədrləri – Rusiya, ABŞ və Fransa BMT qətnamələrinin bu təşkilatda müzakirəsinə hər dəfə əngəl oldular və bağlı qapılar arxasında dedikləri bu idi: “BMT bu problemə qarışmasın, bu məsələ bizlikdir”. Həmsədrlər “bizlik” dedikləri problemi illər uzunu inhisara aldılar, işğala seyrçi qaldılar və nəticəsi… İkinci Qarabağ müharibəsi oldu, haqqında danışılan BMT qətnamələri tarixdə qaldı”.
Bəs indi BMT Azərbaycanla Ermənistana hansı məsələnin və ya məsələlərin həllində yardımçı ola bilər?
E.Şahinoğlu: “Birincisi, BMT-nin minaların təmizlənməsi məsələsində fəallaşması Azərbaycan üçün faydalıdır. Digər tərəfdən BMT-nin Qarabağdakı ermənilərə hansısa humanitar yardımların çatdırılması Azərbaycan üzərindən həyata keçirilməlidir. Bununla BMT Azərbaycanın ərazi bütövlüyünə hörmətini əyani göstərmiş olar. Rusiya Qarabağ ermənilərinə humanitar yardımı Ermənistan üzərindən çatdırmaqda davam edir. Rəsmi Bakı bunun dəyişdirilməsinə çalışır. Bunun üzərində çalışmalar davam edərkən, rəsmi Bakı beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qırmızı Xaş Komitəsinin Qarabağdakı ermənilərlə əlaqələrinin Bakı üzərindən həyata keçirilməsində israrlıdır, yəni Xankəndinə yüklər Ağdam və Füzuli istiqamətindən çatdırılmalıdır. Ermənistan hakimiyyəti isə bunun məhz belə olacağını bildiyindən Qarabağdakı ermənilərə BMT-nin humanitar yardım çatdırılmasının əleyhinədir. İkincisi, BMT iki ölkə arasında sülh quruculuğu işinə töhfə verə bilər. İşğal dövründə ”sülh quruculuğu” Azərbaycanın maraqlarına cavab vermirdi. Çünki Ermənistan “sülh quruculuğunu” işğal davam edərkən təklif edirdi. Azərbaycan isə bunun əleyhinə idi. İndi isə əksinə, rəsmi Bakı münaqişənin bitdiyini bildirərək sülh quruculuğu çalışmalarının başlamasını məqbul sayır. Ancaq bu proses müsbət nəticəyə köklənməlidir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmalıdır”.
“Atlas” rəhbəri Minsk Qrupu həmsədrlərinin fəallaşmasını təsadüfi saymır: “Müharibədən sonra işsiz qalan həmsədrlər müzakirə predmeti axtarırlar ki, yenidən Bakı və İrəvana səfər edə bilsinlər. Rəsmi Bakı isə status məsələsini həmsədrlərlə müzakirə etməyəcəyini dəfələrlə bildirib. Azərbaycan hakimiyyəti həmsədrlərin Azərbaycanla Ermənistan arasında etimadın yaradılması və humanitar məsələlərin müzakirəsində vasitəçi olmasına etiraz etmir. Bununla yanaşı Bakının həmsədrlərin minaların təmizlənməsi, diversantların dəyişdirilməsi və sülh quruculuğu məsələsində kollektiv vasitəçiliyinə müsbət yanaşmadığı hiss olunur. Məsələ burasındadır ki, son bir ildə minaların təmizlənməsində konkret dövlətlər vasitəçi oldu, ancaq bu vasitəçilik işə yaramadı, çünki Ermənistanın təqdim etdiyi xəritələrin çoxu saxta idi. Diversantların Ermənistana zaman-zaman ötürülməsində də rəsmi Bakının həmsədrlərin vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh quruculuğuna gəldikdə isə bu çalışmalarda beynəlxalq qeyri-hökumət təşkilatlarına üstünlük verilə bilər. Ümumiyyətlə, rəsmi Bakı çalışır ki, həmsədrlik institutu getdikcə arxa plana keçsin, onlara ehtiyac qalmasın. Bu doğru strategiyadır. ATƏT sədrinin Cənubi Qafqazdakı təmsilçisi Andyej Kaspriçik də müharibədən sonra işsiz qalıb. Onun ofisi müharibədən öncə atəşkəsin monitorinqini aparırdı, indi isə bu vəzifəni Türkiyə və Rusiyanın ortaq monitorinq mərkəzi həyata keçirir. Demək, Kaspşikin də fəaliyyətinə ehtiyac qalmayıb. Həmsədrlər kimi, o da uzun müddətdir ki, Bakıda görünmür. ATƏT-də Kaspşiki bir başqa diplomatla əvəz etmək ehtimalı yüksəkdir, ancaq əvvəlcə onun ofisinin nə ilə məşğul olacağı aydınlaşdırılmalıdır”.
Göründüyü kimi, ekspertlərimiz də həmsədrlərin bölgəyə yenidən qayıdışına zərurət görmür. Nə rəsmi Bakı, nə də Azərbaycan cəmiyyətinin etimadının olmadığı bir qurum niyə zorla özünü sırımağa çalışır? Hər halda məqsədləri bəllidir. Amma şair demişkən: “Adamın üzündə haya gərəkdir…” BMT qətnamələrini təkbaşına yerinə yetirən ölkəyə lazım olmadıqlarını doğrudanmı anlamırlar?..

