Sərhədçi qəhrəmanlar Araz boyu ildırımsürətli hücumdan danışdılar – FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən Müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, tədbir iştirakçıları ölkəmizin bötüvlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Vətən Müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının torpaqlarımızın azad olunması uğrunda gedən müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.
Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.
Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsində Dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.
Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənənələrini layiqlə davam edəcəklərinə əminlik bildiriblər.

