Siyasət 

Zibil yeşiyinə atılan eybəcər “Berdzor”…

Ermənilər Laçının özü kimi adını da əsarətdə saxlamaq istəyirdilər

Təəssüf ki, dünyanın demokratiyadan, beynəlxalq hüququn aliliyindən, insan haqlarından dəm vuran gücləri mənfur erməni cinayətkarları tərəfindən suveren ərazimizin iyirmi faizinin işğal edilməsinə və torpaqlarımızın 30 il əsarət altında qalmasına, qoca-uşaq demədən dinc sakinlərimizin qətlə yetirilməsinə, bir milyondan artıq insanın öz doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünlük həyatı yaşamasına, şəhərlərimizin, kəndlərimizin, tarixi abidələrimizin, bütün mövcud infrastrukturun tamamilə dağıdılmasına göz yumdular. Bütün bu illər ərzində rayonlarımızın işğal tarixlərini, faciələrin ildönümünü qeyd etməli olduq. Qan tökülməsini istəməyərək aparılan sülh danışıqlarına sadiq qalan, dünyanın ən ali təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ümidini itirmədən dözüm nümayiş etdirən Azərbaycanın, nəhayət, bütün bu ikili yanaşmalardan, mənasız danışıqlardan, xüsusilə də ermənilərin cəzasızlıqdan daha da azğınlaşmasından səbri tükəndi.

Şanlı Qələbəmizlə bitən Vətən müharibəsi torpaqlarımızın işğalına son qoymağımızla bərabər, həm də erməni faşizminin məhv edilməsi, qanunun aliliyinin və tarixi ədalətin bərpa edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi düşmənin ağır məğlubiyyəti, kapitulyasiya aktını imzalamasına məcbur olması ilə yekunlaşdı və bu il artıq rayonlarımızın işğalının ildönümünü deyil, azad edildiyi günləri qürur hissi ilə qeyd edirik. Qələbə tariximizə qızıl hərflərlə yazılan bu günlərin ən əhəmiyyətlilərindən biri də 1 dekabr Laçın rayonunun

işğaldan azad olunması günüdür. Məhz bu tarixdə ermənilər tərəfindən Laçının boşaldılması ilə dövlət sərhədimiz tam bərpa edilmiş oldu.

Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərləri tərəfindən 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən atəşkəs elan olunanda artıq müharibənin müqəddəratı bəlli idi və düşmən ölkənin ordusunun müqavimət göstərmək gücü qalmamışdı.

Xatırladaq ki, Bəyanatın imzalanmasından iki gün öncə Şuşa şəhəri, noyabrın 9-da isə digər çoxsaylı yaşayış məntəqələri ilə bərabər, Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Odur ki, Ermənistanın baş naziri təslimçilik sənədini imzalamağa və qoşunlarının tör-töküntülərini Ağdamdan, Kəlbəcərdən və Laçından çıxarmağa məcbur oldu. Əks halda, düşmənin itkilərinin dəfələrlə çox olması qaçılmaz idi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində vurğulamışdır ki, digər işğal olunmuş rayonlardan fərqli olaraq burada çox ciddi məskunlaşma siyasəti aparan Ermənistan rəhbərliyinin Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Düşmən ölkə hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir və əfsuslar olsun ki, ədalətdən danışan bəzi Qərb dairələri onların bu mövqeyini dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha da barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı.

Dövlətimizin başçısı müraciətində bildirmişdir ki, məhz Azərbaycanın şanlı Qələbəsi Ermənistanı yaranmış yeni reallıqla barışmağa məcbur etmişdir: “Biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı.”

Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasındakı böyük Qələbəsinə, torpaqlarımızın düşməndən təmizlənməsinə uzun illər çox dəqiq, məqsədyönlü, ardıcıl şəkildə aparılmış siyasət nəticəsində nail oldu. Və münaqişənin dondurulmuş vəziyyətdə qalmasında, status-kvonun davam etməsində maraqlı olan Ermənistan rəhbərliyinin, onların havadarlarının “Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” sözlərinə cənab Prezidentimiz haqlı olaraq cavab verirdi ki, məsələnin bir də hərbi yolu var. Əgər döyüş meydanında düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə nə digər işğal etdiyi torpaqlardan, nə də Laçından çıxmazdı. Çünki düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü.

Ermənilər ərazilərimiz kimi, toponimlərimizi də işğal etmişdilər və Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər – “Berdzor”. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər və dekabrın 1-də Laçın azadlığını öz əbədi adı ilə qeyd edəcək. Mübarək olsun!

Daha çox xəbərlər