Siyasət 

Brüsseldən əvvəl Soçi görüşü…

Onun yekunları regiona nə vəd edir?

Elman Nəsirov: Əsas qərarlar və yekun sənədlər daha çox Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə olacaq

Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.

“Bu görüş nə dekabrın 15-ində, nə də noyabrın 26-da gözlənilirdi. Belə bir görüş noyabr ayının 9-10-da nəzərdə tutulurdu. Niyə məhz noyabrın 9-10-da? Çünki müharibənin, münaqişənin bitməsi, hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci ilin 10 noyabrında tarixi bir sənəd imzalanmışdı. Bu üç dövlətin rəhbərlərinin o sənəddə imzaları var”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

E.Nəsirov diqqəti cari ilin yanvar ayının 11-də keçirilən Moskva görüşünə çəkərək qeyd edib ki, həmin görüşdə baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradıldı: “ Görüşün məqsədi kommunikasiyaların, nəqliyyat əlaqələrinin bərpası ilə  bağlı idi.  Sayca üçüncü görüş isə hərbi əməliyyatların dayandırılmasının, Ermənistanın kapitulyasiya aktını imzalanmasının bir illiyinə təsadüf etməli idi. Amma bu görüş baş tutmadı. Azərbaycan tərəfi buna hazır idi, lakin Ermənistanın baş naziri N.Paşinyan görüşdən yayındı. Hələ bu azmış kimi noyabr ayının 16-da Ermənistan-Azərbaycan sərhəddində növbəti hərbi əməliyyata da başladı. Suallar yarandı ki, görüşdən imtina edən Paşinyanın hərbi avantüraya əl atması nədən qaynaqlanır? Axı bu variant nəzərdə tutulmurdu? Bütün tərəflərin danışıqlardan bəhs etdiyi bir məqamda yenidən müharibəmi başlayır? Çox mənasız, məntiqsiz proseslər idi”.

Deputatın sözlərinə görə, təhlillər bu qənaətə gəlməyə əsas verirdi ki, Paşinyanın məqsədi bir neçə istiqamətdə, eyni zamanda, ölkə daxilində və xarici siyasət məsələlərində üstünlük əldə etməkdir: “ Baş nazir düşünüb ki, belə bir addımın atılması ona üstünlük gətirə bilər. Birincisi, Paşinyan daxildə ona təzyiq göstərən müxalif qüvvələrə, revanşistlərə göstərmək istəyirdi ki, o, prinsipialdır, qətiyyətlidir və güzəştə getmək niyyəti yoxdur. Çünki oppenentləri Paşinyanı növbəti kapitulyasiya aktına imza atmağa hazırlaşmaqda ittiham edirdilər. İkincisi, bu addımı atmaqla gözəl bilirdi ki, onun gücü, ordusu Azərbaycan kimi güclü ordusu olan dövlətin qarşısında dayana bilməz. Əgər elə bir gücü olsa idi müharibə dövründə məlum sənədə imza atmazdı”.

E.Nəsirov qeyd edib ki, Ermənistan baş naziri belə bir addım atmaqla revanşistləri, ölkəsinin silahlı qüvvələrindəki nümayəndələri, etibar etmədiyi kəsləri proseslərdən uzaqlaşdırmaq, tərksilah etmək istəyib. Deputat bir faktı yada salaraq söyləyib ki, Ermənistanın sabiq müdafiə naziri Karapetyan yaz aylarında açıq və gizli şəkildə Paşinyanın əleyhdarı kimi çıxış edib: “16 noyabr məğlubiyyəti isə Paşinyana imkan verir ki, artıq Karapetyanı təcrid etsin. Bunun ardınca güc qurumlarında digər həbslər, vəzifədən uzaqlaşdırmalar istisna deyil”.

E.Nəsirov Paşinyanın üçüncü niyyətinin Rusiyanı bu prosesə cəlb etmək olduğu qənaətindədir: “Azərbaycanla sərhəddə hərbi əməliyyatlar başlayıb və daha Qarabağ söhbəti yoxdur. O istəyir ki, hərbi əməliyyatlar sərhəddə getdiyindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etsin, 1997-ci ildə imzalanmış Rusiya-Ermənistan hərbi yardım haqqında müqaviləni işə salsın. Sübut etsin ki, qırx dörd günlük müharibə Qarabağda baş veribsə, amma indi isə hərbi əməliyyatlar Ermənistanla sərhəddə    gedir. Guya Azərbaycan Ermənistanın ərazisinə daxil olub, Ermənistanın ərazilərini zəbt edir. Rusiyanı bu prosesə qatılmayanda isə onu ittiham etsin ki, siz Azərbaycanı müdafiə edirsiniz. Belə olan halda ATƏT-in Minsk qrupunun digər həmsədrləri- Fransa və ABŞ-ın sülhməramlı qüvvələrinin regiona gətirilməsi ilə bağlı münbit şərait yaratsın. Fikir verirsinizmi, Paşinyan neçə başlı kombinasiyalı oyun oynamaq istədi. Lakin heç biri baş tutmadı”.

E.Nəsirov “Sizcə, Soçi görüşündə nələr müzakirə olunacaq? sualını cavablandırarkən bildirib ki, ilk növbədə müzakirə olunan məsələ iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyasiyası ilə bağlı olacaq: “ Paşinyan noyabrın 23-də keçirdiyi onlayn mətbuat konfransı zamanı qeyd etdi ki, heç bir halda Soçi görüşündə delimitasiya və demarkasiya ilə bağlı nəticələrin təsdiqlənməsi olmayacaq. Söhbət bu problemin həlli ilə bağlı kommisiyanın yaradılmasından gedir. Eyni zamanda, məlum oldu ki, Paşinyan “Zəngəzur dəhlizi” ifadəsini dilinə gətirmək istəmir. 10 noyabr sənədində nəqliyyat və kommunikasiyaların bərpası qeyd olunub. Prezident İlham Əliyevin cari ilin 7 iyul tarixli Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Bəli, biz öz tarixi ərazilərimizə qayıdırıq. Amma tankla, topla deyil. Biz ora dinc yolla, iqtisadi, kommunikasiya əlaqələri ilə qayıdırıq. Bu, başqa bir qayıdışdır.İndi belə bir informasiya yayıblar ki, guya Paşinyan Soçi görüşündə növbəti kapitulyasiya aktına imza atacaq və s. bu kimi manipulyasiya ilə məşğuldurlar”.

Deputat əminliyini ifadə edib ki, əsas qərarlar və əsas yekun sənədlər daha çox Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşdə olacaq: “İndiyə qədər keçirilən hər görüş növbəti sənədin imzalanması ilə yekunlaşıb. Mənim subyektiv fikrimə görə, görüşdə delimitasiya, demarkasiya, Zəngəzur dəhlizi, minalanmış ərazilərin dəqiq, dürüst xəritələrinin Azərbaycana verilməsi  ilə bağlı məsələlər və regionda etimad mühitinin formalaşması müzakirə olunacaq.

Xatırladım ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd etdi ki, artıq aparılan danışıqlar nəticəsində Ermənistanın müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı razılıq əldə edilib. Yəni, gələcəkdə hərbi insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri heç kimi gözləmədən telefon danışığı aparsın. Bu razılaşma var və istina deyil ki, bu gün müdafiə nazirləri arasında birbaşa əlaqə varsa, sabah xarici işlər, nəqliyyat nazirləri arasında belə təmaslar ola bilər. Yəni, məqsəd odur ki, etimad mühiti formalaşsın. Xəritələrə gəldikdə isə təhvil verilən xəritələrin 75 faizi yalandır, qeyri-dəqiqdir”.

Milli Məclisin deputatı son olaraq bildirib ki, Azərbaycanın gələn il üçün hərbi büdcəsi daha da artacaq. Bu, Ermənistana Azərbaycan dövləti tərəfindən verilən bir siqnaldır ki, xəyallarla, utopiya ilə yaşamasınlar: “ Birdən xəyalınıza gələr ki, üçüncü müharibəyə cəhd edəsiniz. Bu, sizin sonunuzun başlanğıcı olar. Biz həm güclənirik və eyni zamanda, əlimizi zəifə uzadırıq”.

Daha çox xəbərlər