Bakı və Moskva ümumi regional yanaşmaya malikdir
Soçi görüşünü həm də Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur kimi dəyərləndirmək olar
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə dövlətimizin gücünün, ordumuzun qüdrətinin sübutu oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun hərb meydanında qazandığı şanlı Zəfərin diplomatik tamamı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat oldu. Bu diplomatik uğurumuzdan bir il vaxt ötüb.
Bu bir il ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.
Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. Bunun fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqladırır.
Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.
26 noyabr 2021-ci il tarixində Soçi şəhərində keçirilən görüş Azərbaycanın növbəti diplomatik qələbəsidir. Çünki, 26 noyabr Bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Bizi sevindirən ən vacib amillərdən biri Bəyanatda Qarabağ ifadəsinin olmaması və hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapmasıdır.
Soçi görüşünü həm də Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.
Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir.Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.
26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.
Azərbaycan tərəfi 26 noyabr Bəyanatında əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını atacaq. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib.
Azərbaycan dövləti hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşmış, üzərinə düşən öhdəliklərin yerinə yetirilməsində məsuliyyətli davranmışdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizə olan müsbət maraqlar artmışdır. Vətən müharibəsində qazandığımız Qələbənin yaratdığı yeni reallıqlar qarşımızda yeni və daha geniş siyasi sfera açmışdır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlər, qurulan infrastruktur layihələr yaranmış yeni reallıqlara Azərbaycanın iqtisadi potensialının tətbiqi sayəsində mümkün olmuşdur.
Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilər sırasında bizim Füzuli şəhəri və 61 kəndimizin də adları var. Biz füzulilərin qürur mənbəyidir ki, rayonumuzun ərazisində yol-nəqliyyat infrastrukturu yüksək səviyyədə qurulur, Horadiz-Ağbənd dəmir yolu sürətlə çəkilir, Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə hazırdır. Bəllidir ki, ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş bölgələrə, eləcə də bizim rayonumuza səfərlər edirlər. Bu səfərlər zamanı olduqca əhəmiyyətli obyektlərin təməlqoymaları və açılışları reallaşdırılır. Bütün bu görülən işlər və qazandığımız həm hərbi, həm də diplomatik qələbələr dövlətimizin parlaq gələcəyinə qəti əminlik yaradır.
Kənan Quliyev,
Fəqan Zalov adına Horadiz şəhər 3№li tam orta məktəbin direktor müavini

