Rusiya-Ukrayna müharibəsi Azərbaycan üçün fürsət ola bilərmi – mövqe
Fərəc Quliyev: “Dövlət bir işi görərsə, bir ciddi plan qurarsa, onu açıq bəyan eləməz, nə zaman həyata keçirəcəyini açıqlamaz”
Rusiya sərhəddə 92 mindən çox hərbçi cəmləşdirib. Bəzi mülahizələrə görə, iki ölkə arasında müharibə gələn ilin yanvar və fevral aylarında başlaya bilər. Ukrayna Müdafiə Nazirliyi hücumun necə həyata keçiriləcəyi mexanizmini açıqlayıb. Kiyevin iddiasına görə, Rusiya Odessa və Mariupol şəhərlərinə desant çıxaracaq. Növbəti müharibənin 2014-cü ildəki müharibədən daha dəhşətli olacağı ehtimal edilir.
NATO-nun və ABŞ-ın Ukraynanı bu dəfə daha ciddi şəkildə müdafiə edəcəklərini, Rusiyanı sərt hədələmələrini də nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsinin miqyasının mənzərəsi aydın olur. Belə bir vəziyyətdə “Ukraynada böyük güclərin toqquşması olarsa, aləm qarışarsa, Azərbaycan da hələ özünün nəzarətində olmayan torpaqlarını qısa müddətdə – birdəfəlik azad etmək üçün lokal hərbi əməliyyatlar başlatsın” kimi təkliflər var. Bəs bu təkliflər nə dərəcədə məntiqlidir və Azərbaycanın bu addımı atması mümkünmü? Bu, göründüyü qədər sadə məsələdirmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, bütün torpaqlarımızda suverenliyimizin bərpa olunması vətəndaşların arzusu, istəyidir və bu, təbiidir. Bu arzunun reallaşdırılması üçün də insanların müxtəlif fikirləri, təklifləri ola bilər. Bunu da normal qarşılamaq lazımdır: “Rusiya on illər boyu Ermənistanı müdafiə etdiyi və nəticədə torpaqlarımız erməni işğalında qaldığı üçün insanlarda ”Rusiyanın başının qarışdığı günü gözləyək, Rusiyanın başı qarışsın biz fürsətdən istifadə edib torpaqlarımızı azad edək” kimi fikirlər həmişə olub. 44 günlük Vətən savaşından öncəki illərdə bu cür fikirlər daha çox yayılırdı. Lakin Azərbaycan dövləti Rusiyanın hansısa bir ölkə və ya ölkələrlə müharibə etmədiyi, başının qarışmadığı bir dövrdə öz torpaqlarını azad elədi. İndi də insanlarımız postmüharibə dövrünün risklərinin aradan qaldırılmasını, hələ də erməni separatizminin qaldığı ərazilərimizin də azad olunmasını istəyirlər və bunun üçün ən müxtəlif təkliflər irəli sürürlər. Bunu da təbii qarşılamaq lazımdır və qınamağa ehtiyac yoxdur. Amma mən hesab eləmirəm ki, “Rusiya-Ukrayna müharibəsi başlayacağı və dünya bir-birinə dəyəcəyi halda biz fürsətdən istifadə edib hərbi əməliyyatlara başlamalıyıq” fikri dövlət siyasətinə çevriləcək tezisdir. Əvvəla, dövlət bir işi görərsə, bir ciddi plan qurarsa, onu açıq bəyan eləməz, nə zaman həyata keçirəcəyini açıqlamaz, sadəcə, hazırlığını görüb məqbul zamanda planını reallaşdırar. Necə ki, 2020-ci ildə Azərbaycan bunu etdi.

Fərəc Quliyev
Azərbaycan dünyada baş verən hadisələri, beynəlxalq regional vəziyyəti düzgün qiymətləndirdi və qəti iradə ortaya qoydu. Qələbəmizdə bu amilin də ciddi rolu oldu. Siyasətdə dəqiq zamanlama çox vacib və həlledici amillərdəndir. Bundan sonrakı addımlarımızda da bunu nəzərə almalıyıq. Hansı addımı hansı zamanda atmağı dəqiq ölçüb-biçməliyik. Üçüncü dövlətlərin daxilində baş verən hadisələrə, başqa dövlətlərin arasında yaranan münasibətlərə özümüzün qurtuluşumuzu, qalan problemlərimizin həllini bağlasaq, şahmat termini ilə desək, bu, qara fiqurlarla oynamaq olar. Biz bu elementi yadda saxlamaqla istənilən gələcək addımlarımızda əgər bizim real addım atacağımız zamanda bu da baş verərsə, nə etməli sualının cavabını axtara bilərik”.
F.Quliyev hesab etmir ki, müvafiq dövlət qurumlarımız Rusiyanın Ukrayna və ya Ukraynanın müttəfiqləri ilə müharibəsinin başlanmasını və başının qarışmasını gözləyir: “Azərbaycanın separatçıların olduğu ərazimizi azad etmək üçün əlində kifayət qədər imkanlar var. 10 noyabr üçtərəfli bəyanatının bütün bəndlərinin həyata keçməsi üçün Rusiyanın öz imzasına hörmət eləməsini təmin etsək, Rusiya-Türkiyə münasibətlərinin üstün vəziyyətdə qalmasını təmin eləsək kifayət edər. Biz torpaqlarımızın tamını mümkün və bizə zərər gətirməyəcək variantlarla azad etməliyik. Hesab edirəm ki, Azərbaycan dövlətinin plan və taktikasının hazırlanmasında bütün bu məsələlər, detallar nəzərə alınır. Biz gözləməliyik ki, Rusiyanın başı qarışsın, sonra hərəkətə keçək. Bizim bu gün əlimiz onsuz da güclüdür, qalib və üstün tərəfik. Biz bu və digər imkanlarımıza arxalanaraq hərəkət etməliyik”.

