“Əgər İran maraqlı olacaqsa…” – ekspert
İranla iqtisadi əməkdaşlıq nə qədər dərinləşdirilə bilər?
Azərbaycanla İran arasında münasibətlərdə yaranan ilıqlaşma, iqtisadi əməkdaşlıq istiqamətindəki aktivlik regional baxımdan mühüm proses kimi dəyərləndirilməkdədir. İranın bir müddət əvvəl Aşqabadda Türkmənistan və Azərbaycanla qaz alqı-satqısına dair SVOP sazişini imzalaması, ardınca Tehranla Bakının Şimal-Cənub nəqliyyat dəhlizinin avtomobil daşımaçılığı sahəsində əhəmiyyətli müqavilələr imzalaması regional əməkdaşlığın inkişafı baxımından pozitiv addımlar hesab olunur. Xüsusilə Tehranın Azərbaycan və Gürcüstana Şimal-Cənub nəqliyyat dəhlizi üzrə avtomobil yollarının əlaqələndirilməsi təklifi irəli sürməsi Ermənistan tərəfindən ciddi qıcıqla qarşılanıb. Təklif avqust-oktyabr aylarında İranla Azərbaycan arasında yaranan gərginlikdən bu dəhlizin öz ərazisindən keçməsi üçün istifadə etməyə çalışan Ermənsitanın ən azı yaxın beşillik müddətdə mühüm əhəmiyyətli regional prosesdən kənarda qalması deməkdir.
İran tərəfi Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində öz ərazisindən keçən yüklərin Azərbaycan və Gürücüstan vasitəsilə Avropaya ötürülməsində maraqlı olduğunu açıqlayıb. Ardınca İran Astarasında yeni və daha böyük ötürücülük gücünə malik avtomobil körpüsünün tikintisi üzrə Azərbaycanla müqavilə imzalayıb. Yaxın vaxtlarda dəhlizin dəmiryol seqmenti üzrə fəaliyyətlərin sürətləndirilməsinə dair İranla Azərbaycan arasında yeni sənədlərin imzalanması gözlənilir. Azərbaycan İranın regional və beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirak təkliflərinə nə qədər inana bilər? Cənub qonşumuzla iqtisadi əməkdaşlığı nə qədər dərinləşdirə bilərik?

Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadiqovun dediyinə görə, İranla münasibətlər çox ciddi və incə məsələdir: “Təcrübə göstərir ki, İranla iqtisadi, yaxud strateji əməkdaşlıq nəinki Azərbaycan üçün, hətta digər bir çox bölgə dövlətləri üçün də heç ortamüddətli ola bilmir. Son 40 ilə baxsaq, İranın digər dövlətlərlə əməkdaşlığı daha çox fraqmnental xarakter daşıyır. Strateji uzunmüddətli əməkdaşlıqlar, demək olar ki, olmur. Bunun bir çox səbəbləri var: burada İranın uranı zənginləşdirmək cəhdləri, bu cəhdlərə görə tətbiq olunan sanksiyalar və sair siyasi səbəblər əsas rol oynayır. Bu şərtlər daxilində İranla uzunmüddətli müqavilə bağlamaq istəyən ölkələr ehtiyat edirlər ki, sabah Tehran hansısa bir sərt açıqlama versə, yaxud nüvə silahı əldə etmək istiqamətində yeni cəhddə bulunsa, bunun ardınca sanksiyalaın icrasına nəzarət artacaq və qurulan əməkdaşlıq dayandırılacaq. Açığı, müəyyən dövrlərdə İrana qarşı sanksiyaların icrasına nəzarət zəiflədilir, ölkənin regional müstəvidə layihələrin icrasına qoşulmasına göz yumurlar. Lakin sonra yenidən sərtləşmə başlayır”.

Elman Sadiqov
Azərbaycana gəlincə, ekspert xatırladır ki, son aylara qədər ölkəmizin İranla sanksiyaların əhatə dairəsinə düşməyən əməkdaşlıq əlaqələri kifayət qədər inkişaf etmişdi: “Aşqabadda imzalanan sazişi İran üçün bir şans, açılan qapı kimi də dəyərləndirmək olar. Lakin sonradan baş verən proseslər göstərir ki, İranın özündə belə ölkənin inteqrasiyasını istəməyən qüvvələr var və onların təsir gücü elə də az deyil. Yəni İranın hakimiyyət elitası birrəng deyil, iqtisadi-siyasi proseslərə fərqli yanaşmaları olan qüvvələrdən ibarətdir. Bu baxımdan, İranın Azərbaycanla müqavilələrinin perspektivi barədə dəqiq fikir yürütmək mümkün olmur. Bilmək olmur ki, bu gün Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirən Tehran sabah hansı ritorika çıxış edəcək. Buna görə də Azərbaycanın İranla əməkdaşlıq sahəsində son dərəcə ehtiyatlı davranması, alternativləri hər an hazır saxlaması vacibdir. Son aylarda bu ölkənin Azərbayana münasibətdə sərgilədiyi kəskin fərqli yanaşmalar da göstərir ki, ehtiyatlı davranmaq bizim üçün mühüm önəm daşıyır. Əlbəttə, beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı prosesləri yürütmək, bağlanan sazişlərə əməl etmək lazımdır. Şimal-Cənub nəqliyyat dəhlizinin işə başlaması Azərbaycandan daha çox İran üçün lazımlıdır: ölkə bu dəhlizdən çox böyük dividentlər əldə edəcək. Ona görə də layihənin reallaşmasında son dərəcə maraqlıdır. Bu baxımdan, Azərbaycan da müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl edəcək – necə ki, indiyədək edib. Amma layihənin yekunlaşmasında yenə İranın rolu, davranışı mühüm rol oynayacaq. Əlbəttə, əgər İran qarşılıqlı və bərabərtərəfli əməkdaşlıqda maraqlı olacaqsa, Azərbaycana münasibətdə ərazi bütövlüyü, suveren hüquqlara hörmət prinsipinə əməl edəcəksə, eyni davranışı bizdən də görəcək və əməkdaşlıq getdikcə həqiqətən dərinləşəcək. Düşünürəm ki, İran məhz belə davranacaq və ritorikasını dəyişəcək”.

