Şanlı Qələbəmizin rəmzi olan Zəfər Paradı
Azərbaycan xalqı 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, uzun illər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə itirilən torpaqlarımızı geri qaytarmağa nail olaraq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır. Azərbaycan xalqı bu gün də sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbənin sevincini, yüksək fəxarət duyğuları ilə, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Şübhə yoxdur ki, xalqımızın şərəf və ləyaqət tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Beləliklə, 27 sentyabr tarixində başlayan, 10 noyabrda isə sona yetən 44 günlük müharibə bütün dünyaya kimin kim olduğunu və Azərbaycan – Ermənistan dövlətləri arasındakı fərqi aşkar şəkildə göstərdi. Uzun illərdir ki, Ermənistanın özü barədə yaratdığı “məğlubedilməzlik” mifi şanlı Ordumuz tərəfindən yerlə bir edildi. Xatırladaq ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həlli üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə bağlı qorxutmağa, təhdid etməyə çalışırdılar. Nəticədə belə də oldu. Sadəcə bir fərqlə, erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildi. Sadəcə bu hadisənin özü belə Ermənistana nəyin nə olduğunu görmək üçün kifayət edəcək tutarlı faktdır.
Bu gün şanlı Zəfər Paradımızı xatırlayarkən bir daha qürurlanır, qalib xalqın nümayəndəsi olduğumuzu dərk edirik. Bakının mərkəzində qalib Ordunun mənsubları olan qəhrəman əsgər və zabitlərimizin keçidi, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, Ordumuzla eyni sıralarda qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı həmin günün yadda qalan nüansları idi. Paradın ən əlamətdar xüsusiyyətlərindən biri isə şübhəsiz ki, paradın türk dünyasının iki lideri tərəfindən qəbul edilməsi idi. Bu dosta, düşmənə verilən ciddi bir mesaj idi. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz təcəssümü idi. Paradın açılışında iki qardaş dövlətin liderlərinin çıxışı isə bütün dünyaya verilən mesajlarla zəngin idi. Ümumiyyətlə, İkinci Qarabağ savaşında Türkiyənin siyasi, mənəvi baxımdan Azərbaycanın yanında olması ölkəmizə əvəzolunmaz dəstək qazandırdı. Cəbhədə gedən döyüşləri Türkiyənin siyasi elitası, ictimaiyyəti də bizim qədər diqqətlə izləyir və bu prosesdə ədalətin zəfər çalması üçün öz rolunu ortaya qoyurdu. Prezident Rəcəb Tayyib Ərdoğan həmin vaxt bütün kürsülərdə Azərbaycanın bir haqq savaşına girdiyini, bu savaşın sonunda təcavüzkarın məğlub olacağını dünyaya uca səslə bəyan edirdi. Bununla yanaşı, Türkiyə televiziyaları cəbhədəki hər gün dəyişən vəziyyətə dair ekspertlər qrupu ilə operativ şəkildə və güclü məntiqə söykənən təhlillər aparırdı. Ermənistanın davranışları dramatik şəkil alanda, anti-insani xarakterini ortaya qoyanda Türkiyə ictimai rəyi, siyasi institutları Azərbaycanın ədalətli mövqeyi ətrafında daha sıx həmrəylik nümayiş etdirirdi. Türkiyə mediası xüsusi fəallıqla öz tribunasından Ermənistanın faşist hərəkətlərinə beynəlxalq aləmin diqqətini cəlb edirdi. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə intensiv əlaqə saxlayır, Qarabağdakı gərgin vəziyyətə dair birgə müzakirələr aparırdı. Etiraf etməliyik ki, bu amillər bizə çox böyük dəstək oldu. Biz Türkiyəni Azərbaycanın Qarabağ yarasının közünü həmişə özündə hiss edən bir ölkə kimi gördük. Türkiyənin yaralarını da eynən biz özümüzünkü kimi hiss etdik. Azərbaycan və Türkiyə əsl qardaş, əsl dost, əsl müttəfiq olmağı bacaran dövlətlərdir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.
Qeyd edək ki, qələbəni bizə yaxınlaşdıran, paytaxt Bakı küçələrinin zəfər nidaları ilə cingildəməsinə səbəb olan əsas nüanslardan biri kimi ordu quruculuğu vurğulanmalıdır. Heç kəsə sirr deyil ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 17 il ərzində güclü ordu qurmağa müvəffəq olaraq, ərazilərini işğaldan azad edib. Ötən illər ərzində tarixi layihələr həyata keçirən Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib. Eyni zamanda, ölkədə siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsinə nail olunub. Bütün bunlar Qələbəmizi şərtləndirən amillərdir.
Beləliklə, məhz keçən il Azərbaycan xalqının müzəffər Ali Baş Komandanının və rəşadətli ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız azad edilərək, dövrümüzün hünər, igidlik və şücaət salnaməsi yazıldı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi ilə mürəkkəb və çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olanların qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Bütün bu qazanılan parlaq tarixi qələbələr şəhidlərimizin canı və igid qazilərimizin sağlamlığı bahasına başa gəldi. Ümumillikdə isə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı.

Sailə Salahova,
YAP Pirallahı rayon təşkilatının fəalı

