“Demokratiya naminə Sammit” göstərdi ki, rəsmi Vaşinqton riyakarlıq edir – TƏHLİL
“Demokratiya naminə Sammit” göstərdi ki, ABŞ-ın azadlıq və demokratik dəyərlərlə bağlı öhdəliyi heç vaxt olmadığı qədər ardıcıl deyil və rəsmi Vaşinqton bununla bağlı riyakarlıq edir.
İraq, Əfqanıstan, Liviya, Suriyada “demokratik dəyərlərin, hüququn aliliyinin bərqərar olmasına”, həmin ölkələrin “inkişafı”na, “rifahı”na, “dünyanın aparıcı dövlətləri”nə çevrilmələrinə “töhfə verən” ABŞ bu yaxınlarda “Demokratiya naminə Sammit” təşkil edib. Maraqlıdır ki, Ermənistan, Konqo Demokratik Respublikası kimi ölkələr daxil olmaqla, 100-dən çox dövlətin iştirak etdiyi sammitə ABŞ-ın postsovet məkanında təhlükəsizlik və iqtisadiyyat sahəsində əsas tərəfdaşlarından olan Azərbaycan, NATO-nun üzvü Türkiyə, hətta Avropa İttifaqının üzvü olan Macarıstan belə dəvət olunmayıb. Rusiya, Çin rəsmiləri artıq bununla bağlı narazılıqlarını ifadə ediblər. Üstəlik, videokonfrans formatında təşkil edilən “Demokratiya naminə Sammit” ABŞ və Avropanın nüfuzlu media orqanları tərəfindən də sərt tənqid olunub.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Əsaslı tənqid
ABŞ-da fəaliyyət göstərən Katona İnstitutunun böyük elmi işçisi, 12 kitabın, 950-dən çox məqalənin müəllifi olan Ted Qalen Karpenter nüfuzlu “The National Interest” nəşrində “Demokratiya naminə Sammit” ilə bağlı məqalə dərc edib. Onun sözlərinə görə, Vaşinqtonun son dövrlərdə reklam etdiyi, bu il dekabrın 9-10-da keçirilmiş sammit artıq əsaslı tənqidlərə səbəb olub: “Bu gün ABŞ-ın xarici siyasətində demokratiyaya xüsusi önəm verilir. Amma bu, əslində, Corc Buşun bədnam səylərini xatırladır. Vaşinqton demokratiya kartını oynamaqla Moskva və Pekinlə münasibətləri daha da gərginləşdirib. Onsuz da Bayden administrasiyası ilə bu ölkələr arasında əlaqələr son dövrdə həddindən artıq gərgindir. Rusiya ilə Çin “Demokratiya naminə Sammit”i onlara qarşı istiqamətlənmiş tədbir kimi qəbul edir. Üstəlik, Pekin ilə Moskva düşünür ki, Vaşinqton bu sammiti təşkil etməklə digər dövlətləri onlara qarşı olan düşmənçilik siyasətinə cəlb etməyə çalışır”.
Demokratiyaya münasibətdə ikili standartlar
Amerikalı müəllifin sözlərinə görə, “Demokratiya naminə Sammit”in ən mənfi xüsusiyyəti ABŞ-ın demokratik dəyərlərə münasibətindəki riyakarlığıdır: “Bu, əslində, Vaşinqtonun uzun illərdir ki yürütdüyü xarici siyasətin ən pis xüsusiyyətidir. Məsələn, ABŞ liderlərinin “soyuq müharibə” dönəmində dəstəklədiyi, maliyyələşdirdiyi və silahla təmin etdiyi “Azad dünya”nın müttəfiqlərinin əksəriyyəti, əslində, qəddar, korrupsiyaya qurşanmış zalım dövlət başçıları idi. ABŞ-ın yüksəkrütbəli rəsmiləri üçün onların antikommunist, xüsusilə antisovet mövqedə olması xüsusi əhəmiyyət kəsb edirdi. Odur ki, Vaşinqton həmin liderlərin daxili siyasətinə sadəcə göz yumurdu”.
Ted Qalen Karpenter hesab edir ki, “Demokratiya naminə Sammit”ə dəvət edilən ölkələrin siyahısı göstərir ki, ABŞ-ın demokratiyaya münasibətdə ikili standartları müasir dövrdə də davam etdirir.
Mübahisəli siyahı
“The National Interest”də dərc edilən məqalədə qeyd olunur ki, “Demokratiya naminə Sammit”ə bəzi ölkələrin dəvət edilməsi demokratik normalara sadiq olanların təəccübünə səbəb olub.
Müəllif vurğulayır ki, sammitdə məhkəmələr belə keçirilmədən ölüm cəzasının tətbiq edildiyi, insan hüquqlarının pozulmasında ittiham edilən dövlətlərin nümayəndələri iştirak edib: “Sammitə dəvət edilən ölkələrdən biri Kosovodur. Amma bu ölkənin siyasi elitasının aparıcı üzvləri hərbi cinayətlərdə, həmçinin insanlığa qarşı cinayətlərdə ittiham olunur. Üstəlik, onlar hərbi əsirlərin sistemli şəkildə qətlində, qətlə yetirilən əsirlərin orqanlarının qara bazarda satılmasında ittiham edilir”.
Vaşinqtonun strateji hədəfləri
Ted Qalen Karpenter düşünür ki, ABŞ-ın demokratiya sammitinə dəvət etdiyi dövlətlərin bir qismi vacib geosiyasi oyunçulardır: “ABŞ onların yardımı ilə geostrateji hədəflərinə nail olmağa çalışır. Söhbət Hindistan və ya Braziliya kimi ölkələrdən gedir. ABŞ liderləri uzun zamandır ki, Hindistanı Çinə qarşı siyasətlərində fəal oyunçuya çevirməyə can atır. Odur ki, həm Tramp, həm də Bayden administrasiyası Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ın iştirak etdiyi Təhlükəsizlik üzrə Dördtərəfli Dialoqun hərbi alyansa çevrilməsi məqsədilə fəal şəkildə lobbiçilik edir. Son dövrdə bu ölkələrin birgə keçirdikləri hərbi təlimlərin sayı artsa da, Hindistanın baş naziri Narendra Modi hələ ki siyasi öhdəliklər götürməkdən çəkinir”.
Müəllif Braziliyanın Qərb yarımkürəsində iqtisadi-siyasi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu vurğulayır: “Odur ki, rəsmi Vaşinqton Braziliya prezidenti Jair Bolsonaronun hökumətinin Rusiya və Çinlə iqtisadi əlaqələri genişləndirməsindən narahatdır”.
Ted Qalen Karpenterin fikrincə, Bayden administrasiyası geosiyasi reallıqları nəzərə alaraq, ölkələrin daxili siyasətlə bağlı nöqsanlarının Vaşinqtonun strateji hədəflərinə çatmasına mane olmasına imkan vermir.
O, sonda vurğulayır ki, Bayden administrasiyası bu ikili standartlara görə xəcalət çəkməlidir: “Bir sözlə, “Demokratiya naminə Sammit” göstərir ki, ABŞ-ın azadlıq və demokratik dəyərlərlə bağlı öhdəliyi heç vaxt olmadığı qədər ardıcıl deyil və o, bununla bağlı riyakarlıq edir. Odur ki, Bayden və onun məsləhətçiləri nifrətə layiqdirlər”.

