Prezident İlham Əliyevin “El Pais” qəzetinə verdiyi müsahibə regionun gələcəyinə işıq tutur

Ölkə başçımız cənab İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə getmiş, bir neçə gün davam edən səfər çərçivəsində bir çox dövlət rəhbərləri, NATO və Avropa İttifaqı Şurası kimi nüfuzlu təşkilat rəhbərləri ilə görüşlər reallaşdırmış, yekunda milli maraqlarımıza xidmət edən razılıqların əldə olunması ilə ölkəyə dönüş etmişdir. Cənab İlham Əliyev səfər çərçivəsində eyni zamanda, İspaniyanın “El Pais” qəzetinə müsahibə verərək, postmünaqişə dövrünün reallıqları, Ermənistanın müharibədən sonrakı mövqeyi, iki ölkə arasındakı sülh müqaviləsinin imzalanması, Avropa İttifaqının qaz təchizatı və s. məsələlərlə bağlı fikirlərini ifadə etmişdir. Müsahibə əhatəliliyi və regionun gələcəyinə aydınlıq gətirilməsi baxımından olduqca maraqlı və diqqətəlayiq fikirlərlə zəngindir.

Beləliklə, müsahibəyə daha yaxından nəzər yetirsək, ilk olaraq toxunmaq istədiyimiz mövzu iki ölkə arasında hərtərəfli  sülh sazişi bağlanması ilə əlaqədar olan sual olacaqdır. Ölkə başçımız suala cavabında bildirdi ki, Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Həqiqətən də, Azərbaycan tərəfi şəxsən ölkə rəhbərliyi səviyyəsində dəfələrlə sülh sazişi bağlamaq, xalqların birgəyaşayışı, regionun sabit və praqnozlaşdırılan gələcəyi ilə bağlı fikirlər səsləndirmiş, müharibə səhifəsini çevirməyin vacibliyini vurğulamışdır. Buna qarşılıq, Ermənistan tərəfi isə nəinki sülhlə bağlı hər hansı müsbət fikir bildirməmiş, həm də müxtəlif səbəblərdən Azərbaycanı ittiham edərək iki ölkənin onsuzda gərgin olan münasibətlərini daha da çətinliyə salmağa çalışmışdır. Əlbəttə ki, Ermənistanın siyasi rəhbərliyinin bunu etməsi əbəs deyil. Ən azından ona görə ki, illərlə “yenilməzlik” mifinə inandırılmış sadə xalq müharibədəki fiaskonun, darmadağının izlərini hələ unutmayıb və bunun üçün təbii olaraq Paşinyan hakimiyyətini məsul tutur. Belə olan halda sadə xalqın daha da qəzəbinə tuş gəlməmək üçün baş nazir  Paşinyanın sülhlə bağlı real addımlar atmaqdan  çəkinməsi bir o qədər də təəccüblü deyil. Amma necə olsa da bu olmalıdır. Ölkə başçımızın sözləri ilə desək,  biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Beləliklə, Azərbaycan buna hazırdır, Ermənistan isə gec-tez reallıqları qəbul etməli və yeni yaranmış geosiyasi vəziyyətə uyğunlaşmalıdır.

Müsahibədəki diqqətçəkən və eyni zamanda repartyor tərəfindən bir neçə dəfə təkrar olaraq soruşulan, üzərində durulan məsələlərdən biri də “hərbi əsirlər”lə bağlı oldu. İlk olaraq Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu bəyannaməsini xatırladan repartyor bununla bağlı Azərbaycanın həyata keçirdiyi tədbirlərin vəziyyəti ilə bağlı sual verdi. Ölkə başçımız cavabında bildirdi ki, Azərbaycanda dövlət siyasəti münasibətlərin normallaşdırılması məqsədlidir. Ancaq onu da vurğulamaq istərdim ki, Ermənistan bütün işğal dövrü ərzində işğal altındakı Azərbaycan torpaqlarında kultursid törədib. Bizim şəhər və kəndlərimiz tamamilə məhv edilib. İş hətta o yerdədir ki, Füzuli şəhəri işğaldan azad olunduqdan sonra Azərbaycan əsgərləri şanlı bayrağımızı ucaltmaq üçün bir dənə belə salamat bina tapmamışdı. Həmçinin, Ağdam şəhəri tamamilə yerlə-yeksan olunub. Bu gün bir dövrün ən əzəmətli şəhərlərindən olan Ağdam “Qafqazın Hirosiması”, “Ruhlar şəhəri” kimi ləqəblərlə tanınır. O cümlədən Zəngilan, Qubadlı, Cəbrayıl şəhərləri, mədəniyyət beşiyimiz olan Şuşa, ən böyük şəhərimiz olan Kəlbəcər bugün işğaldan əvvəlki dövrlərindən çox uzaqdır. Sözün əsl mənasında vəziyyət acınacaqlıdır. Digər bir tərəfdən dini abidələrimizin məhv edilməsi, təhqir olunması faktları da var ki, bütün bunlar təbii olaraq xalqımızda nifrət hisslərinə səbəb olur. Açığı demək lazımdırsa, bunun əksini gözləmək real deyil. Beləliklə, qəfildən ölkə rəhbərliyinin “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” deməsi vəziyyəti dəyişməyə kifayət etməz. Ümumiyyətlə bu gözlənti real deyil və səhvdir. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Ölkə rəhbərliyi artıq dəfələrlə bildirib ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırıma baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik.

Yenidən hərbi əsirlər mövzusuna qayıtsaq, bununla bağlı da cənab İlham Əliyevin mövqeyi həmişəki kimi qəti və birmənalı idi. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Sonrakı dövrdə ələ keçirilən şəxslər isə hərbi əsir deyil. Onlar müharibə bitdikdən, atəşkəs Bəyannaməsi imzalandıqdan sonra sərhədlərimizi pozaraq ərazilərimizə daxil olmuş, bir neçə hərbi qulluqçumuzun ölümü ilə nəticələnmiş terror aktlarında iştirak etmiş “hərbi əsir” kateqoriyasına daxil olmayan cinayətkarlardır. Buna rəğmən, Azərbaycan onların bəzilərini humanitar məqsədlərlə azad edib. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Belə şəxslərin sayı 100-dən çoxdur. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Ölkə başçımız tərəfindən o da vurğulandı ki, ötən ay Azərbaycan –Ermənistan sərhədində baş  verən hadisələr zamanı ələ keçirilən erməni hərbiçilərin də bir qismi artıq Ermənistana təhvil verilib amma Ermənistan hakimiyyəti onları həbs edib. Beləliklə, Azərbaycanın təhvil verdiyi əsirlərin müqəddəratı öz ölkələrində daha qarışıq və acınacaqlıdır.

Repartyor son olaraq müharibənin nəticələri Azərbaycanın hərbi məhsullarına marağı artırdımı sualı ilə ölkə başçımıza müraciət etdi. Cavab birmənalı idi: “Bəli, əlbəttə ki. Buna və eyni zamanda, bizim təcrübəmizə marağı artırıb. Çünki təcrübəmizi öyrənmək istəyən bir neçə ölkə artıq bizə müraciət edərək bunu necə etdiyimizlə maraqlanıb”. Azərbaycanın bunu necə etdiyini izah etmək isə olduqca çətindir. Çünki, bu mübarizənin təməlində düşünülmüş strategiya, güclü silah arsenalı, peşəkarlıq və operativliklə yanaşı həm də 30 ilin Vətən həsrəti dururdu. Bir çox nöqtələrdə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, cəsarət, rəşadət nümunəsi göstərərək ölümə yürüyürdü. Beləliklə, qələbəmizin əsas amili motivasiya, ruh yüksəkliyi və cəsarət idi. Qarabağ Azərbaycan üçün  milli ləyaqət və qürur məsələsi idi. Buna görə də bu hisləri özündə daşımayan hər hansı şəxsin mübarizəmizi anlaması və tətbiq etməsi o qədər də asan deyil.

Xəyalə Cavanşirli,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi