Gündəm 

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində enerji ehtiyatlarının ixracı başlıca amildir

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən Prezident İlham Əliyev perspektivlərdən də söz açaraq bildirmişdir ki, avropalı istehlakçıların tələbinə uyğun olaraq hasilatı artırmaq imkanımız vardır və Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi

Sammitdə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən, ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən, postmüharibə dövründə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyev XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin əhəmiyyətini də xatırlatmış, Azərbaycanın qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolundan ətraflı bəhs etmişdir. Dövlət başçımız Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı bölgədə sabitliyin təminatı üçün vacib amil adlandırıb, münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırılmasını, dünyanın enerji xəritəsinin yenilənməsini tərəfdaş ölkələrin qarşılıqlı əməkdaşlığının məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq bildirib ki, qitədə son zamanlar yaranan böhran enerji təhlükəsizliyi baxımından şaxələndirmənin aktuallığını artırıb.

Brüsseldə tarixi əhəmiyyətli iki və üçtərəfli görüşlərdə dünyanın enerji xəritəsini dəyişən qlobal layihələrin reallaşmasında ölkəmizin rolunun yüksək dəyərləndirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurudur.

NATO-nun Şimali Atlantika Şurasının iclasında Azərbaycanın enerji diplomatiyasının çoxşaxəli istiqamətlərindən ətraflı danışılmış, bildirilmişdir ki, Şimal Alyansın 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.

İspaniyanın «El-Pais» nəşrinə, İtaliyanın «İl Sole 24 Ore”» qəzetinə müsahibələrində Avropa dövlətlərinin əsas enerji təminatçısı olan Azərbaycanla qitə dövlətləri arasındakı münasibətlərdən danışan Prezident İlham Əliyev vurğulamışdır ki, bizim ixrac bazarımız ilk növbədə əsasən Türkiyə və Gürcüstan olsa da, sonrakı mərhələdə ölkəmizin ən böyük qaz istehlakçısı İtaliya, Yunanıstan və Bolqarıstandır. Qitə dövlətlərinin enerji böhranından çıxarılması üçün Azərbaycanın enerji coğrafiyasını genişləndirmək potensialı mövcuddur. «Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir» söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal iş aparılır.

«Əsrin müqaviləsi»nin imzalanması ilə başlanan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərləri ilə davam etdirilən, Cənub Qaz Dəhlizinin başa çatması, ölkəmizin etibarlı enerji icraçısı olduğunu təsdiqləyən qlobal layihələrin reallaşması ilə potensial karbohidrogen ehtiyatlarına malik Azərbaycan qazının qitə dövlətlərinə çatdırılması əməkdaşlıq formatının genişlənməsinə də imkan yaradır. Azərbaycan qazı ölkəmizlə əməkdaşlıqda maraqlı olan qitə dövlətləri ilə bağlanılan uzunmüddətli müqavilələr əsasında satılır və öhdəliklər 100 faiz yerinə yetirilir. İllərin təcrübəsi təsdiqlədi ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. İspaniyadan və İtaliyadan olan jurnalistlərin zəngin qaz ehtiyatına malik Rusiya ilə münasibətlərə dair suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycanla qitə dövlətləri arasında enerji layihələri üzrə ixraca əvvəlcədən bağlanan müqavilələr əsasında əməl olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttinin inşası bir neçə il davam edib. «Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi… İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz» sözləri ilə məsələyə aydınlıq gətirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində enerji ehtiyatlarının ixracı başlıca amildir. Təbii ki, bu məqamda Cənub Qaz Dəhlizinin potensialından istifadə unudulmamalıdır.

İtalyan jurnalistin qeyd etdiyi kimi, Azərbaycan Cənub Qaz dəhlizinin son seqmenti olan Transadratik qaz kəmərini iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilər. Texniki baxımdan çox mürəkkəb, tələb olunan vəsait cəhətdən çox bahalı olan və möhkəm iradə, qarşılıqlı inam tələb edən Cənub Qaz Dəhlizinin 4 seqmentinin əsas maliyyə yükünü öz üzərinə götürən Azərbaycan layihənin tam başa çatmasından əvvəl avropalı istehlakçılarla müqavilələr imzalamışdı. «Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər» sözləri ilə Azərbaycanın etibarlı qaz ixracatçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev perspektivlərdən də söz açaraq bildirmişdir ki, avropalı istehlakçıların tələbinə uyğun olaraq hasilatı artırmaq imkanımız vardır və Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi.

«Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq» sözləri perspektivlərin hasilatçı və istehlakçılar üçün əlverişli olacağına, bölgədə sabitliyə inam yaradacığına əminliyi artırır.

Bir neçə il bundan əvvəl «Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki, ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib» söyləyən Prezident İlham Əliyev Brüsseldə vədini yerinə yetirən bir dövlət başçısı kimi çıxış etməklə, enerji layihələrinin reallaşmasında, hasilatçı və istehlakçı ölkələr arasında əməkdaşlığın güclənməsində, tərəfdaşlıq formatının yaranmasında yaxından iştirak edən Avropa İttifaqı ilə münasibətləri də yüksək qiymətləndirdi.

Daha çox xəbərlər