Qərbin ikili yardım siyasətinin görünməyən tərəfləri
Asif Nərimanlı: “Brüsselin İrəvanla bağlı xüsusi siyasəti var, ABŞ-da isə”…
Müxtəlif dövlətlərə maliyyə yardımının ayrılması məsələsində bir sıra Qərb təsisatları, həmçinin ABŞ-ın yanaşmasında ikili münasibət davam edir. Bu münasibəti uzun illərdir ABŞ və Avropa Birliyinin Azərbaycan və Ermənistana yardımlarında müşahidə edirik: hər iki mənbə İrəvana səxavətlə açdığı əlini Azərbaycana gələndə geri çəkir. Bir çoxları bunu Azərbaycanda demokratiya baxımından problemlərin olması, həmçinin ölkəmizin təbii sərvət gəlirlərinin çoxluğu ilə əsaslandırır. Lakin xüsusilə Vətən müharibəsindən sonra baş verənlər göstərir ki, Azərbaycan və Ermənistana yanaşmada həm ABŞ, həm də Avropa Birliyi yalnız demokratiya acısından çıxış etmirlər.
Bir neçə gün öncə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev jurnalistin bu məsələ barədə sualını cavablandırıb. O, Avropa Birliyinin Ermənistana 2,6 milyard dollar, Azərbaycana cəmi 140 milyon dollar yardım ayırmaq qərarının ədalətsiz olduğunu deyib: “Bunun nədən belə olduğunu demək çətindir. Çünki bu suala cavab vermək üçün ixtiyarımda kifayət qədər fakt olmalıdır. Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr.

Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”.
Onu da bildirək ki, Azərbaycan Avropanın strateji marağında olan enerji layihələrini həyata keçirir: ölkənin neft və qazı Rusiyanın gizli-açıq təzyiqlərinə rəğmən Avropa bazarlarına çıxarılır. Azərbaycan həmçinin Türkiyənin Ermənistanlar münasibətlərinin normallaşması prosesinə dəstək verir, Türkmənistan qazının Avropaya çatdırılması istiqamətində səylərini əsirgəmir. Bu halda, nədən Qərbin yardım kisəsindən layiq olduğumuz qədər pay ala bilmirik?

Asif Nərimanlı
Sualı cavablandıran siyasi şərhçi Asif Nərimanlının fikrincə, yardım məsələsində ağırlığın Ermənistana salınmasına demokratiyanın səbəb kimi göstərilməsi elə Qərbdən qaynaqlanan yanaşmadır: “Bu gün Paşinyan Ermənistanının demokratik olduğunu deyirlərsə, bəs Paşinyandan öncə daha çox maliyyə yardımının ayrılmasının səbəbi nə idi, yaxud doğrudanmı mövcud Ermənistanda hər şey demokratikdir?! Eyni fikirləri Gürcüstanla bağlı da deyə bilərik. Saakaşvilinin həbs həyatı bölgədə nümunə kimi göstərilən Gürcüstanda da hər şeyin qaydasında olmadığını təsdiqləyir. Fikrimcə, demokratiya burada gerçəkləri gizlətmək üçün çətir yolunu oynayır və Azərbaycana qarşı ayrı-seçkiliyin səbəbləri tamam fərqlidir. ABŞ və Avropanın daxil olduğu Qərbin Ermənistana xüsusi simpatiya göstərməsində, o cümlədən Azərbaycana qarşı ayrı-seçkilikdə erməni diasporu-lobbisinin böyük ölçüdə payı var. Misal üçün, ABŞ-ın 2022-ci il müdafiə xərcləri layihəsində Ermənistana ayrılan maliyyə yardımının artırılması, Azərbaycana isə ümumiyyətlə, heç bir yardımın edilməməsi daxil edilib. Təbii ki, son sözü prezident Bayden deyəcək, amma belə maddələrin qanun layihəsinə daxil edilməsi artıq bu istiqamətində addımın atılması deməkdir. Bu addımın arxasında erməni diasporu/lobbisi dayanır və təklifi irəli sürən də Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendezdir. Menendez ABŞ-da ermənilərin kompakt yaşadığı yerlərdən olan Nyu-Cersidən seçilib və onun seçki kampaniyasında erməni diasporu aktiv iştirak edib, erməni diasporu ilə əlaqələrini də gizlətmir. Eyni şəbəkə həm ABŞ-da, həm də Avropada Ermənistana dəstəyin davamlı artırılmasını, Azərbaycana azaldılması, yaxud ləğv edilməsi istiqamətində illərdir çalışır. 1990-cı illərdən indiyə qədər ABŞ-dan Ermənistana bu və ya digər layihələr adı ilə ayrılan maliyyə yardımının həcmi 2 milyard dollardan çox olub. Bu da səbəbin demokratiya olmadığını deməyə əsas verir. Təbii ki, xristian təəssübkeşliyinin də burada rolu var”.
A.Nərimanlı bildirir ki, Avropa İttifaqının 2 milyarddan çox maliyyə yardımı ayırması erməni diasporu-lobbisinin rolu ilə yanaşı, Brüsselin siyasəti ilə bağlıdır: “Çünki Avropa Paşinyan Ermənistanının Rusiyadan asılılığını azaltmağa çalışır. Gürcüstana yanaşmada da xristian təəssübkeşliyi rol oynayır. Azərbaycana qarşı ayrı-seçkilikdə dini təəssübkeşlik, erməni diasporu/lobbisinin təsiri ilə yanaşı, fikrimcə, əsas səbəb rəsmi Bakının müstəqil xarici siyasətidir. Azərbaycan nə Qərb, nə də Şərq cəbhəsində yer almır və həmişə balans prinsipinə söykənən müstəqil siyasət yürüdür. Müharibə və sonrasında balans prinsipi yalnız qardaş Türkiyənin timsalında müəyyən qədər dəyişdirildi, lakin yenə də açıq şəkildə heç bir cəbhədə yer almır. Qərb daha çox öz cəbhəsində gördüyü ölkələrə yardım etməkdə maraqlıdır. Gürcüstana verilən dəstəyin, Ermənistana da məhz Paşinyanın hakimiyyətə gəlişindən sonra yardımın daha da artırılması bundan qaynaqlanır”.

