Heyrətləndirən sehrli məkan – İnsanı əsiri edən Azərbaycan şəhəri – FOTO
Bura tək Vətən deyil, eyni zamanda milyonların həsrətində olduğu, bir xalqın, bir millətin sanki geridə qalan 30 ilin az qala hər günü ona qovuşmaq arzusu ilə alışıb-yandığı, hər daşı, hər qayası bir insanı xatırladan əfsanə şəhərdir. Bəli, söbət Şuşadan gedir!
Şuşa barədə hər zaman eşitdiklərim əsasında fikir bildirirdimsə, bu dəfə o “alınmaz qala”da gördüklərim barədə yazacam. 3 yaşım olarkən işğal olunan Şuşanı 33 yaşımda ziyarət etmək mənə də nəsib oldu. Öncədən qeyd edim ki, orada gördüklərim bu zamana kimi eşitdiklərimdən daha möhtəşəm, daha əzəmətli göründü.

Bu zamana kimi ancaq şəkillərdə gördüyüm, haqqında kitablarda oxuduğum, böyüklərdən eşitdiyim Şuşanı öz gözlərimlə görməyin nə qədər qürurlu bir hadisə olduğunu isə heç bir sözlə, heç bir cümləylə ifadə edə bilməyəcəyimi bəri başdan qeyd edim. Çünki səfər etdiyim bu əfsanə şəhərin nə qədər əzəmətli və əlçatmaz olduğunu dağları yara-yara bizi ora aparan dolanbac, buzlu yollardan anlamaq çətin deyildi. Bir zirvəyə yüksəldiyini o an hiss etməmək əlində deyil. O zirvə ki, sənin ruhunu təmizləyəcək, heç zaman heç bir yerdə hiss etməyəcəyin hisslərlə baş-başa qoyacaq.
Qarabağa olan ümid cığırını Zəfər yoluna çevirən ordumuzun keçdiyi o dağların, o sıldırım qayaların döşü ilə Şuşaya hər ötən dəqiqə biraz da yaxınlaşdıqca, hiss edirsən ki, orada heç zaman təsəvvür belə edə bilməyəcəyin duyğuların əsirinə çevriləssən. Halbu ki, bu yol heç də indiki qədər hamar olmayıb. O yolun çəkilməsi üçün Azərbaycan övladları canından-qanından keçib. Əsirlikdən xilas olan Şuşanın insanı sanki özünə kilidləyən bu abu-havası, bəlkə də bir daha öz doğmalarından ayrı düşməmək üçün Allahın ona bəxş etdiyi qeyri-adi bir sehrdir. Təbii ki, o sehrin nə olduğunu Şuşanı görmədən təsvir etmək isə mümkün deyildi.

İlk dayanacağımız olan Cıdır düzündən Vaqifin məqbərəsinə doğru irəlilədikcə o küçələri, o divarları, o yolları gözdən keçirdikcə anlayırsan ki, yağı düşməni öz dəmir yumruğu ilə əzən, əsalətdən xilas olmaq üçün canından, qanından keçən oğullarının qəhrəmanlığına şahidlik edən, hər addımında məhz həmin şəhidlərimizin səni təqib etdiyi duyğularını sənə ötürməyi çox bacaran qəhrəmanlıq dastanının yazıldığı Şuşadasan.
Bu yaşıma qədər yaşamadığım hissləri yaşatdı bu şəhər mənə. Şuşada düşmənin viran qoyduğu tarixi, dini, mədəni, irsi abidələrimizi, tikililərimizi gördükcə anlayırsan ki, dağıdılmış, uçudulmuş yurdun gözəli də olurmuş. Hətta Üzeyirin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəlləri belə öz yurdunda daha fərqli, daha şux görünürdü. Şuşanın ilk sakinləri olan bu heykəllər də sanki mənə “xoş gəldin” etdilər. Onlarla öz yurldarında görüşməyi isə təsadüf yox, taleyin xoş yazısı adlandırmaq olar. Artıq Natəvanın, Bülbülün, Üzeyirin güllə yaraları sağalıb deyə bilərəm.

Pənahəli xanın göydən baxmadan üç tərəfi sıldırım olan dağın başında saldırdığı bu şəhər bir möcüzədir. Təsadüf idi, yoxsa zərurət, səfər çərçivəsində Şuşanın başı üzərində duman görmədim. Şuşa artıq hər səhər öz övladları ilə oyanıb, öz doğmalarına qucaq açır. Bacasındn çıxan tüstü belə Şuşanın səmasında bir fərqli gözəl görünürdü.

30 ilə yaxın bir müddətdə hər bayramda, az qala hər xüsusi gündə ən çox işlətdiyimiz “İnşallah gələn ili Şuşada qeyd edərik” arzusu artıq çindir. Ondan ayrılmaq, ona qovuşmaq qədər çətin görünür. Sanki şəhərin hər daşı, hər küçəsi səni özünə dolaşdırıb saxlamağa çalışır, “Getmə, bir gün qonağım ol” deyir. 3 saatlıq Şuşa gəzintimdə bunu iliyimə qədər hiss etdim. İnsan bir daha düşünmək istəmir ki, geridə qalan işğal dövründə biz bu şəhərsiz necə yaşamışıq?! Məkanı qədər məramı da yalnız yüksəklik olan Şuşanı ancaq öz övladları zirvədə tuta bilər. O zirvə isə artıq öz sahibindədir.

