Təhsil 

Qida mühəndisi kimdir? TAU-da yeni nəsil mütəxəssislər necə yetişdirilir – MÜSAHİBƏ

Qida təhlükəsizliyi və keyfiyyətli ərzaq istehsalı bu gün dünyada ən vacib məsələlərdən biri hesab olunur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlanması isə həm qida sənayesinin inkişafı, həm də cəmiyyətin sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkənin ortaq akademik layihəsi olan Türkiyə-Azərbaycan Universitetində (TAU) də məhz bu məqsədlə qida mühəndisliyi ixtisasına xüsusi yer ayrılıb. Universitetdə bu proqram Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan Hacettepe Universitetinin təxminən 60 illik (1967) təcrübəsinə əsaslanan tədris proqramı əsasında həyata keçirilir. TAU-nun Qida mühəndisliyi proqramı tələbələrə güclü akademik bilik, texniki bacarıqlar və tədqiqat mədəniyyəti qazandırmağı hədəfləyir. Dörd illik təhsil müddətində fundamental elmlər, mühəndislik və texnologiya fənləri ingilis dilində tədris olunur, proqram isə bir illik ingilis dili hazırlığı mərhələsini də əhatə edir. Tədris prosesi fizika, kimya, mikrobiologiya, alət analizi və qida texnologiyası kimi sahələr üzrə yaradılmış müasir laboratoriyalarda aparılır.

Bəs qida mühəndisi kimdir və onun fəaliyyəti nələri əhatə edir? Bu ixtisas niyə TAU-da prioritet istiqamətlərdən biri kimi seçilib və Azərbaycanda qida mühəndislərinə ehtiyac hansı səviyyədədir?

Türkiyə-Azərbaycan Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri, Prof. Dr. Ümran Uyqun Musavat.com-un suallarına aydınlıq gətirib.

– Ümran xanım, artıq iki ildir ki, TAU-da Azərbaycan üçün nisbətən yeni sayılan qida mühəndisliyi ixtisası tədris olunur. Niyə məhz bu ixtisas prioritet olaraq seçilib?

– İstərdim ki, söhbətə universitetin yaradıldığı ilk dövrdən başlayım. Qida mühəndisliyi ixtisası kifayət qədər geniş və güclü infrastruktur tələb edən bir sahədir. Buna görə də ilkin mərhələdə bu proqramın necə qurulacağı, hansı metodlarla təşkil ediləcəyi ilə bağlı geniş müzakirələr aparırdıq. Lakin qısa müddət ərzində bu istiqamətdə ciddi işlər gördük. İlk olaraq laboratoriyalar və auditoriyalar yaradıldı və lazımi texniki baza formalaşdırıldı. Nəticədə 2024-cü ilin sentyabr ayında artıq ilk tələbələrimizi qəbul etdik. Birinci ildə Qida mühəndisliyi ixtisası üzrə minimum qəbul balının 450 olması isə bir çoxlarını təəccübləndirdi. Çünki Azərbaycanda bu ixtisas hələ geniş tanınmır və qida mühəndisinin kim olduğu, hansı işlə məşğul olduğu barədə məlumat çox azdır. Əslində, Türkiyədə də biz bu mərhələni təxminən 50 il (1977) əvvəl yaşamışıq. O zaman da bu ixtisas yeni yarananda insanlar sual edirdilər: qida mühəndisi kimdir – kimyaçı, bioloq, yoxsa diyetoloq? Hətta bəziləri onu bu sahələrin qarışığı kimi qəbul edirdi. Lakin illər keçdikcə və Türkiyədə qida sənayesi sürətlə inkişaf etdikcə bu suallara da aydınlıq gəldi. Bu gün qida ilə bağlı hər hansı problem və ya məsələ ortaya çıxanda ilk yada düşən mütəxəssislərdən biri məhz qida mühəndisləridir.

WhatsApp Image 2026-04-08 at 15.21.38 (1).jpeg (382 KB)

– Qida mühəndisi konkret hansı işi görür?

– Qida mühəndisliyi sahəsində təhsil alan tələbələr digər mühəndislik ixtisaslarında olduğu kimi əsas mühəndislik və texniki fənləri öyrənirlər. Məsələn, kimya mühəndislərinin keçdiyi bir çox fundamental və texniki fənlər qida mühəndisliyi proqramında da tədris olunur. Kimya mühəndisliyi ilə qida mühəndisliyi arasındakı əsas fərq isə istifadə olunan xammaldadır. Kimya mühəndisi xammaldan boya, yuyucu vasitələr və ya şampun kimi məhsullar hazırlayırsa, qida mühəndisi xammalı qida məhsuluna çevirir. Qida mühəndisliyində xammal dedikdə alma, armud, zeytun, buğda və ümumilikdə qida kimi istifadə olunan bütün təbii məhsullar nəzərdə tutulur. Bu xammalın xüsusiyyətlərini və tərkibini yaxşı bilmək isə olduqca vacibdir. Çünki hər bir canlı məhsulun tərkibində müxtəlif mikroorqanizmlər mövcuddur. Bu səbəbdən qida mühəndisi mikrobiologiya sahəsini də yaxşı mənimsəməlidir. Məsələn, zeytundan yağ əldə edərkən və ya süddən pendir hazırlayarkən həmin məhsulun tərkibində olan mikroorqanizmləri tanımaq və onların prosesə necə təsir etdiyini bilmək lazımdır. Bu baxımdan qida mühəndisinin işi bir qədər daha mürəkkəbdir. Bir tərəfdən mühəndis kimi məhsulun hansı texnoloji prosesdən keçəcəyini müəyyənləşdirməli, digər tərəfdən isə qidanın tərkibində olan mikroorqanizmləri nəzarətdə saxlamalı və zərərli olanları aradan qaldırmalıdır. Bütün bunlar sağlam və keyfiyyətli qida məhsulu əldə etmək üçün vacibdir. Eyni zamanda qida emalı zamanı məhsulun dadı, qoxusu və rəngi də qorunmalıdır. Buna görə də qida mühəndisi qidanın kimyasını yaxşı bilməlidir – məsələn, məhsulun rənginin hansı maddələrdən yarandığını və qoxusunu hansı molekulların formalaşdırdığını anlamalıdır. Yəni qida mühəndisinin işi kifayət qədər məsuliyyətlidir: həm xammala zərər verməmək, həm də onu düzgün texnoloji prosesdən keçirərək keyfiyyətli və təhlükəsiz qida məhsulu əldə etmək lazımdır.

– Bu ixtisas yaranana qədər işi kim görürdü?

– Təxminən 50 il əvvəl bu işlə əsasən kimyaçılar və bioloqlar məşğul olurdular. Lakin qida sənayesi çox sürətlə inkişaf etdikcə bu sahədə xüsusi ixtisaslaşmış mütəxəssislərə ehtiyac yarandı. Azərbaycan tərəfindən ilk dəfə belə bir proqramın yaradılması təklif olunanda biz düşündük ki, görəsən bu proqramı niyə istəyirlər. Çünki bu proqram olduqca bahalıdır. Onun həyata keçirilməsi üçün böyük və yaxşı təchiz olunmuş laboratoriyalar lazımdır. Bizim tələbələr həftədə təxminən 20 saatını laboratoriyada keçirirlər. Laboratoriya isə avadanlıq, cihaz və müxtəlif alətlər deməkdir. Bütün bunlar çox böyük maliyyə tələb edir. Bu səbəbdən əvvəlcə düşündük ki, Azərbaycan tərəfi bu layihədən imtina edə bilər. Bildirdik ki, proqram üçün əhəmiyyətli həcmdə büdcə lazımdır. Üstəlik, laboratoriya daim yenilənməli və bunun üçün mütəmadi maliyyə ayrılmalıdır. Buna görə də güman edirdik ki, Azərbaycan tərəfi bu fikirdən vaz keçə bilər. Lakin belə olmadı. Gördük ki, bu ixtisasın tədrisinə çox maraq göstərir və israrlıdır. Nəticədə biz də proqramın həyata keçirilməsi üçün buraya dəvət olunduq. Beləliklə, fizika, kimya, mikrobiologiya laboratoriyaları quruldu və avadanlıqlarla təchiz olundu. Onu da qeyd edim ki, tələbələrimiz ixtisas dərslərindən əvvəl bir il ingilis dili üzrə təhsil alırlar. Çünki tədris ingilis dilində aparılır. Ancaq elə tələbəmiz olur ki, onların dil bilgisi yaxşı olduğuna görə onlar vaxt itirmədən birbaşa birinci kursa – ixtisas dərslərinə başlayırlar. Məsələn, bizim iki tələbəmiz qəbuldan elə birinci kursa keçdi, çünki ingilis dili səviyyələri çox yüksək idi. Onlara ODTÜ-nün peşəkar və təcrübəli müəllim heyəti dərs deyir. Bizim tədris Türkiyədəki universitetin proqramı ilə tamamiilə eynidir. Elə müəllimlərimiz var ki, Azərbaycanda yaşayır, eləsi də var ki, 15 gündən bir gəlib dərsini deyib yenidən Türkiyəyə qayıdır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda paralel dərs deyirlər. Bizim tələbələr Hacettepe Universitetinin diplomlarını alacaqlar. Buna görə də məsuliyyətimiz və fədakarlığımız daha çoxdur.

 – Bəli, müəllimlər üçün iki proqramı paralel tədris etmək asan deyil…

– Bizim müəllimlər sadəcə dərs keçmirlər, həm də onların hər birinin araşdırma laboratoriyaları var, orada elmi araşdırmalar aparırlar, doktorantlar çalışır. Bu qədər işin arasında onlar həm də 15 gündən bir Azərbaycana gəlib dərs verirlər. Müəllimlərimiz bunu çox böyük həvəslə edirlər. Müəllimlərimizin Azərbaycanda qalması üçün TAU-nu gələcəkdə araşdırma universitetinə çevirməyi düşünürük. TAU-dakı təhsil Azərbaycandakı tələbələr üçün bir nemətdir. Onlar Türkiyədəki tədrisi almaq üçün artıq oraya getmirlər, öz ölkələrində heç bir vəsait xərcləmədən bu təhsili alırlar.

Qeyd edək ki, 2024-cü ildə fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti “çətir universiteti” modelidir. Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Universitetin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında müstəqil tələbə seçmək hüququna malikdir və müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır. İki qardaş ölkənin ortak akademik platforması sayılan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda cəmi 174 tələbə təhsil alır. 2025/2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. Həm Türkiyə tərəf, həm də Azərbaycan tərəfdən təqdim olunan hər iki diplom beynəlxalq səviyyədə tanınmış diplomlar sayılacaq ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.

labaratoriya 1.jpg (132 KB)

Labarotoriya 2.jpg (91 KB)

labo 3.jpg (285 KB)

labo 9.jpg (2.70 MB)

Daha çox xəbərlər