Sərhəd üzrə komissiyanın yaradılması yubandı
Moskva yaxın dövrdə Bakıdan bunun qarşılığında nəsə istəyə bilər
Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdə mühüm qərarlardan biri də sərhədlərin müəyyənləşməsi üçün komissiyanın yaradılması oldu. Putinin açıqlamasından hətta belə məlum olmuşdu ki, ən yaxın günlərdə bu komissiya formalaşacaq.
Ancaq ilin sonunda məlum oldu ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Hesab edirik ki, bu, tezliklə baş tutacaq. Bu razılaşmanın ən yüksək səviyyədə reallaşdırılması yolunda hər hansı bir aşılmaz maneə görmürük”, – deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, may ayında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində vəziyyətin gərginləşməsindən etibarən vasitəçi qismində çıxış edərək iki ölkə arasında müvafiq danışıqlar prosesinin işə salınması məsələsində öz köməyini təqdim edib.
“Qeyd edim ki, insidentlər bilavasitə rusiyalı sülhməramlıların məsuliyyət zonasına aid deyil. Problem sovet dövründən qalıb və iki ölkə arasında dövlət sərhədinin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqəlidir”, – A.Rudenko deyib.
Məlumdur ki, sərhədlərin müəyyənləşməsi sülh prosesində mühüm addım hesab olunduğundan bu komissiyanın daha tez işə başlaması Azərbaycanın xeyrinə ola bilərdi. Delimitasiya və demarkasiya bir qədər də zaman aparan işdir. Rusiyanın təqdim etdiyi xəritə ilə başlanacaq danışıqlarda Moskva da iştirak edəcək. Amma belə görünür ki, Moskva bu işi vəd edilən kimi tezləşdirmək fikrində deyil. Anlaşılan odur ki, gələn ilə qalan bu formalaşma vaxt aparacaq və bu gedişlə 2022-də bu prosesin başa çatması bəlkə də baş tutmayacaq. Bu baxımdan Moskva ilə İrəvanın maraqları üst-üstə düşür.
Komissiyanın formalaşması niyə yubandı, Moskva və İrəvan sülh prosesini neçə il yubada bilər və sairə kimi suallarla ekspertlərə müraciət etdik.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov suallarımızı bu cür cavabladı: “Rusiyanın delimitasiya və demarkasiya ilə bağlı mövqeyində bu ləngimə Paşinyanın Rusiya ilə bağlı mövqeyində dəyişikliklərlə bağlıdır. Paşinyanın son bəyanatları onu göstərir ki, o, Türkiyə və Azərbaycanla normal münasibətlərə meyl göstərir. Hətta ”arsax”dan da imtina etmək istəyir. Bunu edəcəyini bir neçə ay öncə demişdim. Belə olan halda separatçılar “böyük vətən dayağını” itirir. Məhz ona görə Dağlıq Qarabağ Muxtar Vilayətinin problemli mirası olan separatçılar Paşinyana diş qıcayır. Azərbaycan da öz növbəsində Rusiyaya qarşı səliqəli ehtiyatını əldən verməyən tərəfdaş siyasətini yeridir. Azərbaycanda anlayırlar ki, ölkədə struktur baxımından Qərb tərzi islahatlar lazımdır. Amma sadəcə struktur, ideoloji baxımından Türkiyə ilə yaxınlıq lazımdır. Rusiya demarkasiya və delimitasiyanı tezləşdirər, Paşinyan da böyük sülhə gedərsə, Qarabağda sülhməramlıların qalmasına nə ehtiyac olacaqdır. Sülhməramlılar da olmasa prosesdə Rusiyanın təsir imkanları azalacaqdır. Cənubi Qafqazda daxili problemlər həllini tapa bilərsə, gürcü hakimiyyəti də Qərb təsirini deyil, xalqının maraqlarını prioritet edərsə, Heydər Əliyevin Qafqaz evi layihəsi belə reallaşa bilər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azərbaycan tərəfin vaxt itkisinə yol verdiyini söylədi: “Ermənistan ağır vəziyyətdən çıxmaq üçün yollar axtarır. Bunun üçün onun nə hərbi, nə də siyasi gücü yoxdur. Ona görə də yeganə ümidini vaxtın uzadılmasına bağlayır. Ümid edir ki, vaxt uzandıqca, ya Rusiya mövqeyini dəyişəcək, ya da Qərb regionda daha fəal olacaq.
Amma buna da o qədər ümidlər yoxdur. Çünki Kreml Türkiyə və Azərbaycan faktoru ilə barışıb. Amerika və digər Qərb ölkələri də regiona ciddi müdaxilə etmək fikrindən uzaqdırlar. Biz böyük nəticələr əldə etdik. Bunun fonunda hazırda müəyyənləşdirilməli əsas məsələ Xankəndi ilə bağlıdır. Günlər öncə Şuşada olduq. Oradan Xankəndinə baxış bucağı yaradılıb. Orada strateji yüksəklik Azərbaycan tərəfindədir. Bir hərəkətlilik başlasa, Xankəndi tamamilə boşalacaq. Bu məsələ həll olunmadan demarkasiya və delimitasiya mümkün deyil. Sərhədlər ondan sonra müəyyən ediləcək. Noyabrın 26-da keçirilən Soçi görüşündə Rusiya prezidenti ilin sonuna qədər komissiyanın yaradılması sözünü vermişdi və indi tamam fərqli mövqelər səslənməkdədir. Bu da vaxt itkisindən başqa bir şey deyil.

Siyasi analitik Asif Nərimanlının məsələyə yanaşması olduqca maraqlıdır: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası prosesinin uzun illər çəkəcəyini düşünürəm. Çünki bu, regional əməkdaşlıq prosesinin də uzanması, Rusiyanın vasitəçiliyinə qarşı əlavə tərəflərin meydana daxil olmasına şərait yaradır. Soçidə razılaşdırılan məsələnin uzanmasının ilk səbəbi kommunikasiya, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın istəkləri idi. Rəsmi İrəvan Brüssel görüşü ilə prosesdə alternativlər qazanmaq istəyirdi və buna Azərbaycan və Rusiya tərəfindən şərait yaradıldı.
Brüssel görüşündən öncə Putinin Şarl Mişelə telefon söhbəti və görüşdən çıxan nəticə də deməyə əsas verir ki, Paşinyanın ümid etdiyi Avropa masasında da regiondakı reallıqlar qəbul olunub. Söhbət sərhədin müəyyən edilməsi, ikitərəfli münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması, yəni postmünaqişə dövründən gedir. Brüsseldə Paşinyanın əldə etdiyi nəticə kommunikasiyanın açılması prosesində dəhliz məntiqinin arxa plana keçməsi oldu. Belə demək mümkünsə, artıq Ermənistanın postmünaqişə dövründə nəzərdə tutulan addımlara maneə yaratması üçün bəhanəsi qalmayıb. Bu baxımdan, sərhədin müəyyən edilməsi istiqamətində işlərin sürətlənəcəyini gözləmək olar. Rusiya prosesin dərhal yekunlaşmasından daha çox, onun vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın praktiki mərhələyə keçidində maraqlıdır.
Ən azından yaxın dövrdə ikitərəfli komissiyanın yaradılmasını istəyir. Çünki proses praktiki mərhələyə keçmədiyi müddətdə özünün vasitəçiliyinə davamlı risklər yaranır. Delimitasiya və demarkasiya məsələsi iki mərhələdə olmalıdır. Birincisi, delimitasiya – sərhədin xəritə üzərində razılaşdırılmasıdır. Bu, birbaşa Rusiyanın iştirakı ilə həyata keçiriləcək və yekunda delimitasiya müqaviləsinin imzalanması mümkündür. İkincisi, demarkasiya – xəritə üzərində razılaşdırılmış sərhədin yerdə müəyyən edilməsidir. Razılaşmaya görə, bunu yaradılacaq ikitərəfli komissiya Rusiyanın kənardan nəzarəti ilə icra etməlidir. Delimitasiya prosesində irəliləyişin olduğu ehtimalı var, çünki açıqlanmasa belə işin hansı xəritələr əsasında aparıldığı məlumdur və istisna deyil ki, Soçidə bununla bağlı razılaşma olub. Həmçinin Moskvanın artıq ikitərəfli komissiyanın yaradılmasından bəhs etməsi də bu ehtimalı gücləndirir. Rusiya çalışır ki, proses qısa müddətdə praktiki mərhələyə keçsin. Rusiya və ABŞ-NATO cəbhəsi arasındakı qarşıdurma fonunda Moskvanın Cənubi Qafqazdakı razılaşmaların icrasını sürətləndirəcəyini də görə bilərik və mümkündür ki, Moskva-Vaşinqton və Rusiya-NATO görüşlərindən sonra, yanvarın sonlarına doğru komissiyanın yaradılması ilə bağlı irəliləyiş olsun. Demarkasiya prosesi də hava şəraitinə uyğun olaraq, yaz aylarında başlaya bilər. Moskva sərhədin müəyyənləşməsi məsələsinin yekunlaşmasında maraqlı olmasa belə, regional şərtlər bunu diktə edir. Birincisi, zaman bu bölgədə Moskvanın əleyhinə işləyir. NATO-Rusiya qarşıdurmasının cəbhələrindən biri də Cənubi Qafqazdır və zaman keçdikcə Qərb Ermənistan üzərindən bölgəyə müdaxilə cəhdləri edə bilər. İkincisi, sərhədin delimitasiya və demarkasiyası prosesinin uzanması kommunikasiyanın açılmasını da çətinləşdirir. Rusiya bunu da istəmir. Üçüncüsü, sərhədin müəyyən edilməməsi, yəni Bakının istəyinin yerinə yetirilməməsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də çətinləşdirəcək.
Dördüncüsü, Türkiyə regional razılaşmaların icrasının sürətləndirilməsini Rusiyadan istəyə bilər, çünki Ankara da, Moskvada da anlayır ki, NATO ilə qarşıdurma bu iki ölkə arasında da problemlərə yol aça bilər. Fikrimcə, kommunikasiyanın icrası, o cümlədən regional əməkdaşlıq platformalarında irəliləyişin əldə edilməsinin başlanğıcı Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsidir. Prosesin uzanması tərəflərə sərfəli görünmür. Lakin Rusiya da anlayır ki, sərhədin həll edilməsindən sonra Bakının əli daha da güclənəcək. Bu baxımdan, Moskva yaxın dövrdə Bakıdan bunun qarşılığında nəsə istəyə bilər, misal üçün, Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusunda qoşulmaq və s. Buna paralel olaraq, Rusiyanın da Türk Dövlətləri Təşkilatında eyni statusda təmsil edilməsi gündəmə gələ bilər”.

