Bizi yollar Qarabağa və Şərqi Zəngəzura aparır…
Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə start verməsi dünyanı heyrətə gətirib. Həm də bu işləri dövlətimiz heç kimdən kömək istəmədən həyata keçirir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirdiyi kimi: “Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparıldı. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük” fikirləri dövlətimizin gücünün və qüdrətinin dünyaya təqdimatıdır.
Sözsüz ki, burada məqsəd keçmiş məcburi köçkünləri tezliklə öz dədə-baba yurdlarına qaytarmaqdır və bu vəzifənin yerinə yetirilməsi üçün işlər genişmiqyaslı olmaqla yanaşı, həm də çoxşaxəlidir. Beləliklə, biz ötən bir il ərzində işğaldan azad edilmiş ərazilərimizdə genişhəcmli bərpa-quruculuq işlərinin aparıldığını gördük. Belə ki, Ağdamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı istifadəyə verilib. Qərargah ən son “ağıllı” texnologiyalar əsasında tikilib. Ümumilikdə 1 hektar sahəni əhatə edən müvəqqəti qərargahın ərazisi “Camp” və “İnzibati ərazi” olaraq ikiyə ayrılıb və inşası əsasən yaşayış, iaşə, inzibati, sağlamlıq, “smart camp” idarəetmə sistemi, alternativ enerji sahələri kimi 6 komponent üzrə həyata keçirilib.
Həmin ərazilərin bərpasında, ilk növbədə, infrastruktur işlərinə, yol-nəqliyyat tədbirlərinə xüsusi önəm verilir. Bu isə Böyük Qayıdış”ı şərtləndirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanılıb. Həyata keçirilən layihələrindən biri Horadiz–Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır. Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq və bunun nəticəsində ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq.
Onu da qeyd edək ki, Horadiz–Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılaraq, fəaliyyətini dayandırmışdı. İyirmi yeddi ildir ki, qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə Horadizdən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək uzanan dəmir yolu xətti yenidən tikilir. Dəmir yolu xəttinin yenidən qurulması işlərinin bu ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Onu da qeyd edək ki, Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun asfaltlanması işlərinə start verilib. Başlanğıcını Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil edir. Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzanan 14 kilometrlik yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70,4 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Xudafərin–Qubadlı–Laçın avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Onu da qeyd edək ki, burada 2021-ci il ərzində 13 enerji obyekti tikilib və yenidən qurulub. Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışları olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. Azad olunmuş ərazilərdə 110/35/10 kilovoltluq 9 rəqəmsal yarımstansiya tikilib. Ötən il mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının dövlətimizin başçısının iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kilovoltluq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən, “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.
Göründüyü kimi, müharibədən sonra yəni, çox qısa vaxt ərzində sözügedən ərazilərdə neçə-neçə infrastruktur layihəsinin təməli qoyulub. Artıq onlardan bir qisminin icrası yekunlaşıb. Təkcə Füzuli Beynəlxaq Hava Limanının tez bir zamanda tikilib istifadəyə verilməsini regionun tez bir zamanda əsl cənətməkana çevriləcəyinin anonsu kimi qeyd etmək olar.

