Məişət zorakılığı ilə üzləşənlər 860 nömrəli qaynar xəttə müraciət edə bilərlər – Seymur Məmmədov
«Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.Son zamanlar Azərbaycanda qeydə alınan qətl hadisələrinin əksəriyyəti ailə-məişət zəmində baş verir. Baş verən zorakılıqların qurbanları arasında qadınlar üstünlük təşkil edir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.»

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov «İki sahil» qəzetinə açıqlamasında bildirib.
S.Məmmədov qeyd edib ki, ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar. 2010-cu ildə «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılmış, çoxsaylı maarifləndirici layihələr həyata keçirilmiş, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaratmışdır. Mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.
S.Məmmədov vurğulayıb ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda, müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir. Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardıqları çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır. Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir.
2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı»na əsasən, hazırda bu istiqamətdə təkliflər hazırlanır.
S.Məmmədov diqqətə çatdırıb ki, son illər ərzində Komitəyə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı müraciətlər daxil olub: « 2019-cu ildə 256, 2020-ci ildə 178, 2021-ci ildə isə 364 müraciət daxil olmuşdur. Bu faktlarla bağlı əməkdaşlarımız tərəfindən mütəmadi olaraq ailələrlə, məişət zorakılığı qurbanları ilə psixoloji iş aparılıb, fərdi hal qovluqları açılıb, ailələr haqqında məlumat toplanaraq nəzarətə götürülüb, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilib. Məişət zorakılığı hallarının azaldılması məqsədilə mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər, dəyirmi masalar, aksiyalar təşkil olunur. Artıq bir ildir ki,860 nömrəli qaynar xəttimiz mövcuddur. Məişət zorakılığına məruz qalan şəxslər ora müraciət edirlər.»

