Ermənistan sərhədlə bağlı komissiya yaradılmasına mane olur – işğalçını necə məcbur edək?
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə yanvarın əvvəlində Ermənistanla Azərbaycanın birgə komissiyası yaradılmalıydı. Rusiya bəyan etmişdi ki, məsləhətçi dəstəyi verməyə hazırdır.
Amma görünən odur ki, komissiyanın yaradılması ləngiyir. Komissiya nə zaman yaradılacaq?
Proses başlamayınca Ermənistanın sərhəddə təxribatları davam edəcək. Ötən həftə Kəlbəcər istiqamətində düşmənin törətdiyi təxribat buna bariz sübutdur. Ermənistan tərəfi komissiyanın yaradılmasında həvəsli görünmür. Bunun da səbəbləri məlumdur. Çünki delimitasiya və demarkasiya prosesi başa çatdıqdan, ya da bu proses başladıqdan sonra Ermənistanın bütün rıçaqları əlindən çıxacaq, cığallıq, təxribat etməsi mümkün olmayacaq. İrəvan indiyədək çox variantlara əl atdı ki, KTMT qüvvələrini Azərbaycanla sərhədə gətirib yerləşdirsin. Son aylar Azərbaycanla Kəlbəcər və Laçın istiqamətindəki toqquşmaları buna hesablanmışdı. Lakin buna nail ola bilmədi. Təxribatları nəticə vermədi. Burada Rusiyanın da neytrallığını və təmkinini qoruması gözardı edilə bilməz.
Azərbaycan Ermənistanı bu komissiyanın yaradılmasına necə məcbur edə bilər? Bu məsələnin uzanması bizə qətiyyən sərf etmir…

Hikmət Babaoğlu: “Onlar yeni reallıqla hələ də barışa bilmirlər, ancaq başa düşməlidirlər ki…”
YAP-çı deputat Hikmət Babaoğlu əslində zamanın Ermənistanın əleyhinə işlədiyini söylədi: “Postmüharibə mərhələsinin ikinci ilinə qədəm qoymağımıza baxmayaraq Ermənistanın Azərbaycanla sərhədlərdə delimitasiya və demarkasiya prosesinə başlamaq üçün real addımlar atmaması bu ölkənin yeni reallıqla hələ də barışa bilmədiyinin göstəricisidir. Eyni zamanda həm də öz tarixi məğlubiyyətini həzm edə bilməməsidir. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanı düşdüyü çətin vəziyyətə salan onun özünün işğalçılıq siyasəti olub və əgər belə davam edəcəksə, daha çətin vəziyyətlə üzləşə bilər. Məsələ ondadır ki, sərhədlərin delimitasiya və demarkasiyası nəticə etibarı ilə həm də iki ölkə arasında beynəlxalq hüquqla tanınan sərhədlərin qarşılıqlı şəkildə tanınması demək olacaq ki, bu da iki ölkə arasında artıq ərazi iddiasını siyasi gündəmdən çıxarmış olacaq. Belə olan halda isə sülh müqaviləsinin imzalanması şərtləri yaranacaq ki, bu da regional təhlükəsizlik üçün olduqca vacibdir. Ona görə də əgər Ermənistan bu gün sərhədləri delimitasiya və demarkasiya etmək istəmirsə, deməli, onun işğalçılıq planları, ya da qonşu ölkəyə qarşı hələ də ərazi iddiaları var. Bu isə regional təhlükəsizliyi təhdid edir və Ermənistanı gələcəkdə daha pis vəziyyətə sala bilər. Əgər hazırkı mərhələdə Ermənistan sülhə doğru konkret addımlar atmazsa, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımaqdan haqlı olaraq imtina edə bilər. Bunun üçün Azərbaycanın çoxsaylı və əsaslı səbəbləri var. Artıq beynəlxalq hüquq da, beynəlxalq ictimai rəy də bu barədə kifayət qədər məlumatlandırılıb. Yəni zaman Ermənistanın xeyrinə işləmir. Nə qədər ki, Azərbaycan sülhə gedən qapıları açıq saxlayır, Ermənistan bundan istifadə etməlidir. Əks təqdirdə, nələr ola biləcəyini 44 günlük müharibə təcrübəsindən Ermənistan çox yaxşı bilir. Region dövlətlərinin mövqeyinə gəldikdə isə bu sahədə Rusiyanın dəfələrlə delimitasiya-demarkasiya işlərinin başlanmasının vacibliyini vurğulaması təqdirəlayiqdir. Çünki hazırda Rusiya da Cənubi Qafqazda sülhün və sabitliyin olmasında və regional inteqrasiyanın baş tutmasında maraqlıdır. Ona görə də Ermənistan tələsməlidir”.

Əhəd Məmmədli: ““Dəmir yumruq”u yenidən işə salmalıyıq”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfin növbəti dəfə ortaya güc qoymasına ehtiyacın yarandığını bildirdi: “Ermənistan məsələni bilərəkdən uzadır və Rusiya da bu prosesdə ona dəstək verir. Özü də təkcə Rusiya deyil, həm də Fransa Ermənistana delimitasiya, demarkasiyanın uzadılmasında dəstək olur. Bu prosesin uzadılmaması üçün Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir. Bu məcburiyyət qısa, amma geniş hərbi əməliyyat yolu ilə də ola bilər. Yəni ”Dəmir yumruq”u yenidən işə salmalıyıq. Çünki başqa cür nə Ermənistan, nə də düşmən qonşularımızın havadarı Rusiya və Fransa başa düşmürlər. Azərbaycan- Türkiyə- Pakistan, Ermənistan-Rusiya-Fransa üçlüyü qarşısında gecikmədən bu il ərzində yenə güc ortaya qoymalıdır. Ancaq bu halda Ermənistan və havadarlarını sülhə məcbur etmək olar. Əks halda, bu məsələ uzadılıb ATƏT-in Minsk Qrupunun dirildilməsinə gətirib çıxardacaq. Zatən Ermənistan və havadarları Rusiya, Fransa və ABŞ da bunu istəyirlər. Qarabağ məsələsi yeganə beynəlxalq problemdir ki, burada Rusiya və Qərbin maraqları üst-üstə düşür. Və bu maraqlar Ermənistanın yanındadır. ATƏT-in həmsədrləri Qarabağ konfliktinin həllində maraqlı deyil, əksinə, daha 30 il dondurulmasında maraqlıdırlar. Çünki belə olan halda bölgəyə təsiretmə mexanizmlərini qoruyub saxlayacaqlar”.

