Siyasət 

20 Yanvarın sirləri – AXC-nin məsuliyyəti, Qorbaçova qarşı məhkəmə…

Yanvarın 20-də Azərbaycan xalqı o zamankı SSRİ rəhbərliyinin ölkəmizə qarşı hərbi cinayətinin növbəti ildönümünü qeyd edəcək. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. Amma faciədən 32 il sonra da hələ də bəzi suallara dəqiq cavab verilməyib. Məsələn, faciənin baş verməsində o zamankı xalq hərəkatının flaqmanı olan AXC-nin məsuliyyəti hələ də tam qiymətini almayıb. O cümlədən AXC-nin – qısa da olsa – hakimiyyəti dönəmində 20 Yanvar hadisələrinə siyasi qiymət verilməməsi bu mövzuda sualları artırdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildi. AXC-nin məsuliyyəti və hakimiyyətə gəldikdən sonra niyə bu məsələyə hüquqi qiymət vermədiklərinin səbəbləri haqda AXC üzvləri nə düşünür? Qeyd edək ki, bir neçə gün əvvəl Litvada 1991-ci il yanvarın 13-də baş vermiş faciəvi hadisələrin qurbanları yad edilib. Həmin hadisələr zamanı Vilnüsdə 14 nəfər həlak olub. Litva tərəfi dinc əhalinin ölümündə sovet hərbçilərini və SSRİ-nin siyasi rəhbərliyini günahlandırıb. 2016-cı ildə yanvar hadisələri ilə bağlı iş məhkəməyə verilib. Məhkəmənin bir neçə dəfə şahid qismində SSRİ-nin eks-prezidenti Qorbaçovu prosesə çağırmaq cəhdi uğursuz olub. 1991-ci ilin yanvar hadisələri zamanı Vilnüsdə həlak olanların qohumları o vaxt SSRİ prezidenti Mixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıb. Məhkəməyə müraciət edənlər Qorbaçovu yaxınlarının ölümünə görə məsuliyyət daşımasını istəyirlər. Azərbaycanda da Qorbaçova qarşı eyni iddia ilə məhkəmə təqibi başlaya bilərmi?

Oqtay Qasımov: “Türkiyə dəfələrlə ABŞ-a xəbərdalıq etdi, sonda özü hərəkətə  keçdi” -

Oqtay Qasımov: “Təəssüf ki, bu məsələdə Litva təcrübəsi var və orada da nəticə olmadı”

AXC sədri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 20 Yanvar hadisələri Qarbaçovun başçılığı ilə SSRİ rəhbərliyinin  birbaşa təşkilatçılığı ilə həyata keçirilib və buna görə məsuliyyət daşıyırlar: “Onların məqsədi qətliam törədərək Azərbaycanda başlanan milli azadlıq və müstəqillik uğrunda mübarizəni əngəlləyib, 1990-cı ilin yazında keçirilməsi planlaşdırılan Ali Sovetə seçkilər zamanı hərəkatın avanqard təşkilatı olan AXC-nin parlamentdə çoxluğu ələ keçirməsinin və qələbəsinin  qarşısını almaq idi. SSRİ rəhbərliyi yaxşı bilirdi ki, parlament seçkilərində AXC-nin qələbəsi ilə Baltik ölkələrindən sonra Azərbaycan da müstəqilliyə doğru  növbəti ciddi addım atacaq. Amma SSRİ rəhbərliyi ciddi şəkildə yanıldı. Azərbaycan xalqını qorxutmaq mümkün olmadı, əksinə, onun müstəqillik uğrunda mübarizəsi  daha əzmkar xarakter aldı və qısa müddət  sonra dövlət müstəqilliyimiz bərpa olundu”. O.Qasımov birmənalı şəkildə bildirdi ki, bu hadisələrdə məsuliyyət SSRİ rəhbərliyinin, Azərbaycan hakimiyyətinin üzərindədir: “AXC-nin məsuliyyətinə gəldikdə isə burada bütövlükdə təşkilatdan daha çox, onun bəzi üzvlərinin məsuliyyətindən danışmaq doğru olar. AXC hələ o zaman verdiyi bəyanatlarında, təşkilatın ali orqanı olan Məclisin qərarlarında  20 Yanvar hadisələrinə qiymət verib və özünün mənəvi məsuliyyətini qeyd edib. 1990-cı ilin 21 yanvarında keçirilən  Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında  20 Yanvar hadisələrinə siyasi qiymət verilib, SSRİ rəhbərliyinin cinayəti və bu cinayətdə iştirak edən rəhbər şəxslərin adları qeyd edilib. Bu sənəddə demək olar ki, əksər məsələlər əks olunduğundan və zamanına görə dolğun sənəd sayıldığından AXC hakimiyyəti dönəmində də  qüvvədə qalıb”.

Qorbaçovun məsuliyyəti və onun məhkəməyə verilməsi məsələsinə gəlincə, O.Qasımov bunları söylədi: “Təəssüf ki, bu məsələdə Litva təcrübəsi var və orada da nəticə olmadı. Bunun səbəblərindən biri 20 yanvar cinayətini törədən Qarbaçovun hələ zamanlar dünya liderlərinin haqq qazandırmasıdır. Qorbaçova qarşı məhkəmə başlatmaq olar. Amma nəticəsi təxminən Litvadakı kimi olacaq. Əlbəttə, Azərbaycan məhkəmələri onunla bağlı qərar verə bilər”.

fuad agayev - Benefisiar

Fuad Ağayev: “Qorbaçovun şahid qismindəmi, təqsirləndirilən şəxs qismindəmi çağırılması mümkündür, amma…”

Hüquqşünas Fuad Ağayev isə hesab edir ki, dəmiri isti-isti döyərlər: “20 Yanvar faciəsindən artıq 32 il ötür və bu müddət ərzində əlbəttə ki, Azərbaycan hüquq-mühafizə, prokurorluq orqanlarının müvafiq ittiham aktı hazırlayıb, məhkəməyə çıxarmaq borcu idi. Lakin bunlar edilməyib. Edilibsə də ancaq istintaq səviyyəsində edilib və bununla bağlı məhkəməyə  heç bir ittiham aktı təqdim olunmayıb. Litvada gec də olsa, bunu ediblər. Əlbəttə, üstündən bu qədər müddət keçdikdən sonra Qorbaçovun şahid qismindəmi, təqsirləndirilən şəxs qismindəmi çağırılması mümkündür. Amma onun gəlməsi görünməmiş bir hadisə olardı. Sadəcə, həmin hadisələrdən dərhal sonra olmasa belə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Bakıda və Azərbaycanın bəzi rayonlarında baş vermiş, mərkəz tərəfindən, ilk növbədə Moskva, Kreml hakimiyyəti tərəfindən törədilmiş ağır beynəlxalq cinayətin araşdırılması ilə bağlı Azərbaycan tərəfindən Beynəlxalq Tribunalın yaradılması üçün təşəbbüslər olmalı idi”. F.Ağayev qeyd etdi ki, bəlkə də belə təşəbbüslər olub: “Amma mən o barədə eşitməmişəm. Hələ 32 il bundan qabaq mən bununla bağlı fikirlərimi bölüşmüşdüm, ondan sonra da bölüşmüşəm. Belə bir tribunalın yaradılması üçün cəhdlər göstərilməli idi. Həmin cəhdlər nə dərəcədə nəticə verər, ya verməzdi, bu, ayrı söhbətdir. Mən indi də o fikirdəyəm. Yəni iş iki tərəfdən görülməli idi və görülməlidir. Birincisi, Azərbaycan istintaq orqanları, ikincisi, beynəlxalq səviyyədə, yəni bizim xarici siyasət idarəmiz, XİN tərəfindən bu sahədə əməkdaşlıq üçün müvafiq danışıqlar aparmalıdır. Bakıdakı Yanvra hadisələri ilə əlaqədar Gürcüstanın, yaxud digər ölkələrin müvafiq qurumları ilə Beynəlxalq Tribunalın yaradılması ilə bağlı danışıqlar aparmaq olar. BMT xətti ilə belə bir tribunalın yaradılması qeyri-mümkündür. Aydın məsələdir ki, Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edəcək”.

Daha çox xəbərlər