Siyasət 

Parisi “partladan” erməni kini və sevgisi-Azərbaycandan sərt təpkilər

Prezident seçkilərindəki namizədlərdən birinin Qarabağa qanunsuz səfərinə Azərbaycan dövlətinin kəskin reaksiyasına Parisdən gələn absurd etirazlar heyrət doğurur. Dünyaya ədalət dərsi keçməyə çağıran bir ölkənin xarici siyasət idarəsi Azərbaycan ərazisində qanunsuz daxil olub, terrorçu təşkilat nümayəndələri ilə görüşən vətəndaşını müdafiə üçün hər cür əclaflığa əl atmağa hazırdır.

Heç şübhəsiz ki, bütün bunlar vəziyyəti dəyişməyəcək, Azərbaycan dövləti qətiyyətilə torpaqlarını azad etdiyi kimi, bu cür absurd mövqelərin də cavabını verəcək, necə ki, rəsmi Bakı operativ şəkildə Fransa XİN rəhbəri Jan İv Lö Drianın beynəlxalq hüquqa zidd açıqlamasını cavablandırdı, bütün bunlarla bağlı bir az sonra…

Fransada keçiriləcək prezident seçkilərində “erməni və Qarabağ” faktorunun bu qədər “önə çıxması”nın səbəbləri əlbəttə ki, 44 günlük müharibədə uduzmuş Ermənistanla bağlıdır. Amma təkcə Ermənistan da deyil, katalikosun dediyi kimi, uduzan həm də erməni lobbisidir. Erməni lobbisinin əsas dayaqlarından biri Fransadadır və onlar indi bu ağrını çəkirlər. Bu ağrını çəkənlər sırasına isə indi Fransa prezidentliyi iddiasında olanlar da qoşulub. Fransız namizədlər “erməni kartı”nı işə salaraq bu elektoratın dəstəyini qazanmağa çalışırlar. Əvvəl “Fransız Tramp” adlandırdıqları, qatı millətçi baxışları ilə tanınan yazıçı Erik Zemmur  Ermənistana səfər etdi. Ağrı dağının fonunda erməni xalqına müraciət edən E.Zemmur onları “əsrlər boyu müqavimət nümunəsi” adlandırdı. Sonra başqa bir namizəd Valeri Pekres Xankəndinə qanunsuz səfər etdi ki, bu da Bakının ciddi narazılığına səbəb oldu. Valeri Pekres ayıbına kor olmaq əvəzinə Azərbaycanla bağlı şikayət edəcəyinə dair həyası bəyanat yaydı. O, Azərbaycan Prezidentinin “Biz Valeri Pekresin qanunsuz yollarla Qarabağda olmasını bilsəydik, geri qayıdan zaman onu saxlayardıq” sözlərini özünə qarşı “təhdid” adlandırıb və Fransa hökumətinin bu “təhdidə” susqun qalmamalı olduğunu bəyan edib.

Pekresin bu bəyanatının ardınca təmsil etdiyi Respublikaçılar Partiyasının Fransa Senatında, Fransa Milli Assambleyasında, o cümlədən də Avropa Parlamentindəki deputatları və digər şəxslər olmaqla ümumilikdə 242 nəfərin imzasıyla Fransa Prezidenti Makrona müraciət ünvanlanıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan rəsmi sərhədlərini pozaraq qanunsuz yollarla ərazilərimizə səfər etmiş Pekres və eləcə də Fransa Senatının, Milli Assambleyasının və Avropa Parlamentinin onun kimi separatizmə dəstək ifadə etməklə müraciətə imza atan nümayəndələri Qarabağı “Azərbaycan aid olmayan ərazilər“ adlandırmaqla yanaşı, “erməni xalqına qarşı təcavüz və təxribatlar törədən” Azərbaycanın rəsmi şəkildə üzr istəməsi üçün müvafiq addımların atılması ilə bağlı absurd çağırış ediblər. Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian isə diplomata yaraşmayan tərzdə açıqlama verib ki, bu da faktiki prezidentliyə daha bir namizəd-hazırkı prezident Makronun mövqeyinin müdafiəsi kimi izah edilə bilər. Görünən odur ki, yaxın aylarda Paris-Bakı münasibətlərində gərginlik azalmayacaq və apreldəki prezident seçkilərindək “erməni kini və sevgisi” ilə “silahlanmış” bir Fransa ilə üz-üzə qalmalı olacaq. Bakı Parislə münasibətlərdə hansı xətti yeritməlidir, bunlara bəyanat təsir etmir, bəlkə diplomatik korpusda müəyyən sanksiyalar işə yarıyar. Zatən, Fransa ermənipərəst mövqeyindən əl çəkəsi deyil. Bu situasiyanı necə şərh etmək olar? Parislə necə danışmalı? Fransa niyə əl götürmür erməni quldurlarını müdafiə mövqeyindən?

Deputat Ceyhun Məmmədov hesab edir ki, əslində burada birbaşa məsuliyyəti məhz Fransa tərəfi daşıyır: “Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazisini pozaraq Qarabağa səfər etdiyinə görə məsuliyyəti məhz xanım Valeri Pekres daşıyır. Əslində bu ittihamlara və Qanun pozuntusuna görə həmin xanım məsuliyyətə cəlb edilməlidir. Azərbaycanın tam haqqı var ki, onu məhkəməyə versin”. Deputat fransızların anlamalı olduğu məqamı da xatırlatdı: “O insanlar anlamalıdır ki, bu cəhdlər heç bir fayda verməyəcək, Azərbaycan artıq özü BMT-nin qətnamələrini icra edib”.

Fransa ilə münasibətlərə gəldikdə isə, C.Məmmədov hesab edir ki, diplomatik müstəvidə danışıq və müzakirələr davam etməlidir: “Biz də Fransadakı dostlarımızla, deputat həmkarlarımızla əlaqələrimizi daha da gücləndirməliyik, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam etdirilməlidir. Eyni zamanda Fransa ilə iqtisadi əlaqələr ciddi təhlil olunmalı gələcəkdə bu əlaqələrə yenidən baxmaq imkanları ciddi nəzərdən keçirilməlidir. Ancaq hesab edirəm daha çox diplomatik müstəvidə mübarizəmizin güclənməsinə önəm verməliyik. Onu da nəzərə almalıyıq ki, belə hallarla zaman-zaman üzləşəcəyik və bu kimi məsələlərə hər an hazır olmalıyıq. Biz onsuz da qələbəmizi təmin etmişik, dünyanın əksər ölkələri bizim haqq işimizi tam dəstəkləyir”.

QAT sədri Akif Nağı  Musavat.com-a bildirdi ki, Fransa “erməni məsələsi”ndə milli maraqlarından deyil, ənənəvi psixoz vəziyyətindən çıxış edir: “Etnik ermənilər bu ölkədə yüz illərdi yaşayırlar, yerli həyatın bütün sahələrinə, o cümlədən siyasi mühitə müdaxilə ediblər. Bu illər ərzində ermənilərin apardığı yalançı təbliğat nəticəsində fransızlarda belə bir təsəvvür yaranıb ki, Qafqazda erməniləri sıxışdırırlar, onlara kömək etmək lazımdır. Ona görə də fransız siyasətçilər bu ictimai rəyin təsirindən çıxa bilmirlər. Çox vaxt deyirlər ki, Fransa siyasiləri seçkilərdə ermənilərin səslərini qazanmaq məqsədilə bu cür addımlar atırlar”.

A.Nağı bildirdi ki, əslində orada ermənilərin o qədər də səsi yoxdur: “Siyasilər daha çox dünyadakı erməni varlılarının pulunu almağa cəhd edirlər. Özlərini “demokrat” adlandıran bu siyasətçilər erməni pul kisəsindən nəsə qopartmaq üçün vicdansızlıq, şərəfsizlik edir, yalan danışmaqdan da çəkinmirlər. Bu şərəfini itirmiş prezidentliyə namizədlər, deputatlar, məmurlar sanki Azərbaycana qara yaxmaq yarışına girişiblər. Bu vəziyyətdə “nə etməli?” sualına Azərbaycan hakimiyyəti Fransa ilə münasibətləri yaxşılaşdırmağa, orada müəyyən xeyriyyə tədbirləri keçirməyə, siyasi-ictimai elita içərisində dostlar qazanmağa, həqiqəti çatdırmaqla obyektiv ictimai rəy formalaşdırmağa çalışır. Bu da yollardan biridir, amma görünür istədiyimiz effekti vermir”.

A.Nağı digər sərt tədbirləri də xatırlatdı: “Bu yolu da davam etdirməklə digər vasitələrə də əl atmalıyıq. Məsələn, Fransa səfirliyi daim Azərbaycanın rəsmi və qeyri-rəsmi təzyiqi altında olmalıdır. Fransa hökuməti və cəmiyyəti bizə qarşı təxribatçı hərəkətlərdən yorulmadıqca, biz onların ölkəmizdəki səfirini yorulmadan, dayanmadan XİN-nə çağırmalı, hər dəfə danlamalı, eyni zamanda davamlı ictimai təzyiqi təşkil etməliyik. Bu məsələlərdə ictimai təşkilatlar fəal olmalıdırlar. Hesab edirəm ki, Fransa mallarının boykot edilməsi, bu malların alınaraq publik şəkildə toplun halında yandırılması, həmçinin kütləvi şəkildə Fransa bayraqlarının yandırılması, bunların sosial şəbəkələrdə yerləşdirilməsi təsirli tədbirlərdən olardı. Fransızlar xoşluqla başa düşmürlərsə, başqa cür başa salmalıyıq”.

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Fransanın erməni sevgisinin görünən və görünməyən səbəbləri var: ““Erməni kartı” həmişə Fransa üçün vacib “silah olub”. Biz nə desək də, erməni əsilli Fransa vətəndaşları Fransanın ictimai-siyasi həyatında uzun illərdir kök atıb. Onların bir çoxu Fransa vətəndaşlığı qəbul ediblər, təkcə Marsel və Parisdə deyil, Fransanın başqa bölgələrində də kompakt formada siyasi çirkaba bulaşmış ermənilər var. Bundan əlavə Amerika ilə savayı Qərbdəki erməni diasporasının ən çox maliyyə ayırdığı ölkələrdən biri Fransadır. Erməni provokasiya maşının çarxları Fransanın ədalət və obyektivlik adına olan bütün simasını sıradan çıxarıb”.

T.İsmayılov qeyd etdi ki, Fransadakı partiyalar ermənilərin seçkidəki səsləri üçün beynəlxalq hüququ heçə sayır: “Bundan başqa, Fransa qanunvericiliyində separatçılıq və terrora dəstəklə bağlı sərt müddəalar olsa da, Xankəndidəki separatçılarla əlaqələr quran siyasi “kamikadzelər”lə bağlı bu günə kimi sərt bir addım atılmır. Fransa öz qərarlarını və qanunlarını da istəyəndə tapdalaya bilir. Eyni zamanda erməni quldurlarının müdafiəsində Fransanın daha az diqqət edilən məqamlarından biri anti-Türkiyə siyasətidir. Türkiyənin siyasi çəkisinin artması, onun dünyanın ən qaynar nöqtələrində proseslərə ədalətli yanaşması və eyni zamanda hərbi və müdafiə sənayesi sahəsində Türkiyənin dünyada aparıcı mövqeyə yüksəlməsi Fransanı qorxudur. Fransa qlobal söz sahibi olan Türkiyə istəmir və buna görə də erməni faktorundan siyasi təzyiq aləti kimi istifadə etməyə çalışır. Fransanın Azərbaycan və Türkiyə ilə körpüləri yandırmağı sonda Fransanın öz iqtisadi və siyasi gələcəyi üçün neqativ nəticələrə səbəb olacaq”.

Fransanın erməni işğalı, terroru və separatizminin yanında yer alması yeni məsələ deyil. Türkiyə və Azərbaycana qarşı ən absurd iddialar və addımlar ilk öncə Ermənistanın “böyük bacısı”ndan gəlib, bu səbəbdən vaxtaşırı Ankara və Bakıdan qarşılıqlı təpkilər olub. 2020-ci ilin Vətən Müharibəsində Makronun erməni işğalını müdafiə etməsi və “Azərbaycanın Dağlıq Qarabağı işğal etməsinə imkan verməyəcəyik” kimi absurd iddiasını da unutmadıq. Amma sonda nə baş verdi, Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi qarşısında geri çəkilməli oldu. Bu dəfə də uduzan qarşı tərəf olacaq!

 

Daha çox xəbərlər